Mərhəmətin növbəti təzahürü

 

Müstəqilliyini elan etdiyi qısa zaman ərzində əsrə bərabər inkişaf yolu keçən Azərbaycan Respublikası beynəlxalq birliyin tamhüquqlu subyekti kimi daim səylərini dövlətçiliyini şərtləndirən amillərin möhkəmləndirilməsinə yönəltmiş, suverenliyinə xələl gətirə biləcək hər hansı təhdidə qarşı sistemli mübarizə aparmış və bütün bu səylərin məntiqi nəticəsi tam olaraq ötən ildə öz bəhrəsini verməklə, 2020-ci il milli-tarixi yaddaşımıza xalqla dövlətin sarsılmaz birliyi timsalında şanlı qələbə ili kimi əbədi həkk edilmişdir.

 

Qalibiyyət şərəfini daşıyan bir ölkə kimi Azərbaycan üçün hazırda əsas məqsəd qazanılan tərəqqinin davamlı xarakter alması, islahat və nailiyyətlər hesabına əldə edilən uğurların miqyasının daha da genişləndirilməsidir. Ölkəmizdə sosial-iqtisadi inkişafa paralel olaraq siyasi, elmi, mədəni və digər vacib sahələrdə də sürətli yüksəliş qeydə alınır. Bu nailiyyətlərin davamlı olması üçün müxtəlif strateji amillərlə yanaşı, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.

Ölkə həyatının digər sahələrində olduğu kimi, cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Vətən müharibəsində qazanılmış tarixi zəfərin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüs Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən dəstəklənərək, 2021-ci il 5 noyabr tarixdə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edilmişdir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mərhəmət, insanpərvərlik məfkurəsindən çıxış etmək, humanizm ideyalarını həyata keçirmək dövlətimizin siyasətinin əsas prioritetlərindəndir. Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu humanizm siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizm əsasında fəaliyyətini təmin edərək cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini inkişaf etdirmiş, məhz bu siyasətin davamı nəticəsində 1995-2021-ci illər ərzində əvvəlcə Heydər Əliyev, sonra isə İlham Əliyev tərəfindən ümumilikdə 67 əfv fərmanı və sərəncamı qəbul edilmiş, bunların nəticəsində 9 minə yaxın məhkum azadlığa buraxılmışdır. Həmin dövr ərzində parlamentdə 11 amnistiya qərarı qəbul olunmuş, bunlardan sonuncuları fəaliyyətində humanizm və insanpərvərlik ideyalarını rəhbər tutan, qayğı və yardıma ehtiyacı olan insanlara daim kömək edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın deputat fəaliyyəti dövründə təqdim edilmiş, nəticədə sözügedən dövr ərzində bütövlükdə 117 min şəxsə amnistiya qərarı tətbiq olunmuşdur.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə və yaxud əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə qəbul olunmuş 5 noyabr 2021-ci il tarixli amnistiya qərarı ənənəvi olaraq preambula və 4 hissədən ibarətdir. Xüsusilə vurğulanmalıdır ki, bu qərar indiyə qədər qəbul olunmuş amnistiya aktları sırasında öz əhatə dairəsinə görə ən genişidir. Həmin qərarın nəinki məhkəmədə baxılmaqda olan işlər üzrə təqsirləndirilən şəxs qismində keçən şəxslər, yaxud cəza çəkməkdə olan məhkumlar barəsində, həmçinin təhqiqat, ibtidai istintaq orqanlarının icraatlarındakı materiallar və işlər üzrə keçən şəxslər barəsində də tətbiq olunması nəzərdə tutulmuşdur.

Bundan fərqli olaraq əvvəlki bir sıra amnistiya aktlarının həmin aktlar qüvvəyə minənədək cinayət törətmiş şəxslər barəsində deyil, yalnız qanuni qüvvəyə mindiyi günədək qüvvəyə minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilməsi, təhqiqat və ibtidai istintaq orqanlarının isə amnistiyanı tətbiq edən orqanlar sırasında nəzərdə tutulmaması bu sahədə Cinayət-Prosessual Məcəllənin 39, 40 və 41-ci maddələrinin qüvvəsini məhdudlaşdırır, bəzi hallarda eyni dövrdə (məsələn, amnistiya aktı qüvvəyə minənədək) cinayət hadisəsi törətmiş şəxslərdən bir qrupunun amnistiya aktından yararlana bildiyi halda, digər qrupun bu imkandan məhrum olması ilə nəticələnə bilirdi. Belə ki, Cinayət-Prosessual Məcəllənin 39-cu maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olması cinayət təqibini istisna edən hal olduğu üçün o, cinayət məsuliyyətindən azad olunmalıdır.

