Vətəndaş dövlətinin arxasında olduğu kimi, dövlət də vətəndaşının yanındadır

 

Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf  etməsidir. Çünki məhz iqtisadi yüksəliş dövlətə sosial məsələləri  uğurla həll etməyə imkan verir.

 

Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. Hətta pandemiya şəraiti səbəbindən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb.

 

Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olur. Bu zaman ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınır. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Həyata keçirilən bu siyasət beynəlxalq qurumlar tərəfindən də dəstəklənir. Həmin təşkilatlar ölkəmizdə bir sıra sosial layihələrin icrasını yüksək dəyərləndirir.

 

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır. Bu, sosial sahədə görülən işlərdə praktiki olaraq təsdiqini tapır.

 

Məlumdur ki, ötən ilin əvvəlindən dövlət başçısının müvafiq sərəncamı ilə  bütün pensiyalar ölkə üzrə 16,6 faiz indeksasiya olunaraq artırılmışdır. Ümumilikdə həmin və digər artımlar 2 milyondan çox vətəndaşımızı əhatə etmişdir. Həyata keçirilən uğurlu sosial islahatlar nəticəsində ölkəmizdə orta aylıq pensiyanın məbləği 13 faiz artaraq 300, yaşa görə pensiyanın məbləği isə 330 manata çatmışdır. Bunun sayəsində həm minimum, həm də orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə,  ölkəmiz MDB məkanında liderliyini qoruyub saxlamışdır.

 

Ötən il həmçinin 77 min ailənin 322 min üzvünə ünvanlı sosial yardım verilmişdir. Bu rəqəm 2019-cu illə müqayisədə 19 min nəfər çoxdur. Üstəlik, orta aylıq ödənişlərin məbləği 15 faiz artaraq 240 manata çatmışdır.

 

Azərbaycanda sosial siyasət həm də şəffafdır. 2020-ci ildə həm müavinət və təqaüd, həm də pensiya üzrə 95 min təyinat elektron portal üzərindən, məmurla vətəndaş arasında hər hansı bir təmas olmadan həyata keçirilmişdir. Bununla yanaşı, əsassız pensiya, saxta əlillik işlərinin, eləcə də digər ödənişlərin araşdırılması nəticəsində il ərzində 125 milyon manat vəsaitə qənaət edilmişdir. Eyni zamanda yığımların artması nəticəsində il ərzində 160 milyon manata qənaət olunmuşdur. Görülən bu tədbirlər sayəsində son iki ildə əhaliyə ödənişlərin 1 milyard manat artmasına baxmayaraq, 570 milyon manat vəsait dövlət büdcəsinə qaytarılmışdır.

 

Ölkəmizdə torpaqlarımızın düşmən işğalından azad olunmasında fədakarlıq göstərmiş insanların əməyi də yüksək dəyərləndirilir. Dövlət başçısının sərəncamı ilə keçən il dekabrın 31-də şəhid ailələrinin təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350, 3-cü qrup əlillərinin təqaüdü isə 300 manata qədər artırılmışdır. Eyni zamanda Milli qəhrəmanların təqaüdü artırılaraq 1800 manata çatdırılmışdır. Ölkə rəhbərinin müvafiq sərəncamı ilə yeni bir təqaüd - Vətən Müharibəsi Qəhrəmanına Azərbaycan Respublikası Prezidentinin 2 min manat məbləğində təqaüdü təsis edilmişdir. Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və ya şəhid olan vətəndaşların ailələri ilə bağlı görülmüş işlər 7 min şəxsi əhatə etmişdir. Onların 2300 nəfərinə sosial ödənişlər təyin olunmuşdur. Eyni zamanda şəhid və Vətən müharibəsi iştirakçısının ailələri özünəməşğulluq proqramına cəlb edilmişdir.

 

Yeri gəlmişkən, özünəməşğulluq proqramı İşdən Sığorta Fondu ilə yanaşı, BMT İnkişaf Proqramının, yerli bankların, Heydər Əliyev Fondunun dəstəyi ilə icra edilir. Təkcə ötən il özünəməşğulluq mərkəzləri tərəfindən 100 min vətəndaş işlə təmin edilib, 12 min ailə özünəməşğulluğa cəlb olıunub. Cari il daha 16 min ailənin bu proqrama cəlb olunması planlaşdırılıb. Bundan əlavə, haqqı ödənilən ictimai işlər proqramı icra olunur və yaradılmış 38 min daimi yerinin 98 faizi işçilərlə təmin edilib.

 

Pandemiya ilə əlaqədar sosial dəstəyə ehtiyacı olanlar da unudulmur. Məlumdur ki, ölkədə 600 min işsizə, o cümlədən qeyri-formal işləyən şəxslərə birdəfəlik 190 manat ödəmə proqramı icra edilir. Keçən il bu məqsədlər üçün 450 milyon manat vəsait sərf olunub. Həmçinin 110 min aztəminatlı ailəyə 3 dəfə ərzaq yardımı göstərilib, yaşı 65-dən yuxarı olan və tənha yaşayan şəxslərə daimi sosial dəstək verilib.

 

Bildiyimiz kimi, Vətən müharibəsi zamanı ermənilər tərəfindən kənd və şəhərlərimizin atəşə tutulması nəticəsində 100 nəfərə yaxın vətəndaşımız həlak olub, 400 nəfərə yaxın dinc sakin yaralanıb, minlərlə mülki obyektlər dağıdılıb.  Ümumilikdə 9294 fərdi yaşayış evi, 440 sahibkarlıq obyekti, 227 nəqliyyat vasitəsi, 518 kənd təsərrüfatı obyektinə ziyan dəyib. Dövlət tərəfindən vətəndaşlara dəyən ziyanı ödəmək üçün 9 milyon 100 min manat vəsait ayrılıb. Hazırda həmin vəsaitin vətəndaşlara ödənilməsi prosesi icra olunur.

 

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 23 yanvar.- S.1;4.