Zəfər günü ilə əlaqədar tovuzlu məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunur

 

Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilmiş Azərbaycan Respublikasının Zəfər Günü ərəfəsində tovuzlu məktəblilərin muzeylərə ekskursiyaları təşkil olunur.

 

Tariximizi tanıyaq” devizi altında təşkil edilən növbəti ekskursiya zamanı N.Tusi adına Tovuz Şəhər Məktəb-Liseyinin şagirdləri Tarix-Diyarşünaslıq Muzeyində, Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıqov adına Bozalqanlı kənd orta məktəbinin şagirdləri isə Dövlət Rəmzləri Muzeyində olublar.

 

Ekskursiya zamanı şagirdlər muzeyləri gəzərək Azərbaycanın milli mədəniyyəti və tarixi haqqında məlumatlarını daha da zənginləşdiriblər. Bələdçilər tərəfindən şagirdlərə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin qələbəsini təmin edən mühüm amillər Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi qələbə çaldı.

 

Tariximizi tanıyaq” adı altında təşkil olunan ekskursiyalar Zəfər gününə kimi davam edəcək.

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.- 2021.- 29 oktyabr. S. 8.