Cinayət işləri üzrə məhkəmə icraatının sadələşdirilməsi istiqamətində zəruri işlər aparıldığı hazırkı dövrdə 2021-ci il 5 noyabr tarixli amnistiya aktında onun tətbiqi dairəsinin Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq genişləndirilməsi eyni zaman kəsiyində cinayət törətmiş şəxslərə dövlətin qəbul etdiyi amnistiya kimi humanist tədbirdən bərabər surətdə yararlanmaq imkanı verməklə insanların qanun və məhkəmə qarşısında bərabərlik hüququnun təmin edilməsinə xidmət etmişdir. Bu mənada amnistiya aktının yalnız haqqında qanuni qüvvəyə minmiş hökmlər olan şəxslər barəsində deyil, amnistiya aktı qüvvəyə minən vaxta qədər cinayət hadisəsi törətmiş şəxslər barəsində tətbiq edilməsi amnistiyanın mahiyyəti və tətbiqi ilə bağlı cinayət-hüquq nəzəriyyəsinin müddəalarına uyğun olaraq, həm şübhəli və təqsirləndirilən şəxslərə, həm də məhkumlara dövlətin həyata keçirdiyi humanist tədbirdən bərabər surətdə yararlanmaq imkanı vermiş, cinayət mühakimə icraatının bütün mərhələlərində şəxs haqqında amnistiya tətbiq edilməsinin mümkünlüyü ədalət və bərabərlik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Təhqiqat və ibtidai istintaq orqanlarının amnistiya aktlarını tətbiq edən orqanlar sırasında nəzərdə tutulması bu sahədə cinayət-prosessual qanun normalarına dəqiq əməl edilməsinə, nəticədə həmin orqanların yükünün azaldılmasına, dövlət vəsaitinə qənaət edilməsinə də xidmət edir.

Qərara əsasən təhqiqat və ya ibtidai istintaq orqanları amnistiya tətbiq edərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş cinayət təqibinə xitam verilməsi qaydalarına riayət etməli, o cümlədən Cinayət-Prosessual Məcəllənin 41.2-ci maddəsinə müvafiq olaraq barəsində amnistiya tətbiq olunacaq şəxslərin razılığını almalı, habelə amnistiyanın tətbiq edilməsi barədə qərarları müvafiq prokurorların razılığı ilə qəbul etməlidirlər.

Cinayət mühakimə icraatında prokuror nəzarəti müasir beynəlxalq hüquqla müəyyən edilmiş mənada hüquqi dövlət prinsipi əsasında dövlət quruculuğuna malik əksər dövlətlərdə prokurorluğun fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş qaydadahallarda qanunların icra və tətbiq olunmasına prokuror nəzarəti qanunla nəzərdə tutulan maddiprosessual hüquq normalarına, onların rəsmi şərhinə, formalaşmış məhkəmə təcrübəsinə riayət edilməsinin davamlılığını təmin edərək, cinayət təqibini həyata keçirən orqanların fəaliyyətində və ümumilikdə, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqları və əsas azadlıqları ilə bağlı beynəlxalq və konstitusion prinsiplərin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınaraq tətbiqinə və ictimai münasibətlərin nizama salınmasında hüquq normalarının tənzimləyici rolunun artırılmasına xidmət etməklə, insan hüquq və azadlıqlarının səmərəli hüquqi müdafiə mexanizmi kimi çıxış edir.

Hüquq sisteminin yüksək standartlar səviyyəsində təkmilləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların davamı və ölkə həyatının digər sahələrində olduğu kimi, cinayət-hüquq siyasətində də irəli sürülən humanizmin növbəti təzahürü olaraq Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü əsasında qəbul edilmiş “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 5 noyabr 2021-ci il tarixli qərarı və həmin qərardan irəli gələn, o cümlədən prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin vaxtında, dürüst və səmərəli yerinə yetirilməsi, bu sahədə işin daha da təkmilləşdirilməsi üçün zəruri tədbirlərin görülməsi cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmaqla sosial adaptasiyasına, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasına, cəza siyasətinin humanistləşdirilməsinə, bununla da insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasına böyük töhfə

olacaqdır.

 

Aynur OSMANOVA,

Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi, baş ədliyyə müşaviri

Azərbaycan.-2021.- 28 noyabr.- S.4.