Ağdam Qarabağın iqtisadi-sənaye mərkəzi olacaq

 

Bir il öncə azad olunan rayon indi genişmiqyaslı quruculuq dövrünü yaşayır

 

Şuşa işğaldan azad edildikdən sonra növbəti istiqamət Ağdam idi. Plana görə, Azərbaycan hərbçiləri arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcək və Ağdamı işğaldan azad edəcək idi.

Əgər Azərbaycan əvvəl bu istiqamətdən hücuma keçsəydi, çox şəhid verəcəkdik. Çünki ermənilər Ağdamda güclü istehkam qurduğu, həmin əraziləri çox minaladıqları üçün buradan hücum etmək böyük səhv olardı.

 

Ermənilərin manevr imkanlarını məhdudlaşdıran plan

 

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi bitdikdən sonra əməliyyat planının bəzi detallarını açıqlayaraq bildirmişdi ki, erməni ordusunun əhəmiyyətli hissəsinin orada olması üçün Azərbaycan bu istiqamətdə də kifayət qədər böyük hərbi qüvvə saxlamışdır. Azərbaycan bununla ermənilərin manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırmışdı.

Ağdamın işğaldan azad edilməsi üçün bu planın icrasına ehtiyac qalmadı. Çünki Vətən müharibəsini qələbə ilə bitirən Azərbaycanın Ermənistana kapitulyasiya aktı imzalatması nəticəsində Ağdam Azərbaycana qeyd-şərtsiz geri qaytarıldı. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri arasında imzalanmış üçtərəfli Bəyanata görə, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu ölkəmizə geri qaytarılmalı idi və qaytarıldı da.

Ağdam rayonunun bir güllə atılmadan işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş ərazilər arasında əhalisinin sayına görə ən böyük rayon olan Ağdamın döyüşlə işğaldan azad edilməsi müharibənin müddətini uzatmaqla yanaşı, Azərbaycanın hərbi, iqtisadi sahələrdə bir çox itkilərə məruz qalmasına, daha çox şəhid verməsinə səbəb ola bilərdi. Düşməni qarşısında diz çökdürən Azərbaycan isə Ağdamı bir şəhid vermədən belə azad edə bildi.

 

“Biz düşməni Ağdam istiqamətində aldada bildik”

 

Hərbi ekspert Şair Ramaldanov deyir ki, üçtərəfli Bəyanat əsasında Ağdamın döyüşsüz işğaldan azad edilməsinin əhəmiyyəti həddindən artıq böyükdür. Ağdamın böyük yaşayış məntəqəsi olması, ermənilərin orada müdafiələrini güclü qurması bu rayonun döyüşlə alınması zamanı itkilərimizin də çox olacağına gətirib çıxaracaqdı: “Ali Baş Komandan düşmənin Ağdamın müdafiəsini daha yaxşı təşkil etdiyini və orada güclü mühəndis-istehkam sistemi qurduğunu bilirdi. Məhz buna görə də ordumuz o istiqamətdən hücum etmədi və Ali Baş Komandan orada düşmənin qüvvəsinin uzun müddət gərgin vəziyyətdə saxlanılmasına nail oldu. Düşmən Ağdamdan qüvvələrini çıxarıb başqa istiqamətə göndərmirdi, daim o istiqamətdən bizim hücumumuzu gözləyirdi. Azərbaycan Ağdam istiqaməti üzrə qüvvə saxlamışdı və orada da aktiv döyüşlər gedirdi. Sadəcə olaraq, Ordumuz orada irəliləmirdi. Ali Baş Komandanın qərarları ilə biz düşməni o istiqamətdə aldada bildik. Cənub, yəni düşmənin hücumun olmasını ən az ehtimal etdiyi istiqamətdə biz uğurlarımıza davam etdik. Ali Baş Komandanın cənub istiqamətdən hücumları davam etdirməsi düşmən üçün gözlənilməz olub”.

