Əsrlərdən gələn səs

 

2021-ci il "Nizami Gəncəvi ili"dir

 

Yeni təqvim ili mədəniyyət tariximiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən simvolik dəyərlərlə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ilielan edildi. Eyni zamanda ölkəmizin yeni təyin olunmuş mədəniyyət nazirinə tapşırıq və tövsiyələrini verərkən ölkə rəhbəri işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Təbii ki, hər iki fakt həyatımızda əhəmiyyətli yer tutaraq yeni bir tarixi başlanğıca çevriləcək.

 

 

Bəşəri sərvət

 

 

Nizami Gəncəvi ili” ilə bağlı Prezident sərəncamında bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiyməti verilir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı vurğulanır.

Nizami Gəncəvi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir. İctimai fikir tarixində onun kimi dühaya sahib olmaq isə Azərbaycan xalqının böyük xoşbəxtliyidir.

Hələ XII əsrdə Azərbaycan torpağında - dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim şəhərimiz Gəncədə belə bir dühanın, mütəfəkkirin, söz sərrafının yaşayıb yaratması, əsərləri ilə bütün dünyada şöhrət tapması xalqımızın yüksək mənəvi potensialından, malik olduğumuz ali dəyərlərdən xəbər verir. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti inciləri ilə qəlblərdə əbədiləşən Nizami Gəncəvinin “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində qərar tutub.

Mütəfəkkir şairin yaradıcılığı özündən sonrakı dövrdə böyük bir ədəbi məktəb formalaşdırıb. Nizami Gəncəvi sözünün işığında dünyanın müxtəlif ölkələrində yüzlərlə şair, filosof yetişib. Onun əsərləri dünya fəlsəfi fikrinə yeni bir istiqamət, yön verib. Dahi şairimizin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafında da önəmli rol oynayıb.

 

 

880 illik işıq

 

 

Bu il böyük mütəfəkkirin anadan olmasının 880 illiyi tamam olur. Ölkəmizdə “Nizami Gəncəvi ilielan edilməsi də elə bu əlamətdar hadisə ilə bağlıdır. Onu da qeyd edək ki, Nizami Gəncəvinin yubileyləri ölkəmizdə həmişə bir el bayramına çevrilib. Ən yüksək səviyyədə təntənə ilə keçirilib. Xüsusilə, dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Bu tarix faşizmə qarşı müharibənin ilk ilinə, kifayət qədər gərgin vaxtlara təsadüf etsə də, dahi şairin 800 illik yubileyi yenə diqqətdən kənarda qalmayıb. Keçmiş ittifaqın müxtəlif məkanlarında, hətta o vaxt mühasirə şəraitində olan Sankt-Peterburqda belə yubiley tədbirləri təşkil olunub. Doğma Azərbaycanda isə görkəmli mütəfəkkirmizə ümumxalq sevgisi, onun xatirəsinə ehtiram müxtəlif tədbirlərlə öz ifadəsini tapıb. Nizami müdrikliyi, böyük şairin bəşəriyyətə təlqin etdiyi mənəvi dəyərlər ən çətin zamanlarda da insanlar üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mənəvi bələdçiyə çevrilib.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev başqa mütəfəkkirlərimiz kimi Nizami Gəncəvi irsinə daim xüsusi diqqət yetirirdi. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevrildi. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi də dövlət səviyyəsində silsilə tədbirlərlə geniş şəkildə qeyd edildi.

Yaradıcılığı həmişə dünya şərqşünaslıq elminin maraq dairəsində olan Nizami Gəncəvinin əsərlərinin öyrənilməsi və təbliği sahəsində də bu illər ərzində xeyli işlər görülübonlar davam etdirilməkdədir. Dahi şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb. Kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-PeterburqdaRomada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuMilli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi hazırda uğurla fəaliyyət göstərməkdədir.

 

 

Nizami Gəncəvi yaradıcılığına ehtiram

 

 

Dahi şairin 880 illik yubileyi şərəfinə bütöv bir ilin məhz onun adına, yaradıcılıq irsinə həsr edilməsi isə ilk dəfədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəni dəyərlərinə sevgisindən, bu dəyərlərə verdiyi mühüm əhəmiyyətdən, Nizami irsinə yüksək ehtiramından irəli gəlir. Nizami Gəncəvi ili” çərçivəsində keçirilən tədbirlər böyük mütəfəkkirin tarixi-mənəvi irsinin xüsusilə gənc nəslə aşılanmasında, tarixən mədəniyyət beşiyi olmuş Azərbaycanın mənəvi sərvətlərinin dünyaya Nizami işığında təqdim olunmasında mühüm rol oynayacaq.

