Milli Kitabxanada “Bəxtiyar Sadıqov - 70” adlı virtual sərgi təqdim olunub

 

Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Bəxtiyar Sadıqovun 70 illik yubileyi tamam olub. Bəxtiyar Sadıqov jurnalistbaş redaktor kimi Azərbaycan tarixinin, xüsusən XX əsrin sonlarında baş verən hadisələrin, xalqımızın həmin dövrdə qarşılaşdığı haqsızlıqların, yaşadığı faciələrin ictimaiyyətin diqqətinə çatdırılmasında xüsusi rol oynayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər tanınmış jurnalistin yubileyi ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunan virtual sərginin təqdimatında diqqətə çatdırılıb.

Qeyd edilib ki, dövlətçilik, vətənpərvərlik, milli-mənəvi dəyərlər, beynəlxalq qlobal problemlər və sosial məsələlər onun tez-tez toxunduğu mövzulardan olub. Onun publisistikası həmişə aktuallığı, müasirliyi, ümummilli mövqeyi, vətənpərvərliyi, mübarizliyi ilə seçilir. Bu xüsusiyyətlər daim yaradıcılıq axtarışında olan Bəxtiyar Sadıqovun məqalələrinin, müəllifi olduğu kitabların qayəsini təşkil edən dəyərlərdir.

Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bəxtiyar Sadıqov - 70” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib. Kitabxananın rəsmi saytındakı virtual sərgidə Bəxtiyar Sadıqovun məqalələri, müəllifi və redaktoru olduğu kitablar, həyatı və yaradıcılığı haqqında yazılar, fotoşəkillər nümayiş olunur.

 

Azərbaycan.-2021.- 8 yanvar.- S.9.