Ş.Ramaldanov bu fikirdədir ki, Azərbaycan düşmənin mövqeyini düzgün qiymətləndirdi və bundan çox düzgün, məharətlə istifadə etdi. Planın məharətlə icra edilməsində sərkərdənin xüsusi bacarığı mühüm rol oynayıb: “Bu müharibənin ümumi planına baxılarsa, Ağdam istiqaməti Şuşa, Xankəndiyə gedən yol baxımından daha əlverişli sayılırdı, çünki oradakı məsafə daha qısa idi. Düşmən də belə düşünürdü və əsas gücünü məhz Ağdam istiqaməti üzrə toplamışdı. Ancaq Azərbaycan düşmənin məhz belə düşündüyünü nəzərə alaraq, bütün vəziyyəti düzgün qiymətləndirdi və onları şahmat oyunundakı kimi mat vəziyyətinə gətirib çıxardı”.

 

Müharibədəki itkilərimiz ən azı 10 dəfə çox ola bilərdi

 

Ş.Ramaldanov hesab edir ki, Azərbaycan müharibədən heç bir hesablamaya sığmayan minimum itkilərlə çıxdı. Ağdam, Kəlbəcər və Laçının hərbi əməliyyatlar yolu ilə azad edilməsinə nail olsaydıq, Vətən müharibəsindəki itkilərimizin ən azı 10 dəfə çox olacağı gözlənilirdi. Ağdamın hərbi cəhətdən çox güclü müdafiə edilməsi səbəbindən itkilərin çoxu bu istiqamətdə olacaqdı. Ağdam istiqamətində düşmənin daim “narahat edilməsi” və Azərbaycanın düşməndə bu istiqamət üzrə hücum əməliyyatının ola bilməsi fikrini yaratması onlara qüvvələrinin buradan ayrılıb başqa mövqeyə göndərilməsinə imkan vermədi. Bu isə taktiki cəhətdən çox düşünülmüş addım idi: “Ona görə də bizim döyüşlər zamanı aparılan taktiki gedişlər böyük dövlətlərin ali hərbi məktəblərində və akademiyalarında bir nümunə kimi öyrədilir. Müharibənin bitməsindən bir il keçməsinə baxmayaraq, hələ də bu taktikanın öyrənilməsi üçün müraciətlər davam edir. Zabitlərimiz xarici ölkələrə dəvət edilir və onlardan bu təcrübəni bölüşmək xahiş edilir. Bu taktika gələcəkdə dünyanın hərb tarixində də özünəməxsus yer tutacaq”.

Prezident İlham Əliyevin müharibədəki itkilərə çox həssaslıqla yanaşdığını nəzərə çatdıran Ş.Ramaldanov qeyd edir ki, Ali Baş Komandan həm müharibədən əvvəl erməni təxribatlarının qarşısının alınmasına, həm də Vətən müharibəsi zamanı hər bir insan itkisinə çox ciddi yanaşıb: “İtkilərin minimum olması üçün döyüş istiqamətlərinin müəyyən edilməsi, hücum planlarının hazırlanması zamanı düzgün qərarların verilməsi olduqca prioritet məsələ idi. İnsan itkisinin minimum olması üçün tapşırığın aliliyi saxlanılmaqla, əlavə tədbirlər də görülürdü. Digər tərəfdən, minimum itkilər Azərbaycan hərbçilərinin professionallığı, müasir döyüş texnikası ilə təchizat, hərtərəfli təminat nəticəsində mümkün oldu”.

 

Elə bir Ağdam quracağıq ki, dünya üçün örnək olacaq

 

Azərbaycanın ən böyük yaşayış məntəqələrindən olan Ağdam uzunsürən döyüşlərdən sonra - 1993-cü il iyulun 23-də Ermənistan ordusu tərəfindən işğal edilib. Ən böyük yaşayış məntəqələrindən olan Ağdamın 73 faizi 27 il düşmənin nəzarəti altında olub. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir.

Azərbaycan hələ işğal dövründə Ağdam rayonunun inkişafı ilə bağlı çox ciddi addımlar atıb. Vətən müharibəsindən əvvəl Azərbaycan nəzarəti altında olan ərazilərdə böyük quruculuq, abadlıq işləri aparıb. Ötən müddətdə Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilib. Rayonda 18 məcburi köçkün şəhərciyi salınıb və buraya 93 min insan yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır. Lakin çox tezliklə rayonun bütün sakinləri öz doğma-yurd yuvalarına qayıdacaqlar.

“Biz elə bir şəhər quracağıq, elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”, - deyən Prezident İlham Əliyev ağdamlıların bundan sonra bu ərazidə əbədi yaşayacağını da bəyan edib.

