Dördüncü dalğaya hazır olmalıyıq

 

Adi qrip koronavirus qədər təhlükəli olmasa da, ondan da qorunmalıyıq

 

Son günlərin statistik rəqəmləri göstərir ki, koronavirus getdikcə geri çəkilir. Amma bu o demək deyil ki, qayıtmayacaq. Bəs bu barədə mütəxəssislər nə deyirlər?

Həkim-radioloq Aydın Əliyev mətbuata açıqlamasında bildirib ki, ağırlaşan xəstələr peyvənd etdirməyənlər və vaxtından əvvəl lazımsız dərman preparatları qəbul edənlərdir: “COVID-19 xəstəliyi zamanı KT-də və rentgendə görünən “buzlu şüşə” mənzərəsi, kölgəliklər Virxov triadasından yaranan trombozun nəticəsidir. Koronavirus xəstəliyi zamanı ağciyərlərdə yarananbuzlu şüşə” mənzərəsinin ən effektli müalicəsi antikoaqulyantların tətbiqidir. Antiviral və antibiotiklərin müsbət təsiri sübut edilməyib, onlar qaraciyərə toksiki təsir edərək virusla mübarizəni çətinləşdirirlər”.

Koronavirusun dalğavari inkişafı mütəxəssisləri ciddi düşündürən məsələdir. Kimsə pandemiyanın ilk günlərində deyə bilməzdi ki, bizi qarşıda neçə dalğa gözləyir. Zaman keçdikcə virusun müxtəlif  ştamlarına rast gəldik. Bundan sonra virusoloqlar etiraf etməli oldular ki, COVID-19 dalğalarla yayılır. Amma hər ölkədə dalğa sayları eyni olsa da, bəzilərində gec, bəzilərində tez başlayır. Seçenov adına Tibb Universitetinin mütəxəssisi Artyom Gil yeni dalğaya səbəb olacaq faktorları açıqlayıb: “Dördüncü dalğa oktyabrın əvvəllərində gözlənilir. Mənim fikrimcə, bu mövsümi olaraq, havaların soyuması, respirator xəstəliklərin yayılması, eləcə də təhsil müəssisələrinin açılması, məzuniyyətdən qayıtma və insanların daha çox qapalı məkanlarda olması ilə əlaqədardır. İstənilən halda, hətta qapanma olsa belə, 4-cü dalğa qaçılmazdır. Biz artıq bunun öncəki epidemioloji faktorlarını görürük”.

Həkim onu da əlavə edib ki, hazırda üçüncü dalğanın sonudur. Rusiya üzrə sutkalıq ölüm təxminən 800 nəfərdir. Dördüncü dalğanın pikində bu rəqəm 1500-ə çata bilər: “Nəyə görə? Bunun bir səbəbi populyasion immunitetin aşağı səviyyədə olmasıdır. Rusiyada vaksinasiya cəmi 30 faiz insanı əhatə edir. Əhalinin 80 faizivirusa yoluxmayıb ki, kütləvi immunitet yaransın. Bir doza ilə peyvənd olunanlar da dördüncü dalğaya düşəcək və yoluxacaq. Digər faktor - payız və qışda daha yoluxdurucu ştamların yayılmasıdır. “Delta” variantı bütün hallarda qeydə alınıb. Lakin ondan ölüm halı elə də çox deyil. AmmaDelta” qış ştamları ilə qarışsa, ölüm sayının artmasına ciddi təkan verəcək. Artıq heç bir qurum, şirkət işçiləri evdən işləməyə göndərilməyəcək, karantin qaydaları sıradan çıxır. Mağaza, kafelər, məktəblər - hər yer açıqdır. Bu da dördüncü dalğanı əvvəlkilərdən fərqləndirəcək. Çünki ötən il həmin məkanlar bağlı idi”.

Həkim deyir ki, insanların arxayınlaşması, virusu saymaması bizə baha başa gələcək. İndi marketlərdə, metroda belə, heç kim dezinfeksiyaedici məhlula yaxınlaşmır.

Heç kimin çantasında spirt yoxdur. Biz pandemiyanın əvvəlindəki kimi diqqətli deyilik. Amma virus ruhdan düşməyib, o daha güclüdür. Ona görə də qurbanları artır.