Nizami Gəncəvi kimi uca şəxsiyyətlərimiz həmişə fəxarət duyduğumuz öyünc yerimiz olub. Çünki xalq olaraq daşıdığımız ali dəyərlər, dünyaya humanist nəzərlərlə baxışımız, bəşəriyyətin xoşbəxt gələcəyi ilə bağlı arzularımız, ümidlərimizbu gələcəyə töhfə vermək əzmimiz Nizami Gəncəvi kimi dahi sənətkarlarımızın şəxsiyyətində, həyat və yaradıcılığında öz əksini tapır. Belə böyük dühalarımızın mümkün qədər dərindən öyrənilməsi, tanıdılması, nəsillər üçün bir örnək sayılması bizə daim öz böyüklüyümüzü xatırladır. Malik olduğumuz yüksək potensialı hər zaman diqqətimizdə saxlayır. Həyat meyarlarımızı belə şəxsiyyətlərimizə layiq şəkildə seçməyimizi təlqin edir. “Nizami Gəncəvi ilinin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi isə xüsusilə əlamətdardır. Biz bu Zəfəri ədalət uğrunda apardığımız savaşda qazandıq. Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gələrək illərdir işğalçı Ermənistanın tanımadığı, tapdadığı ədaləti bərpa etdi. Milyonlarla soydaşımızın pozulmuş haqlarını, hüquqlarını özünə qaytardı. Əzəli torpaqlarımıza qayıdış üçün yol açdı. Bu torpaqlarda ermənilərin 30 illik xarabazarlıq dövrü bitdi.

44 günlük Vətən müharibəsində xeyir şər üzərində qələbə çaldı. Bu, Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir. Nizami Gəncəvinin əsərlərinin də əsas qayəsində məhz bəşəriyyət üçün bu ali məqsədlər durur. Böyük mütəfəkkir “Xəmsə”sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edirdi. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, insana əzab verməyi yox, onun rifahına çalışmağı önə çəkirdi. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, saflığı və s. bu kimi mənəvi keyfiyyətləri insanlığın zinəti kimi göstərir.

Onun əsərlərində XII əsrin həyati mənzərəsi şairin duyğuları, düşüncələri, arzuları şəklində əks olunur. Amma bu təkcə cəmi bir əsrə sığan həyat deyil. Ümumən bəşəriyyətin keçmişi, bu günü və gələcəyidir. Nizami Gəncəvi yaradıcılığında cəmiyyətdəki ziddiyyətlər, ağır epik lövhələr, həmin ziddiyyət və ağırlıqlardan doğan narazılıqlar qədər bu ziddiyyətlərin, əzab və əziyyətlərin aradan qalxacağına, xeyirin hər zaman qalib gələcəyinə böyük bir ümidvar.

Nizami Gəncəvi ilinin elan olunması ilə eyni gündə Azərbaycan Prezidenti öz çıxışı zamanı Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi əsrlərdən süzülüb gələn bu ümid işığının reallığa çevrilməsidir. Yenə də xeyirin qalibiyyətidir. Bundan sonra da hər zaman belə olacağına inamdır.

Nizami Gəncəvinin 880 illik yubiley tədbirləri, artıq azad Şuşamızda da keçiriləcək. Sevgisi ilə mənəvi dünyamızı hifz edən Nizami Gəncəvi kimi mütəfəkkirlərimizin nigaran ruhu kimi Şuşa da artıq şaddır. Ermənilərin yaratdıqları viranələrdə məskən salmış qarğa-quzğunların yerini çox tezliklə cənnət quşları tutacaq, şəhərin ilkin, tarixi siması bərpa ediləcək. Xarıbülbül festivalında “Qarabağ bülbülləri”nin səsi-sədası şərə qalib gəlmiş xeyirin nəğməsi kimi bütün aləmə yayılacaq.

Və Nizami misralarının əsrlərdən gələn səsi bundan sonra da xoşbəxtliyin, firavanlığın, nicatın yolunu göstərəcək.

 

 

İradə ƏLİYEVA

Azərbaycan.-2021.- 7 yanvar.- S.1;4.