DSX-də milli-mənəvi dəyərlər mövzusunda seminar keçirilmişdir

 

 

Dövlət Sərhəd Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq noyabrın 19-da DSX-nin Sərhəd Nəzarətində “Milli dövlətçiliyimizin möhkəmləndirilməsində milli-mənəvi dəyərlərin rolumövzusunda seminar keçirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin verdiyi məlumata görə, seminarda iştirak edən hərbi qulluqçular və dəvət olunmuş qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanış olmuş və dahi öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstəsi düzmüşlər.

Dövlət himninin səsləndirilməsindən sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çıxış edərək ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onların Vətəninə məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyələndirilməsi, eləcə də dini fanatizm, radikalizmekstremizm meyillərinə qarşı preventiv tədbirlər çərçivəsində bu fəaliyyətlərin əhəmiyyətini vurğulamış, DQİDK-nın mütəmadi olaraq müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq etdiyini, o cümlədən Silahlı Qüvvələrin birləşmələrində maarifləndirici tədbirlərin keçirildiyini bildirmişdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qeyd etmiş, Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmış Vətən müharibəsində Azərbaycan sərhədçilərinin döyüş rəşadətini vurğulamışlar.

Seminarda dini radikallıq meyilləri, ölkəmizin tolerantlıq siyasətinə təhlükə yarada bilən təmayüllərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunmuşdur.

Tədbirin sonunda Vətən müharibəsinə həsr edilmiş “Dəmir yumruq” sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2021.- 21 noyabr.- S.7.