Ermənilərin tamamilə viran qoyduqları, bir salamat bina belə saxlamadıqları Ağdamın yenidən qurulması üçün artıq işlərə başlanılıb. Azad edilmiş ərazilər üzrə ilk baş plan Ağdam rayonuna aid olub.

Ağdamın gələcək ərazisi indikindən iki dəfə böyük olacaq. Yeni Ağdam 100 min nəfər sakin üçün planlaşdırılır.

 

Ağdamın şöhrəti özünə qayıdacaq

 

Xalq artisti Mənsum İbrahimov 19 yaşınadək yaşadığı Ağdamın işğaldan əvvəlki şöhrətinin özünə qaytarılacağına, yenidən mədəniyyət mərkəzinə çevriləcəyinə inanır.

Ağdamın işğalının onun sənətinə də təsirsiz ötüşmədiyini deyən M.İbrahimov hesab edir ki, rayonun işğalı gənc muğam ifaçılarının sayının azalmasına səbəb oldu: “Vaxtilə bizim muğamımıza gələn “səs”lərin çoxu Ağdamdan idi. Ancaq son illərdə bu “səs”lərin sayı azalmışdı. Muğam müsabiqələrində bizə demək olar ki, “səs” gəlmirdi. Buna görə də biz çox əziyyət çəkirdik. Şükür ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə o torpaqları azad etdik. Cənab Prezidentin apardığı siyasət nəticəsində bir şəhid belə vermədən Ağdam torpağı işğaldan azad edildi. Mayın 28-də Qarabağımızın döyünən ürəyi olan Ağdamın tarixi təməlqoyma mərasiminə şahidlik etmək mənim üçün böyük bir qürurdur”.

Ağdamın çox möhtəşəm layihəsinin olduğunu deyən M.İbrahimovun fikrincə, doğma şəhəri dünyada analoqu olmayan şəhər kimi qurulacaq. Bu şəhər həm qədimliyi, həm də müasirliyi özündə saxlayacaq: “Eyni zamanda orada Qarabağ Universiteti yaradılacaq. Bura həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək. Ağdam hər zaman sənət, mədəniyyət baxımından bir mərkəz olub. Ağdamın yuxarı hissəsi həmişə turizm bölgəsi olub. Hesab edirəm ki, Ağdam dünyanın hər yanından ziyarət olunacaq gözəl bir yer olacaq. Prezident İlham Əliyevin sayəsində burada yenidən böyük muğam festivalları, beynəlxalq tədbirlər keçirəcəyik”.

Ağdamda Milli Konservatoriyanın filialının açılmasını arzulayan xalq artisti orada musiqi, xüsusilə muğamla bağlı bir çox layihələrin həyata keçirilməsinin vacibliyini və bu layihələrdə iştirak etməyə hazır olduğunu deyir.

 

İlham Əliyev Ağdamı inkişaf və quruculuğun yeni rəmzinə çevirib

 

Ağdam ziyalısı, rayonun 38 saylı orta məktəbinin direktoru Məsud Həmzəyev isə deyir ki, şanlı Zəfərin, o cümlədən Qarabağin giriş qapısı adlandırılan Ağdamın işğaldan azad olunmasının bir ilinin tamamı böyük fəxarət, qürur hissi ilə qeyd edilir. Çünki bir il öncə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin əsl sərkərdə qətiyyəti, liderlik qabiliyyəti, xalqın mütəşəkkilliyi və insanların dövlət başçısına olan inamı, sevgisi nəticəsində 30 illik yurd həsrətimizə son qoyuldu.

