Dünya yenə heyran qalacaq

 

Bu dəfə Qarabağı başdan-başa yenidən qurmağımıza, cənnətə döndərməyimizə

 

 

 

30 ili Qarabağsız olmaq bizə olmazın ağrı-acılar, məhrumiyyətlər yaşatdı. Vətəndə qaçqına, köçkünə çevrildik, ağır və çəkilməz xəcalət yükünü uzun illər boyu daşımağa məhkum edildik. Amma üzülsək də, sızlasaq da, bircə günümidsiz olmadıq. Göydə hüdudsuz qüdrət sahibi uca Allaha, yerdə dövlətimizə, bu dövləti müdrikliklə idarə edən Prezidentə - müzəffər Ali Baş Komandana, onun rəhbərlik etdiyi Ordunun qəhrəman əsgərlərinə güvəndik.

 

Dövlət olması üçün torpaq verdiyimiz, süfrəmizin bol nemətlərindən pay ayırıb ac qarınlarını doyurduğumuz nankor qonşularımız ürəklərində bəslədikləri qara niyyəti, hər zaman hazırlıq gördükləri, gözlədikləri tarixi fürsət yaranan kimi Azərbaycanın dövlət idarəçiliyində yaranan xaosdan, hakimiyyət böhranından məkrlə istifadə edərək cənnət Qarabağımızı işğal etdilər.

 

Şəhərlərimizi, kəndlərimizi dağıdıb viran qoydular, evlərimizə od vurub yandırdılar.

 

Bu, reallıq idi ki, arxalı düşmən qarşısında zəif idik. Düşməndən qisas almaq, işğal altındakı torpaqlarımızı azad etmək üçün ciddi hazırlıq görmək, müasir silahlarla təmin edilmiş güclü ordu yaratmaq vacib idi. Əlbəttə, bu, zaman tələb edirdi. Və həmin zaman 2020-ci il sentyabrın 27-də yetişdi.

 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev siyasi fəaliyyətində Qarabağ münaqişəsinin dəyişməz prioritet olduğunu dəfələrlə bəyan etmişdir. Həmişə bu mövzudan danışarkən əminliklə vurğulayırdı ki, mən nəyi, nə zaman və necə etməyi yaxşı bilirəm. Bu üstüörtülü mesajda böyük məntiqin, güclü iradənin ifadə olunduğunu ən böyük hakim olan zaman birmənalı şəkildə təsdiqlədi.

 

Əlbəttə, biz Ermənistan silahlı qüvvələrinin çoxsaylı təxribatlarına cavab olaraq Qarabağın işğaldan azad edilməsi uğrunda müqəddəs savaşa bundan əvvəlki dönəmlərdə də başlaya bilərdik. Amma nəticəni proqnozlaşdırmaq çətin idi. Vətən müharibəsinə başlamaq üçün ən əlverişli məqam seçilməliydi. Bunu Prezident İlham Əliyev böyük müdrikliklə bacardı. Qəribə də olsa, bu məqamda kommunist ideologiyasının banısı Leninin oktyabr inqilabına başlamaq haqqında “Bu gün tezdir, sabah gecfikri yada düşür. Heç şübhəsiz, müxtəlif zamanların siyasi liderlərinin söylədikləri fikirlərdə paralellər aparmaq istəyindən uzağıq. Amma doğru olan odur ki, siyasi uzaqgörənliklə verilən, reallıqdan qaynaqlanan mühüm tarixi qərarların nəticəsi gözlənilən olur, necə ki, biz bunu zəfərlə başa çatdırdığımız Vətən müharibəsində gördük.

 

Qələbə sevincinin hərarəti buz bağlamış Qarabağ nisgilini əritdi. Ürəyimiz açıldı, gözümüz güldü. Sevincə, şənliyə yadırğamış qubarlı könüllərimizin çiçəyi çırtladı. Gözyaşlarımız selə döndü. Amma bu dəfə qələbənin doğurduğu sevinc gözyaşları ilə bir şəhid anasının oğlunun məzarı başında dediyi sözlər yaddaşımıza həkk olundu: “Daha bundan sonra ağlamayacağam. Şükur olsun Allaha ki, şəhid balalarımızın qisası layiqincə alındı. Qəhrəman övladlarımız Qarabağı işğaldan azad etdilər. Biz qalib gəldik. İndi sıra erməni analarındadı. Qoy onlar özgə torpaqlarında döyüşüb ölən oğulları üçün ağlasınlar, bir ömür boyu yas saxlasınlar”.

 

Qələbə sevincini yaşayan xalqımız sabaha böyük ümidlərlə baxır. Artıq Qarabağda böyük bərpa və quruculuq işlərinə start verilmişdir. İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri gündən-günə vüsət almaqdadır. Bir yandan ərazilər minalardan təmizlənir, bir yandan yeni yollar çəkilir, körpülər salınır, müxtəlif infrastruktur layihələri həyata keçirilir.

 

Bərdədən Ağdama dəmir yolu xəttinin çəkilməsi sürətlənir. Müasir tələblərə cavab verən Füzuli-Şuşa avtomobil yolunun tikintisi də həmçinin. Suqovuşana çəkilən yolun xeyli hissəsi artıq hazırdır.

 

Qarabağı yenidən qurmaq, sözün həqiqi mənasında cənnətə döndərmək üçün ölkəmizdə bütün qüvvələr səfərbərdir. Tikinti-bərpa, abadlıq-quruculuq işlərinə xarici şirkətlər cəlb edilmişdir. Əminik ki, bütün bunların sayəsində düşmənlərimizin 30 il ərzində viran qoyduqları Qarabağda bütün kəndlər, şəhərlər, qəsəbələr yüksək zövqlə, fəal vətəndaş mövqeyilə yenidən qurulacaq. Milli-mənəvi dəyərlərimizin, musiqimizin beşiyi olan Şuşa ən yaxın zamanda yenidən regionun mədəniyyət paytaxtına çevriləcək. Qarabağ əsrarəngiz təbiət gözəllikləri, 5 ulduzlu hotelləri, böyük idman və əyləncə mərkəzləri ilə, təmiz havası, saf suyu, qonaqpərvər adamlarıyla müasir turizm mərkəzi kimi tez bir zamanda bütün dünyada şöhrət qazanacaq.

 

Biz bunları yaxın gələcəkdə reallaşdıracağıq, qarşıya qoyulmuş hədəflərə ən qısa zamanda uğurla çatacağıq. Döyüş meydanında yenilməz birliyimizin simvoluna çevrilən, düşmənin başını əzən dəmir yumruğumuzun güclü barmaqları açılıb, bu torpaqdan güc alan hərarətli əllərə çevriləcək. Biz bu əllərin qüdrəti ilə, vətən sevdalı ürəklərin istəyi ilə külli-Qarabağı başdan-başa yenidən quracağıq. Elə quracağıq ki, bütün dünya bu gözəlliyə, hünərə heyran qalsın.

 

 

 

Lazım QULİYEV

Azərbaycan.-2021.- 14 yanvar.- S.1;7.