35 evdən ibarət olan kənd 35 şəhid verib

 

 

Ötən il sentyabrın 27-dən başlayan döyüşlərdə hər gün geriləyən, dönüb arxaya qaçan erməni döyüşçülərindən fərqli olaraq, hər səhərimiz Müzəffər Ordumuzun əsgərlərinin  əldə etdiyi uğur və qələbə xəbərləri ilə açılırdı. Döyüşən ordumuzun sıralarından şəhidlik zirvəsinə ucalan oğullarımız bizi inandırırdı ki, Qələbə bizimlədir. Belə də oldu...

 

Qobustan rayonunun Bəklə kəndinin camaatı da Vətən üçün canından, qanından keçən igid oğulları ilə həmişə fəxr edəcək.

 

Bu kənd neçə-neçə elm adamı, yüksək rütbəli zabit, ədəbiyyat sevdalısı yetişdirib. Hələ 1941-1945-ci illərdə Bəklə igidləri sinələrini düşmən gülləsinə sipər ediblər.  Birinci Qarabağ savaşlarında da bəkləlilər gözlərini qırpmadan düşmənin qarşısına çıxdılar. Qayıdanlar da olub, Gərayev Kənan Valeh oğlu kimi, şəhidliyə ucalanları da... Xatırladaq ki, Bəklə kəndi 1941-1945-ci illər müharibəsində, eləcə də Birinciİkinci Qarabağ savaşlarında 35 şəhid verib.

 

Bəli, 35  evdən, ailədən ibarət kəndin 35 şəhid ünvanı var. Birinci Qarabağ savaşında Vətənin müdafiəsinə könüllü qalxan Kənan Gərayev düşmənə sarsıdıcı zərbə vurması ilə yadda qalsa da, sonda canını  ana torpaq uğrunda qurban verənlərdən biri kimi yad edilir.

 

Əmisi oğlu Tural da 44 günlük Vətən müharibəsində onun izi ilə yola çıxıb və amansız düşməndən neçə-neçə Kənanların qisasını alıb. Tural Gərayev işğal edilmiş torpaqlarımızın azadlığı uğrunda 27 sentyabr 2020-ci il tarixindən Vətənimizin müdafiəsinə qoşulub. Füzuli uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi 4 erməni postunun alınmasında xidmətlərindən danışan döyüş dostları onunla qürur duyduqlarını deyirlər.

 

Təəssüf ki, qızğın döyüşlərin birində düşmən gülləsinə tuş gələn, bir övladı yadigar qalan Tural Gərayev də  qəhrəmancasına şəhid olub.

 

Bəklə kənd camaatının təşəbbüsü, öz zəhmətləri və xərcləri ilə Birinciİkinci Qarabağ savaşlarında şəhid olanların xatirəsinə bulaq salınıb.

 

Bu günlərdə xatirə bulağının açılışında təkcə bəkləlilər deyil, Şamaxıdan, Qobustandan, həmçinin respublikamızın müxtəlif guşələrindən şəhidlərin adını uca tutanlar iştirak ediblər.

 

 

Alçina AMİLQIZI,

Şamaxı rayonu

Azərbaycan.-2021.- 30 noyabr.- S.8.