Məsud Həmzəyev qeyd edir ki, Müzəffər Sərkərdəmiz və onun qüdrətli ordusu düşmən tapdağında olan torpaqlarımızı azad edərək Azərbaycan xalqının arzusunu, xəyalını gerçəkləşdirdi: “İndi doğma ocaqlarımıza gedən yollarımız bütün genişliyi ilə üzümüzə açılıb. Artıq yavaş-yavaş hazırlaşıb doğma torpaqlarımıza dönmək ovqatındayıq. Həsrətə, intizara son qoyulur, ata-baba yurdumuzun isti qoynuna qayıdırıq. Şükürlər olsun ki, bu günü görmək, bu anın sevincini yaşamaq bizə nəsib oldu. Yurd yerlərimizin nisgilini çəkə-çəkə, qürbətindən yanıb qovrula-qovrula gəlib bu xoş günə çatdıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli Ordusu sürətli əks-həmlələri ilə qısa müddət ərzində qaçqınların torpaq nisgilinə son qoydu. Üzlərə, gözlərə qucaq-qucaq sevinc ələdi, könüllərdəki sıxıntını, qubarı şanlı Zəfərləri ilə təmizlədi. Ağdamın işğal altında olan bütün əraziləri isə bir güllə atılmadan azad edildi. Vətən müharibəsindəki Zəfərimiz Ali Baş Komandanımızın əsl Sərkərdə qətiyyətinin, Ağdamın azad olunması isə Prezidentimizin diplomatik məharətinin təntənəsi oldu”.

M.Həmzəyev işğaldan azad edildikdən sonra Ağdama səfər edən ziyalılardan biridir. Amma uzun illərdir xəyalında yaşatdığı əzəmətli Ağdamın əvəzinə yerləyeksan edilmiş, viran qalmış bir şəhəri görmək ona çox ağır təsir bağışlayıb: “Dəhşətli mənzərə ilə qarşılaşdım. O gözəllikdə şəhərdən əsər-əlamət qalmamışdı. Ağdamın görüntülərini televiziyadan, internetdən çox seyr etmişdim. Ancaq uşaqlığımın keçdiyi bir şəhəri viran vəziyyətdə görmək mənə çox ağır təsir etdi. İbrahimxəlil xanın türbəsi, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi dağıdılıb, Pənahəli xanın imarəti təhqir edilib. Bütün bunlar ermənilər tərəfindən törədilmiş vandalizmin göstəricisidir. Bununla belə, içimdə qürur hissi də var. Axı bütün hallarda Ağdam artıq bizdədir və bu, yuxu deyil, reallıqdır. Bizə bu sevinci, qüruru yaşadan, Ağdamı bizə qaytaran Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə minnətdarıq. Məhz cənab İlham Əliyevin xilaskarlıq missiyası ağdamlılarda əbədi ehtiram və sədaqəti daha da gücləndirib”.

M.Həmzəyev bir Ağdam ziyalısı olaraq, hesab edir ki, tezliklə bütün Qarabağda erməni rəzilliyindən, barbarlığından əsər-əlamət qalmayacaq. Çünki cənab İlham Əliyev Müzəffər Sərkərdə kimi 44 günə düşməni ildırım sürəti ilə necə məğlub edibsə, o cür yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinə başlayıb. İndi az qala bütün dünya Qarabağda bərpa-quruculuq işlərinin birinci mərhələsinin necə geniş vüsət almasına şahidlik edir: “Prezident İlham Əliyev ilk olaraq Ağdam şəhərinin baş planını təsdiq etdi və yeni qurulacaq müasir şəhərin təməl daşını qoyaraq Ağdamı inkişaf və quruculuğun yeni rəmzinə çevirdi. Yeni qurulan Ağdamda müasirliklə tarixiliyin vəhdəti öz əksini tapacaq. Özü də daha möhtəşəm, daha əzəmətli”.

Onun sözlərinə görə, Prezidentin verdiyi tapşırıqlar elə icra edilməlidir ki, bütün proseslər vaxtında və uğurla reallığa çevrilsin. Vətən müharibəsində “dəmir yumruq” ətrafında birləşib qələbə qazandığımız kimi, bundan sonra da bir olub, azad edilmiş ərazilərimizin yenidən qurulması, çiçəklənməsi üçün dövlətə, Prezidentə dəstək olmalıyıq.

