Tovuzda “Vətən Müharibəsi Qəhrəmanı” Orxan Cabbarovun xatirəsi ehtiramla yad edilmişdir

 

İkinci Qarabağ savaşında tarixi Zəfərin əldə olunmasında tovuzlu əsgər və zabitlərimiz də yüksək peşəkarlıq və qəhrəmanlıq göstərmişlər. Onların sırasında  canlarından keçərək şəhidlik zirvəsinə yüksələnlər çoxdur. Belə hərbiçilərdən birikiçik gizir Orxan Rövşən oğlu Cabbarovdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, işğal olunmuş ərazilərin azad olunması zamanı döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, eləcə də hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Orxan Cabbarov Prezidentin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüşdür, Orxan Cabbarov, həmçinin dövlət başçısının 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Bu günlər Tovuz rayon rəhbərliyi qəhrəman şəhidin ailəsinə baş çəkmiş, ictimayyət nümayəndələri və ailə üzvləri ilə birlikdə onun dəfn olunduğu qəbiristanlıqda məzarını ziyarət etmişdir. Orxan Cabbarovun əziz xatirəsi ehtiramla yad olunmuş, dualar oxunmuş və məzarüstü abidəsi önünə tər gül dəstələri qoyulmuşdur.

Ziyarətçilər Vətən uğrunda canından keçən qəhrəman Orxan Cabbarovun döyüşlərdə göstərdiyi şücaətdən danışmış, onun keçdiyi şərəfli həyat yolunun hər bir tovuzlu gənc üçün örnək olduğunu qeyd etmişlər.

 

 

 

Sabir ƏLİYEV,

Azərbaycan.-2021.- 17 yanvar.- S.7.