Ağdam təhsilindəki problemlər narahatlıq doğurur

 

 

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdə qüdrəti, Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində Qarabağ işğaldan azad olunmuş, düşmən torpağından xilas edilən ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanmışdır.

 

Ağdam rayonu ərazisinin də xeyli hissəsi erməni işğalı altında idi. Qalan ərazidə isə dövlətin davamlı qayğısı sayəsində geniş quruculuq işləri aparılmışdır.  İşğal nəticəsində isti yuvasından, doğma ev-eşiyindən perik salınıb məcburi köçkün kimi ölkənin müxtəlif bölgələrinə səpələnmiş rayon əhalisinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün 18 yeni qəsəbə salınmış, həmin qəsəbələrdə müasir tələblərə cavab verən sosial infrastuktur yaradılmışdır.

 

Ümumi inkişaf fonunda rayon təhsilinin maddi-texniki bazası təzə tikilən, əsaslı şəkildə yenidən qurulan, müasir avadanlıqlarla təchiz olunan məktəblər hesabına daha da möhkəmlənmişdir. Lakin çox təəssüflər ki, Ağdam Rayon Təhsil Şöbəsi öz işini dövlətin qayğı və diqqətinə, yaradılan şəraitə cavab verəcək səviyyədə qura bilmir, ayrılan dövlət vəsaitinin israfına, hətta bəzən sui-istifadəsinə yol verir.

 

Məlumat üçün bildirək ki, rayonda 135 ümumtəhsil məktəbi var. Müəllimlərin sayı 3899, şagirdlərin sayı isə 23150 nəfərdir. Orta hesabla hər 6 şagirdə bir müəllim düşür. 5 ildir ki, rayon təhsil şöbəsinə Mətanət Misirxanova rəhbərlik edir. O, bu vəzifəyə uşaq bağçasının müdirliyindən gətirilmişdir. Təhsil sahəsindəki mövcud silsilə nöqsanların təhlilinə keçməzdən öncə bir faktı qeyd etmək yerinə düşər: ötən ilin iyulunda Mətanət xanım pandemiya dövrünün qadağalarına məhəl qoymayaraq övladına təmtəraqlı nişan məclisi keçirmişdir. Görüntüləri sosial şəbəkələrdə yayılan məclisin keçirilməsi rayon əhalisində haqlı narazılığa səbəb olmuşdu. Yuxarı dövlət qurumlarına ünvanlanan çoxsaylı müraciətlərdə bir sual qırmızı xətt kimi keçirdi: dövlət məmuru, vəzifə sahibi öz övladına xeyir iş edə bilirsə, bizə nə üçün qadağa qoyulur?

 

Ağdamın işğalından sonra rayonun ümumtəhsil məktəbləri fəaliyyətlərini respublikanın 13 şəhər və rayonunda davam etdirir. Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş qəsəbədə 594 şagirdlik müasir məktəb inşa olunmuşdur. Qəribə olsa da, indi burada 47 və 52 nömrəli köçkün tam orta məktəbləri fəaliyyət göstərir. Hər iki məktəb üzrə şagirdlərin ümumi sayı cari tədris ilində 346 nəfər olmuşdur. Belə olan halda bir binada iki məktəbin fəaliyyətinə hansı lüzum var? Təəssüf ki, bu, müstəsna hal deyil. 2015-ci ildə Mingəçevir şəhəri ərazisində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə inşa edilmiş məktəb binası rayonun 51 nömrəli məktəbinin istifadəsinə verilmişdir. Rayon təhsil şöbəsinin heç bir qanuni əsası olmayan qərarı ilə 50 nömrəli köçkün tam orta məktəbi də buraya köçürülmüşdür. Başqa analoji fakt: 2016-cı ildə Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində inşa edilən qəsəbədə yeni məktəb binası 135 nömrəli köçkün tam orta məktəbin istifadəsinə verilmişdir. Rayon təhsil şöbəsinin göstərişi ilə əlavə olaraq 87 və 92 nömrəli məktəblər də bu binaya köçürülmüşdür. Halbuki hər üç məktəb üzrə şagirdlərin ümumi sayı 440 yerlik yeni məktəb binası üçün ağırlıq yaratmır. Bəs bir ünvanda üç məktəbin yerləşdirilməsi hansı zərurətdən doğur? Bunun xeyrini, zərərini niyə araşdıran yoxdur?

 

Ağdam Rayon Təhsil Şöbəsi təhsil sahəsindəki “yenilik”lərini inamla davam etdirir, məqam gələndə isə hətta genişləndirir. 2017-ci ildə Bərdə rayonunun Həsənqaya kəndi ərazisində inşa olunmuş yeni yaşayış məhəlləsində üç mərtəbədən, 44 sinif otağından ibarət olan məktəb binası 12 nömrəli köçkün tam orta məktəbin istifadəsinə verildi. Çox keçmədi ki, rayon təhsil şöbəsinin diktəsi ilə 11 və 95 nömrəli köçkün tam orta məktəbləri də bu ünvana köçürüldü. Çox yaxşı, dövlətin istəyi də budur ki, onun sabahının qurucuları geniş, işıqlı, rahat sinif otaqlarında təhsil alsınlar, savadlı, vətənpərvər, yüksək intellektual səviyyəyə malik vətəndaş kimi formalaşsınlar. Bəs, dövlətin bu qayğısından sui-istifadə etməyin anlamı nədir? Niyyət xoş olsa, bir binada 3 deyil, 1 məktəb saxlamaqla da dövlətin qarşıya qoyduğu hədəflərə çatmaq mümkündür. Axı, lüzumsuz yerə bir ünvanda 3 məktəbin saxlanılması dövlət büdcəsinin yükünü süni sürətdə artırır. Həm də o dövlətin ki, dünya ölkələri iqtisadi böhran sınağında çapaladığı bir zamanda bizim rahatlığımız üçün vəsait xərcləyib yollar çəkir, körpülər salır, yeni-yeni məktəblər, xəstəxanalar tikir. Elə isə vətəndaş olaraq biz dövlət qarşısındakı borcumuzu niyə dərk edib dəyərləndirmirik. Onun büdcəsini qoruyub artırmaq əvəzinə şəxsi maraqlarımız üçün çalışır, “nə gedir, bağdan gedir” psixologiyası ilə yaşayırıq. Ağdam Təhsil Şöbəsi də bir ünvanda 2-3 məktəbin fəaliyyətinə şərait yaratmaqla lüzumsuz yerə yüzlərlə əlavə ştatın saxlanmasına, dövlət büdcəsinin talan edilməsinə rəvac verir.