M.Həmzəyevin fikrincə, bu prosesdə Ağdam ziyalılarının üzərinə böyük məsuliyyət düşür. Ziyalılarımız, xüsusən müəllimlər Ağdamın təhsilini, mədəniyyətini, tarixini, adət-ənənəsini, iqtisadiyyatını, kənd təsərrüfatını, bir sözlə, əvvəlki şöhrətini özünə qaytaracaq gənc nəsil yetişdirmək üçün çalışmalıdırlar: “Bu gün məcburi köçkün sayılmayan, torpağı azad olan ağdamlıların yeni nəsil gəncliyi vətənpərvər ruhda formalaşaraq yenilikçi ideyaları ilə həm də rayonun təhsil ənənələrinin əvvəlki şöhrətini qaytarmaq üçün əllərindən gələni əsirgəməməlidirlər. Bugünkü şagirdlər artıq keçmiş məcburi köçkünlərin övladları, Vətən müharibəsindəki şanlı Zəfər dövrünün uşaqlarıdırlar. Biz ziyalılar da çalışmalıyıq ki, keçmişi unutmadan tariximizi olduğu kimi onlara aşılayaq və gələcək nəsillər bizim yaşadıqlarımızı bir daha yaşamasınlar”.

Ağdam ziyalısı əmindir ki, Ermənistanın 30 ildə məhv etdiyi Qarabağı əsl sahibləri qısa müddətdə yenidən dirçəldəcəklər. Şəhərlərimiz, kəndlərimiz bərpa ediləcək və Qarabağa yenidən işgüzar həyat qayıdacaq. 2-3 il müddətində yeni, müasir Ağdam şəhəri qurulub doğma sakinlərinə təhvil veriləcək.

 

Ağdam yenidən xoşbəxt şəhər olacaq

 

Hüquq üzrə elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov uzun illər bir ovuc torpağına həsrət qalan ağdamlıların indi bütün Ağdama sahib olduğunu söyləyir: “Çox yaşlı adamlardan eşitdiyim “Şükür, daha arxayınam ki, mən öləndə öz kəndimizdə, ata-babamın yanında dəfn olunacağam” sözləri məni çox kövrəldir. İnanıram ki, bu torpaqda əbədiyyətə qovuşub uyuyanların ruhuna bir rahatlıq gəlib. Artıq onların vandallar qarşısında müdafiəsiz qalan, dağıdılan məzarları öz doğmaları tərəfindən gül-çiçəyə qərq olacaq. Ağdamın yolunda canını fəda edən qəhrəman igidlərin də ruhu rahatlıq tapıb. Onların uğrunda şəhid olduqları bu torpaq artıq vandallardan xilas olub. Mən ağdamlıların adından bizə bu böyük sevinci bəxş edən, yaşadığımız ağrı-acını, əzabları unutduran Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. O, bütün dünyanın tanıdığı, dəyər verdiyi böyük tarixi şəxsiyyət, Azərbaycanın böyük xilaskar sərkərdələrindən biridir”.

H.Qurbanov bunu da əminliklə deyir ki, ağdamlıların hazırda yaşadığı fərəh ölkəmizdəki böyük bir intibah dövrünün hələ başlanğıcıdır.

Yeni Ağdamın təməlqoyma mərasimində iştirak edən alimin sözlərinə görə, onun doğma rayonunun adı yenidən bütün dünyaya xoşbəxt şəhər kimi yayılacaq. Bütün ağdamlılar Ağdam şəhərinin, kəndlərinin quruculuğu yolunda əllərindən gələni edəcəklər: “Artıq gənclər Ağdam şəhərini, kəndlərimizi tezliklə tilsimdən çıxarmağa, onları yenidən canlandırmağa, dünyanın ən gözəl məkanına çevirməyə tələsirlər. Yaşlılar onlara hər cür dəstək olmağa çalışırlar. Ağdamın yüksəlməsinə həm də muğamın ruhu kömək edəcək”.

Prezident İlham Əliyevi Qarabağdakı quruculuq işlərinin baş memarı sayan H.Qurbanov bildirir ki, möhtəşəm şəhər olacaq Ağdamda yeni parklar, meşələr salınacaq, kanal çəkiləcək, gözəl layihələr əsasında yeni evlər tikiləcək, köhnə abidələrin hamısı bərpa olunacaq, Ağdamın təcavüz və qələbə tarixini özündə yaşadacaq “İşğal” və “Zəfər” muzeyləri yaradılacaq.

Yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 6-cı ən böyük yaşayış məskəninə çevriləcək.

Çox tezliklə təkcə Ağdam deyil, işğaldan azad edilmiş Qarabağın digər əraziləri də həyatın qaynar axınına düşəcək, canlı yaşayış məskənləri olacaq.

 

İlhamə İSABALAYEVA

 

Azərbaycan.- 2021.-20 noyabr.- S.1; 5.