İrəvan Qarabağ ermənilərinin son ümidlərini də puç etdi

 

Mühairbədən sonrakı dövrdə sosial-iqtisadi problemlər məngənəsində  boğulmaqda davam edən Ermənistanda son vaxtlar rahatsızlıq yaradan əsas məqamlardan biripandemiya fonunda dünyada yeni maliyyə böhranının başlaya biləcəyinə dair yayılan məlumatlardır. Qlobal maliyyə böhranının  növbəti  dalğasının başlanması Ermənistan üçün əsl fəlakət sayılır və hesab edilir ki, əgər bu, baş verərsə, onda ölkənin iqtisadiyyatının məhvə yuvarlanmasının qarşısını heç kim ala bilməz.

Digər tərəfdən o da açıq etiraf edilir ki, böhran baş verərsə, bu, Ermənistan əhalisinin aclıq problemi yaşamasını da qaçılmaz edəcək. Çünki böhran şəraitində həm müxtəlif xarici dövlətlərdən, həm də erməni diasporundan göndərilən yardımların miqdarı əhəmiyyətli dərəcədə azalacaq. Hazırda isə həm erməni əhalisi, həm də ölkə iqtisadiyyatı xeyli dərəcədə həmin xarici yardımlardan asılıdır.

Belə bir vaxtda Ermənistanda Qarabağ ermənilərinin qəbulu proqramının fəaliyyətini dayandırması İrəvandakıları çətin vəziyyətə salıb, hərçənd  Ermənistanın əmək və sosial işlər nazirinin mətbuat katibi Zara Manuçaryan bildirib ki, proqram dayandırılmayıb, o, sadəcə sona çatıb və vətəndaşlara bu barədə məlumat verilib. Manuçaryanın sözlərinə görə, proqram üç ay fəaliyyət göstərməli idi, lakin onun müddəti iki dəfə uzadılıb: “İndi Qarabağ ermənilərinin mənzil problemlərinin həllinə imkan verəcək yeni bir dəstək variantı üzərində düşünürük. Yəni proqramın əvvəlki formada davam edib-etməyəcəyini və ya yeni bir layihənin hazırlanıb-hazırlanmayacağını dəqiq deyə bilmərik”.

Onun sözlərinə görə, hazırda Qarabağ ermənilərinə məşğulluq proqramlarından istifadə etməyi tövsiyə edirlər. Onlara ayda 125 dolların ödənilməsini nəzərdə tutan 4 ayliq maliyyə yardımı proqramının müddəti sona çatıb.

“4r.am” saytında dərc olunan məqalədə  Paşinyan iqtidarının iqtisadi siyasətinin əsl adının “vergi terroru” və ya əhalinin bütün təbəqələrinə, o cümlədən kiçikorta biznes nümayəndələrinə, büdcədən maliyyələşən işçilərə, kəndlilərə qarşı “qəddarlıq və aqressiyaolduğunu yazıb. Bildirilir ki, indiki ağır şəraitdə hakimiyyət əhaliyə kömək göstərmək, onu müdafiə etmək əvəzinə daha çox xalqın hesabına varlanmaq barədə düşünür: “İqtidarın iqtisadi aqressiyasından müdafiə olunan yeganə təbəqə oliqarxiyadır. Oliqarxlar sadə vətəndaşlardan fərqli olaraq heç nə itirmirlər, əksinə, öz kapitallarını daha da çoxaldırlar, inhisarçı mövqelərini genişləndirirlər. Digər tərəfdən bu, əhalinin məmurlar tərəfindən sözün əsl mənasında qarət edilməsinin daha bir sübutu olmaqla bərabər, Ermənistanda iqtisadi fəlakətin daha geniş vüsət alması, iqtisadiyyatın birdəfəlik çöküşü deməkdir”.

Bütün bunların fonunda hökumətə qarşı etirazların fasiləsiz davam etməsi ölkədə xaos yaradıb. Hakimiyyət özünə qarşı edilən bütün çıxışları birmənalı şəkildə güc yolu ilə susdurmağa, etiraz aksiyalarını polis dəyənəyi və rezin güllə hesabına dağıtmağa üstünlük verir. Kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur.

Baş verənlərlə bağlı müxalifət partiyaları dəfələrlə bəyanat yayaraq polis zorakılığını pisləyib. Bildirilir ki, etiraz aksiyalarını dağıtmaq məqsədilə polis özü əvvəlcədən təxribat təşkil edirbundan sonra hücuma keçərək qəddarlıqla aksiyaları dağıdır. Bu zaman əsl qəddarlıq nümayiş etdirilir, hətta qadınlara qarşı da zorakılıq tətbiq olunur.

Sabiq deputat Gevorq Petrosyan bildirib ki, polislər vətəndaşlara niyə güc tətbiq etdiklərini söyləmək məcburiyyətindədirlər. Çünki onların etdikləri qanunsuzluq insan hüquqlarının pozulmasıdır: “İnsanları avtomobillə sürüməyə görə Cinayət Məcəlləsində tam şəkildə cəza müəyyən edilib. Amma heç bir polis mənim sualıma cavab vermir ki, niyə vətəndaşları avtomobillə sürüyürlər? Onlar etirazçıların qarşısında dayanmaqdansa, sərhədə getsinlər. Orada türklər (Azərbaycan hərbçiləri nəzərdə tutulur - red.) bizim maşınımızdan bayrağı (qondarma qurumun bayrağı nəzərdə tutulur- red.) qoparırlar. Burada isə polislərimiz öz vətəndaşlarını incidirlər. Yaxşı olardı ki, sərhədə gedərdilər, daha burada qalıb qocaları və qadınları sürüməzdilər”.

Ermənistanda bir sıra sahələrdə vəziyyətin ağır olduğu, heç bir inkişafın baş vermədiyi hamı tərəfindən etiraf olunur. Ermənistanın bütün problemlərinin kökündə dayanan əsas səbəb isə illər ərzində işğal siyasəti yürütməsidir. Bu siyasətin nəticəsində ölkə inkişafdan geri qalıb, vətəndaşları səfil vəziyyətinə düşüb. Azərbaycan isə 44 günlük müharibədə torpaqlarını azad etməklə yanaşı, Ermənistana olduqca dərin siyasi, hərbi, həm də iqtisadi və mənəvi zərbə vurub. Hazırda tarixinin ən ağır günlərini yaşayan Ermənistan çətin ki, tezliklə bu zərbələrin təsirindən özünə gələ bilsin.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2021.- 21 sentyabr.- S.1; 6.