ICESCO-nun nümayəndə heyəti Azərbaycan Milli Xalça Muzeyində olub

 

 

Ölkəmizdə səfərdə olan İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 13-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.

Diqqətə çatdırılıb ki, “qızıl fondunu xovlu xalçalar təşkil edən Milli Xalça Muzeyinin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin - Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.

Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu qonaqlarda xoş təəssürat yaradıb.

 

 

Azərbaycan.-2021.- 14 yanvar.- S.4.