“Epidemiyanın və dalğaların sönməsi üçün bütün dünyadaqonşu ölkələrdə, həmçinin bizdə əhalinin 80 faizi peyvəndlənməlidir”, - deyən həkim onu da vurğulayıb ki, havalar soyuduqca respirator viruslar, eləcə də qrip ştamları aktivləşir:Ona görə də bu gün insanları  düşündürən, çaş-baş salan, əslində,  vahimələndirən suallardan biri də belədir: antibiotik dərmanlardan lazım gəldi-gəlmədi istifadə etmək olarmı, mövsümi soyuqdəymə nəticəsində viruslara yoluxmamaq üçün nə etməli?”

Virusoloqlar bunun heç də mürəkkəb olmadığını deyirlər: “Çox sadə səslənsə də, əlləri tez-tez yumaq viruslara qarşı səmərəli vasitədir. 80 faiz infeksion xəstəliklər toxunma yolu ilə keçir. Yəni insan əlləri ilə toxunduğu əşyalardan (nəqliyyatda tutacaqlar, qapılar, oturacaqlars.) virusu yaxalayır. Sonra əllərlə gözə, ağıza, burnuna toxunub zərərli mikroorqanizmləri daxilə keçirirlər. Ona görə çöldən evə gələn kimi, eləcə də ofisdə saatlarında hər bir saatdan bir əlləriniz sabunla yuyulmalıdır ki, xəstələnmək riski  azalsın. Əllər sabunla 30 saniyə sürtülməli, sonra yuyulmalı, daha sonra qurudulmalıdır. Əgər su yoxdursa, yanınızda 60 faizli spirt saxlayıb əllərinizi və masanızı gündə 3 dəfə dezinfeksiya edin. Ümumiyyətlə, antiseptik spreyi həmişə yanınızda saxlayın. Əgər işdə kimsə xəstələnibsə və siz o adama yaxınsınızsa, birinci növbədə o da, sizqoruyucu maska taxmalı, daha sonra bu spreylə hər 30 dəqiqədən, bir saatdan bir əllərinizi, masanı silməlisiniz. Ətrafdakılar sizə normal kimi baxmaya da bilər, çünki onlar bilmirlər ki, qrip viruslarından qorunmağın yolu əsasən budur. Viruslar müxtəlif əşyaların səthində bir neçə saat yaşaya bilir”.

Mütəxəssislər onu da məsləhət görürlər ki, müxtəlif bitki və ədviyyatlı çaylar için: “Viruslar burun və ağızla daha çox keçir. Xəstələnəndə burun axması normaldır. Qriplə mübarizədə immuniteti gücləndirmək üçün ən lazımlı vitaminlər D və C-dir. Əgər sizdə bu 2 vitamininin çatışmazlığı varsa, tez-tez xəstələnəcəksiniz. Analiz verib bu vitaminlərin orqanizmdə kifayət qədər olub-olmadığını təyin edin. Çatışmazlıq aşkar olunduqda həkimin məsləhəti ilə vitaminləri qəbul edin”.

Həkimlər deyirlər ki, adi zökəm, soyuqdəymə, respirator xəstəliklərindən  qorunmağın peyvəndi yoxdur. Çünki onun törədicisi 200 adda virusdan biri ola bilər. Amma konkret qrip ştamlarına qarşı peyvəndlər var. Bir neçə ildən bir bu peyvəndlər yenilənir, gücləndirilir: “Qripdən qorunmaq üçün sentyabr ayından artıq vaksin vurdurmalısınız. Vaksini oktyabrın 15-nə vurub bitirmək lazımdır. Qrip vaksini 6 aylıqdan 70 yaşa kimi hər kəsə oluna bilər”.

Mütəxəssislərin fikrincə, immuniteti qaldırmağın yolu qidalanmadan keçir. Kolorili qidalanma, meyvə-tərəvəzlərin qəbulu çox vacibdir. Əgər qrip və zökəm varsa, özünüzü və ətrafdakıları qorumağın yeganə yolu evdə qalmaqdır. Bu, ən azı 3 gün olmalıdır: “Əgər mütləq işə getməlisizsə, maska, spirt, dezinfeksiyaedici məhlulu özünüzlə götürün. Ən yaxın yoldaşınız, həmkarınız sizdən 1,5 metr aralı olmalıdır. Kütlə arasında çox gəzməyin, uşaqlara toxunmayın. Nəqliyyatdan çıxan kimi əllərinizi dezinfeksiya edin. Bütün bunlar respirator xəstəliklərdən qorunmaq üçün yeganə yol deyil. Unutmayaq ki, mövsümi xəstəliklərdən qorunmaq elə COVID-19-a yoluxmamaq qədər vacibdir”.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2021.- 22 sentyabr.- S.1, 7.