Ermənistanın öhdəliklərini yerinə yetirməkdən başqa yolu yoxdur

 

 

İkinci Qarabağ savaşında ordusu Azərbaycan tərəfindən darmadağın edilən, işğal siyasətinə son qoyulan Ermənistan üçtərəfli Bəyanata - kapitulyasiya aktına imza atmağa məcbur edildi.

Prezident İlham Əliyevin şərtləri əsasında ərsəyə gələn bəyanatla məğlubiyyəti siyasi-hüquqi müstəvidə təsdiq olunan Ermənistan üzərinə öhdəliklər götürüb.

İmzalanmasından sonra bəyanatın müddəalarının bir qismi yerinə yetirilib. İşğalçı ordunun qalıqları Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edib, atəşkəsə nəzarət üzrə mərkəz yaradılıb, hərbi əsirlərin, girovların, cəsədlərin mübadiləsi həyata keçirilib. Bəyanatın 9-cu bəndində yazılır ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir və Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Həmçinin qeyd olunur ki, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməlidir.

Qeyd edək ki, Zəngəzur dəhlizinin yaradılması, respublikamızın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının təmin olunması hələ illər öncədən Azərbaycanın milli maraqları sırasında yer alır. Hələ 2009-cu ildə Naxçıvanda Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə Azərbaycanın tarixi torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin böyük türk dünyasını coğrafi baxımdan parçaladığını deyən İlham Əliyev bildirmişdi ki,  qəbul edilmiş qərarlarla, atılmış addımlarla bu bağlantını daha da gücləndiririk.

İlham Əliyev 12 il əvvəl bu sözləri təsadüfən deməmişdi. Çünki Prezident düşünülmüş və uzaqgörən siyasəti ilə Azərbaycanı zəfərə aparırdı. İkinci Qarabağ müharibəsindəki qələbə ilə İlham Əliyev respublikamızın bu milli marağının həyatda reallaşması, həm də bütün türk dövlətlərinin daha da yaxınlaşmasına xidmət edən bir missiyanın yerinə yetirilməsi üçün tarixi şərait formalaşdırdı.

Üçtərəfli Bəyanatda yer alan məsələlər, xüsusən Zəngəzur dəhlizinin açılması Ermənistan üçün də sərfəlidir. Son onilliklərdə region ölkələrinin inkişaf etdiyi bir şəraitdə demək olar ki, yerində sayan, Qafqazın bütün layihələrindən kənarda saxlanılan Ermənistanın sosial-iqtisadi vəziyyəti 44 günlük müharibədən sonra daha da ağırlaşıb.

 

Ölkədə vergilərin yığılmasında, büdcənin formalaşmasında və icrasında ciddi problemlər mövcuddur. Xarici biznes üçün Ermənistana sərmayə yatırmaq artıq böyük risk sayılır. Müharibədən sonra diaspor tərəfindən edilən ianələrin də miqdarı əhəmiyyətli dərəcədə azalıb.

 

Təsadüfi deyil ki, Ermənistanı dərin sosial-iqtisadi böhran səbəbindən tərk edənlərin sayı son bir ildə daha böyük miqyas alıb. Bu ölkədə onsuz da böhran vəziyyətində olan demoqrafik şərait daha da kəskinləşib. Vətəndaş cəmiyyətinin təmsilçiləri həyəcan təbili çalırlar və vəziyyət o həddə çatıb ki, orduya çağırışda problemlər artıq özünü daha ciddi göstərir.

 

Belə bir şəraitdə Ermənistan illər boyu əl çəkmək istəmədiyi işğal siyasətinin və 44 günlük müharibənin nəticələrindən dərs çıxarmalıdır. Həm də üçtərəfli Bəyanatda yer alan məsələlərin icrası Emənistanın hüquqi öhdəliyidir. Lakin müharibənin başa çatmasından ötən müddət ərzində Ermənistanın qeyri-konstruktiv davranışı özünü göstərməkdədir. Hakimiyyət nümayəndələri ara-sıra kommunikasiyaların açılmasının, sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyindən bəhs etsələr də, konkret addımların atılmasına maraq göstərmirlər. Bununla yanaşı, sərhəd zonalarında Ermənistan tərəfindən həyata keçirilən hərbi təxribatlar, Şuşada hərbçilərimizə qarşı terror törədilməsi bu ölkənin sülh prosesinə əngəllər yaratmaq niyyətindən başqa bir şey deyil.

 

Üstəlik, bəzi xarici siyasi dairələr də sülhün əldə edilməsnə maneçilik törətməyə cəhd göstərir, öz fəaliyyətləri ilə Ermənistanı üçtərəfli Bəyanatın tələblərini yerinə yetiməkdən çəkindirməyə çalışırlar. ATƏT-in Minsk qrupunun üzvü kimi bitərəfliyini qorumalı olduğu halda hələ Vətən müharibəsi dövründən Ermənistanın müdafiəsinə qalxan Fransanın siyasi dairələri öz hərəkətləri ilə bunu açıq şəkildə nümayiş etdirirlər. Bir neçə gün  bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların Fransa senatında bəzi rəsmilər səviyyəsində “rəsmi qonaq - nazirparlament spikerikimi qəbul edilməsi bir daha göstərdi ki, bu ölkənin siyasi dairələri Azərbaycanın ədalət yolu ilə həll etdiyi keçmiş problemi süni yolla canlandırmağa çalışırlar.

 

İkili standartlara, Ermənistana göstərilən güclü beynəlxalq dəstəyə  baxmayaraq, Azərbaycan torpaqlarını işğaldan azad etdi. Müharibənin qalibi olan və mövqelərini daha da möhkəmləndirən Azərbaycanın qarşısında Ermənistan bundan sonra heç vaxt duruş gətirə bilməz. Qərbin siyasi dairələrinin də sülh prosesinə maneçilikləri əbəsdir. Ona görə də Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən başqa yolu yoxdur.

 

Cəfərli, Rəşad

Azərbaycan.-2021.- 26 noyabr.- S.1;4.