Zəfər salnaməsi

 

Azərbaycan tarixinin 44 şərəf günü

 

 

 

Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyünün bərpası oldu. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan İlham Əliyevin şərtləri əsasında düşmənin kapitulyasiyası ilə başa çatdı.

 

 

 

Cəbrayıl azad edilən ilk şəhər oldu

 

 

Oktyabrın 4-də növbəti qələbə xəbəri gəldi. “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” - deyə İlham Əliyev “Twitter” səhifəsində yazdı. Həmin gün xalqa müraciət edən İlham Əliyev Cəbrayıl şəhərinin, həmçinin rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal və Cəfərabad kəndlərinin azad olunduğunu bildirdi. “Bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır. Mən hadisələrdən əvvəl demişdim. Orada təxribat törətdi, dərs verdik, dərs olmadı. Burada təxribat törətdi, dərs verdik, dərs olmadı. Nəhayət, bu dəfə təxribat törətdi, dərs verdik, indi dərs oldu. Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruqbundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” - deyə İlham Əliyev bəyan etdi.

Oktyabrın 4-də Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım etdi. Paylaşımda deyilir: “Bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi-qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!”

Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Ali Baş Komandan birlik komandirləri - general-mayor Mayis Bərxudarovu, general-mayor Hikmət Mirzəyevi və onların rəhbərlik etdikləri şəxsi heyəti təbrik etdi. Generallar İlham Əliyevə təşəkkürlərini bildirərək əmin etdilər ki, qarşıya qoyulmuş bütün vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcəklər.

 

 

 

Mehriban Əliyeva: “Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq”

 

 

Azərbaycan Ordusunun hücumlarının qarşısının alınmaz olduğunu artıq Ermənistan və dünya erməniliyi hiss etməyə başlamışdı. Təsadüfi deyil ki, məhz həmin ərəfələrdə düşmənin müvafiq orqanları dövriyyəyə feyk informasiyalar ötürməyə başladılar. Hətta bir sıra ölkələrdə də KİV tərəfindən yalan informasiyalar tirajlanmağa başlanmışdı.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi “Instagram” səhifəsində etdiyi növbəti paylaşım da bununla bağlı idi. “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız, həqiqətən, tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik.

Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram! Azərbaycanı özünün Vətəni hesab edən hər kəs səsini ucaltmalı və ermənilərin yalanını təkzib etməlidir! Uca Tanrı bizim Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!”- deyə Mehriban Əliyeva yazdı.

Oktyabrın 5-də cəbhədən növbəti qələbə xəbəri gəldi. “Bu gün Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etmişdir. Qəhrəman ordumuzun uğurlu əməliyyatı davam edir. Qarabağ Azərbaycandır!” - deyə İlham Əliyev elan etdi.

Həmin günlərdə Prezident İlham Əliyev “Əl-Ərəbiyə”, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Euronews” və Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibələr verdi. Ali Baş Komandan bir daha bəyan etdi ki, Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. “Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda bu beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağişğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.

 

 

 

Düşmənin hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv edildi

 

 

Ağır məğlubiyyətə uğrayan Ermənistanın hədəfi isə Azərbaycanın mülki yaşayış məskənləri və mülki vətəndaşları idi. Ordumuzun sürətlə irəliləməsindən sonra düşmənin silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini Azərbaycanın mülki əhalisini və infrastrukturunu daha intensiv şəkildə hədəfə almağa başladı. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və müstəsna əhəmiyyətli infrastrukturun xüsusən də Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribat idi. Belə ki, Azərbaycanın mülki əhalisi və infrastruktur obyektləri məhz Ermənistan ərazisindən, o cümlədən Gorus, Sisyan, CermukBerd şəhərlərindən raket atəşinə tutulurdu. Bu hərbi təxribat olmaqla yanaşı, Ermənistan siyasi-hərbi rəhbərliyinin zəifliyini və panikada olduğunu göstərirdi.

Azərbaycan legitim hərbi hədəflərə yönəlməklə ermənilərə adekvat cavab verdi və düşmənin hərbi obyektləri ordumuzun dəqiq atəşləri ilə məhv olundu.

Oktyabrın 6-da İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Həsən Ruhani Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın davam etməsindən ölkəsinin narahatlığını ifadə edib və münaqişənin tez bir zamanda sülh yolu ilə həll olunacağına ümidvar olduğunu bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, sentyabrın 27-dən başlamış və bu gündavam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xətti boyu yerləşən hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Nəticədə hərbi qulluqçularımız, 27 mülki şəxsimiz həlak olub, 170-dən çoxu yaralanıb, 900-dən artıq evə ziyan dəyib və ya tamamilə dağıdılıb. Azərbaycan tərəfi uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın bir hissəsini işğaldan azad edib.

Dövlət başçısı qeyd edib ki, İran-Azərbaycan dövlət sərhədinin işğal olunmuş ərazisinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib və sərhədboyu işğaldan azad olunmuş ərazilərdə tezliklə Azərbaycan sərhəd qoşunlarının və sərhəd infrastrukturunun yerləşdirilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev bildirib ki, Ermənistanın davam edən hərbi təcavüzü və təxribatları regionda sülhün və təhlükəsizliyin təmin olunması işində ən böyük əngəldir.

Dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin gələcək uğurlu inkişafı ilə bağlı məsələləri müzakirə edib və əlaqələrimizin ölkələrimizin və xalqlarımızın maraqlarına uyğun olaraq bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduqlarını bildiriblər.

Oktyabrın 7-də Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə ad günü münasibətilə zəng edərək təbriklərini çatdırıb, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər, o cümlədən Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

 

 

Bütün dünya gördü ki, Azərbaycan tək deyil

 

 

Azərbaycan-Türkiyə birliyinin nə demək olduğunu 44 günlük müharibədə bütün dünya daha yaxından gördü. Dostluq və qardaşlıq əlaqələrindən irəli gələrək Türkiyə Dağlıq Qarabağ məsələsində ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç bir siyasi-diplomatik münasibət qurmur. Eyni zamanda Türkiyə bütün diplomatik səviyyələrdə daim Azərbaycanın haqlı mövqeyini müdafiə edib.

Sentyabr ayında hərbi əməliyyatların başlanmasından sonra Türkiyənin siyasi və hərbi rəhbərliyinin qətiyyətli və kəskin bəyanatları göstərdi ki, qardaş dövlət Azərbaycanı heç vaxt tək qoymayacaq. Türkiyə Prezidenti, xarici işlər və müdafiə nazirləri ilk gündən Azərbaycanın yanında olacaqlarını bəyan etdilər. Eyni zamanda Türkiyə ictimaiyyəti bütünlüklə xalqımızın haqq işinə dəstəyini ifadə etdi.

Prezident İlham Əliyev oktyabrın 6-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bütün bunlar barədə demişdi: “Mənim əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilə bu günlərdə təmaslarım, onun çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Azərbaycanın yanında Türkiyə kimi dünya miqyasında böyük bir güc olan dövlət var, qardaş ölkə var. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verireyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsi üçün önəmli rol oynayır. Mən bunu bu günlər ərzində demişəm ki, Türkiyə bölgədə sabitləşdirici rol oynayır. Türkiyənin bölgədə və dünyada yalnız sülhə hesablanmış siyasəti artıq öz nəticələrini verməkdədir, həm Yaxın Şərq bölgəsində, eyni zamanda Qafqaz bölgəsində. Ona görə Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”.

 

 

 

Hadrutun alınması cənub cəbhəsinin strateji uğuru idi

 

 

Oktyabrın 9-da, Azərbaycan xalqına döyüşlər başlayandan sonra sayca üçüncü müraciətini edən Prezident İlham Əliyev növbəti qələbə müjdəsini çatdırdı. Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Sur kəndinin, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qışlaq, Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi Azərbaycan Ordusunun müzəffər yürüşünün uğurlainamla davam etdiyini göstərdi.

Qeyd edək ki, artıq həmin tarixə qədər, yəni müharibənin 12 günü ərzində Azərbaycan Ordusunun Ermənistana vurduğu zərbənin miqyası kifayət olduqca güclü və miqyaslı idi. Belə ki, cəmi 12 gün ərzində Ermənistan ordusunun 16 komanda məntəqəsi, 196 tankı, 38 BM-21, 1 “Uraqan”, 8 “Akasiya”, 2 “Qvozdika” artilleriya qurğuları, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 hava hücumuna qarşı müdafiə vasitəsi, 2 “S-300” kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 KUB zenit-raket kompleksi, 4 “Repelend” radio-texniki maneə vasitəsi, 136 top, 56 minaatan, 1 TOS-1A odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilmişdi. 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını isə qənimət götürülmüşdü.

Həmin günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın qarşısında davam gətirə bilmədiklərini görüb dayanmadan ayrı-ayrı dövlətlərin rəhbərlərinə zəng edirdi. Azərbaycan Ermənistanı sözün əsl mənasında peşman etmişdi. Erməni mənbələri nə qədər gizlətməyə çalışsalar da hər gün bu ölkənin şəhər və kəndlərinə saysız-hesabsız əsgər meyitləri gedirdi və xəstəxanalarda yaralı əlindən yer qalmamışdı.

İlham Əliyevin şərtləri isə ilk gündən aydın idi. Düşmənin xilasının yeganə yolu torpaqlarımızdan çıxması idi. “Ermənistana axırıncı şans veririk, axırıncı şans! Heç kimə ümid bağlamasın. Heç kim onlara kömək etməyəcək. Bizim qabağımızda Ermənistan acizdir. Bizim qabağımızda Ermənistan diz çöküb. Bizim şəhidlərimizin ruhu qarşısında biz onları diz çökdürmüşük”, - deyə İlham Əliyev oktyabrın 9-da etdiyi müraciətdə bildirirdi.

Amma Ermənistanın siyasi-hərbi rəhbərliyi bu reallığı dərk edə bilmədi və Moskvada əldə olunmuş humanitar razılaşmanı da işğalçı pozaraq Azərbaycanın azad etdiyi əraziləri geri qaytarmağa cəhd göstərdi və bundan sonra başlanan yeni hücum əməliyyatları ilə ordumuz qələbələrini davam etdirdi və oktyabrın 14-də Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri, oktyabrın 15-də Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, oktyabrın 16-da isə Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edildi.

 

 

 

(Ardı var)

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 9 yanvar.- S.1;3.