Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq əməkdaşlığını genişləndirir

 

Dünyanın tanınmış şirkətlərinin bu sahədəki layihələrimizə marağı artır

 

 

 

Bərpaolunan enerjidən istifadə getdikcə bütün dünyada özünə daha geniş yer alır. Beynəlxalq Enerji Agentliyinin bildirdiyinə görə, dünyanın enerji sistemixalis sıfır” emissiyalar cığırı ilə irəliləyərsə, əsrin ortasında elektrik enerjisi istehsalının 90 faizə qədəri bərpaolunan enerji mənbələrinin payına düşər. Bunun da 70 faizi günəş və külək enerjisi mənbələrindən alınar. Azərbaycanda da bu məsələyə xüsusi diqqət yetirilir və ölkəmizdə bərpaolunan enerji sahəsinin inkişafı üçün əlverişli şərait var.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl eneryi”yə geniş yer verilməsi də müəyyənləşdirilib. Belə ki, hədəf ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payının indiki 17,3 faizdən 2025-ci ildə 24, 2030-cu ildə isə 30 faizə çatdırılmasıdır.

BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı Prezident İlham Əliyev Qarabağı və Şərqi Zəngəzuru “yaşıl enerji” zonası elan etdiyini xatırlatmış, ümumiyyətlə, Azərbaycanda bərpaolunan enerjinin inkişafına böyük diqqət göstərildiyini bir daha vurğulamışdır. Şərqi Zəngəzur bölgəsində bir xarici şirkətlə əməkdaşlıq şəraitində tikiləcək 240 meqavat gücündə günəş elektrik stansiyasının Azərbaycanın azad edilmiş ərazilərində ən böyük birbaşa xarici sərmayə qoyuluşu layihəsi olacağını bildirmişdir. Dövlət başçısı digər beynəlxalq enerji şirkətlərini də azad olunmuş ərazilərimizdə “yaşıl enerji” layihələrinə sərmayə qoymağa dəvət etmişdir.

İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi üçün zəngin təbii şərait mövcuddur. Odur ki, indi orada bu enerji növünün tətbiq edilməsinə dair konsepsiya hazırlanır. Bu konsepsiya Qarabağda enerji istehsalının tam şəkildə bərpaolunan enerji vasitəsilə həyata keçirilməsinə imkan verəcək. Təsadüfi deyil ki, Azərbaycan dövlətinin bu məqsədinin həyata keçirilməsinə dəstək verən xarici şirkətlərin də sayı getdikcə artır.

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonasının yaradılması layihəsi çərçivəsində Yaponiyanın TEPSCO şirkəti cəlb edilməklə ərazilərin inkişafı və məskunlaşma variantları üzrə müxtəlif enerji tələbatı və təchizatı ssenarilərinə baxılıb. Eyni zamanda bu bölgələrdə hidro, günəş, külək, biokütlə, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, kiçik çaylarda su-elektrik stansiyalarının tikilməsi istiqamətində davamlı araşdırmalar aparılır.

 

Cari ilin fevral ayında Energetika NazirliyiBöyük Britaniyanın bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə anlaşma memorandumu imzalanmışdır. Daha sonra işğaldan azad olunmuş ərazilərdə 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsinin imzalanması baş tutmuşdur. bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bu məsələ ilə bağlı demişdir: “Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq. Növbəti onillik ərzində bp dünya üzrə bərpaolunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər”.

 

Bu il noyabrın 11-də Prezident İlham Əliyev bp qrupunun baş icraçı direktoru Bernard Lunini qəbul edərkən söhbət zamanı toxunulan məsələlərdən biri də məhz “yaşıl enerji” barədə olmuşdur. bp-nin bərpaolunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilmişdir, bu sahədə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirilmişdir. Şirkətin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji ilə bağlı planlarının əhəmiyyəti vurğulanmışdır. Bunun sözügedən bölgələrdə “yaşıl enerji” ərazisinə transformasiya işinə xidmət göstərəcəyinə ümidvarlıq ifadə olunmuşdur. Həmçinin qeyd edilmişdir ki, bu işlər böyük potensiala malikdir. Xüsusilə nəzərə alınsa ki, Azərbaycan qonşu ölkələrlə şaxələndirilmiş enerji bağlantılarına malikdir və bizdə tələbatdan artıq enerji istehsal olunur.

Məlum olduğu kimi, bərpaedilən enerji sahəsinin inkişafı üçün Azərbaycanın müxtəlif şəhər və rayonlarında imkan var. Məsələn, Bakının və Abşeron yarımadasının təbiəti külək enerjisindən istifadəyə şərait yaradır.

NorveçinEquinor” şirkəti də ölkəmizlə elə külək enerjisi potensialının reallaşdırılması istiqamətində əməkdaşlığı genişləndirmək istəyir. Oktyabr ayında Energetika Nazirliyində “Equinorun Rusiya və Azərbaycan üzrə baş vitse-prezidenti, Rusiya üzrə rəhbəri Tore Losetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bu barədə də bəhs olunub. Eləcə də şirkətin enerji transformasiyası prosesində roluna və bərpaolunan enerji sahəsindəki fəaliyyətinə toxunulub. Formalaşmış uğurlu əməkdaşlığın bərpaolunan enerji sahəsində, xüsusilə ölkəmizin dənizdə külək enerjisi potensialının reallaşdırılması istiqamətində genişləndirilməsinin mümkünlüyü qeyd edilib.

Almaniyanın “Uniper” şirkətinin qaz təchizatı və mənşəyi üzrə baş vitse-prezidenti Uve Fipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə də bərpaolunan enerji məsələsi əsas mövzulardan biri olub. Belə ki, ölkəmizdə “yaşıl enerji”dən istifadə sahəsində həyata keçirilən layihələr və gələcək planlar haqqında məlumat verilib. O cümlədən Xəzər dənizinin Azərbaycana məxsus hissəsinin neftqaz ehtiyatları ilə yanaşı, külək enerjisi potensialı ilə də zəngin olduğu diqqətə çatdırılıb. Ölkəmizin dənizdə külək enerjisi potensialından istifadə üzrə yol xəritəsinin hazırlanmaqda olduğu bildirilib. Gələcəkdə bu resurs hesabına “yaşıl elektrik”, “yaşıl hidrogen”, “yaşıl ammonyak” istehsalı və ixracı perspektivləri qeyd edilib. Bu istiqamətdə imkanların öyrənilməsi məqsədilə beynəlxalq əməkdaşlığa hazırlıq ifadə olunub.

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığı ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir ki, bu da bir neçə iqtisadi sahəni əhatə edir. İki ölkə arasında iqtisadi, xüsusən də enerji sahəsində əməkdaşlıq gücləndirilir. Səudiyyə Ərəbistanı və Azərbaycan bərpaolunan enerji ilə bağlı bir sıra əməkdaşlıq layihələrində iştirak edəcəklər. Məlum olduğu kimi, həmin ölkənin “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi üzrə müqavilə imzalanıb. Bu, təkcə Azərbaycanda deyil, həmçinin regionda bərpaolunan enerji mənbələrinin inkişafı baxımından önəmli bir layihədir.

Bütün bunlar göstərir ki, ölkəmiz bu sahədə də mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq platforması yarada biləcək.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2021.- 26 noyabr.- S.6.