 

Alıbəyli-2 qəsəbəsində tam orta məktəb binası xeyli vaxtdır ki, qəzalı vəziyyətdədir. Rayon icra hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin köməyi ilə məktəb ərazisində çadırlar quraraq tədrisin davam etdirilməsinə nail olmuşdur. Proseslərin iştirakçısı olan təhsil şöbəsi isə dövlətin yaratdığı imkandan problemin həlli üçün istifadəyə təşəbbüs belə göstərmir.

 

Rayon təhsil şöbəsinin təqdimatı əsasında hər il zəruri sayılan ərazilərdə dövlət vəsaiti ilə modul tipli məktəblər inşa olunur. Alıbəyli-2 qəsəbə tam orta məktəbində 125 şagird təhsil alır. Məktəb binasının hər an uçmaq təhlükəsi var. Təhsil şöbəsi isə vəziyyətdən məlumatlı olsa da, modul məktəblərin tikintisi ilə bağlı nazirliyə təqdimat yazarkən Bərdə rayon ərazisində bir-birinə çox yaxın yerləşən 9 və 122 nömrəli məktəblər üçün modul sinif otaqlarının inşasının vacibliyini göstərmiş və həm də təkcə göstərməmiş, həmçinin onların tikilib istifadəyə verilməsinə nail olmuşdur. Araşdıranda məlum olur ki, 9 nömrəli köçkün tam orta məktəbin direktoru Tofiqə Nuriyeva rayon təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanın qohumudur. Canıyananlıq da məhz burdan qaynaqlanırmış.

 

Xüsusi təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud olan şagirdlərlə aparılan iş sahəsində də ciddi nöqsanlar mövcuddur. Təhsil Nazirliyinin büdcəyə nəzarət xidməti tərəfindən aparılmış monitorinq nəticəsində sağlamlıq imkanları məhdud şagirdlərin sayı 200 nəfər müəyyən edilsə də, onların sayı təhsil şöbəsi tərəfindən artırılaraq 302 nəfərə çatdırılmışdır. Vətəndaşların şikayətləri əsasında ümumtəhsil məktəblərində aparılan monitorinqlərlə müəyyən edilmişdir ki, sağlamlıq imkanları məhdud olan şagirdlərin böyük əksəriyyətinə müəllimlər tərəfindən fərdi qaydada ev şəraitində dərs keçilmir. Hətta bəzən əqli və fiziki cəhətdən sağlam olan şagirdlər məqsədyönlü şəkildə sağlamlığı qüsurlu şagird kimi sənədləşirilir və güya onlara ev şəraitində dərs keçildiyi göstərilir. Bununla da dövlət büdcəsindən xeyli miqdarda vəsait mənimsənilir.

 

Təhsil Nazirliyinin “Fərdi təhsilin təşkili” haqqında müvaqif əmrinə əsasən, cari tədris ilində 52 şagird bu cür təhsilə cəlb edilmişdir. Qaydalara uyğun onlara dərs məşğələləri ayrıca sinif otaqlarında keçirilməli və xüsusi dərs cədvəli hazırlanmalıdır. Lakin reallıq budur ki, fərdi təhsilə cəlb edilmiş şagirdlərə dərs ümumi qaydada tədris olunur. Bu da əlavə olaraq büdcədən xeyli vəsaitin mənimsənilməsi ilə nəticələnir.

 

Bəzən təhsilin reytinqini məzunların ali məktəblərə qəbulunun nəticələri ilə müəyyən edirlər. Bu müqayisənin düzgün olub-olmadığını söyləmək çətindir. Amma qeyd etməliyik ki, Ağdamda bu sahədə qazanılan az-çox uğur repititor müəllimlərin haqqıdır. İnkaredilməz həqiqətdir ki, yuxarı sinif şagirdləri məktəblərə deyil, repititor müəllimlərin yanına gedirlər. Təhsil ocaqlarında isə dərslər keçirilməsə də, sinif jurnallarında saxta qeydlər aparılır, hətta şagirdlərin biliyi də qiymətləndirilir. Beləcə jurnallar yazılır, keçilməyən dərslərə görə əməkhaqqı verilir. Amma göz önündə olan bu saxtakarlığa görə heç kəs məsuliyyət daşımır.

 

Yəqin ki, Təhsil Nazirliyi məqalədə qeyd edilən və diqqətdən kənarda qalan digər nöqsanlara aydınlıq gətirib lazımi tədbirlər görəcək.

 

 

 

Lazım QULİYEV,

 

Azərbaycan. - 2021.-30 yanvar.- S.6.