Şuşa yolu Zəfər yoludur

 

 

Şuşaya çəkilən yeni yol real olduğu qədər də rəmzi məna daşıyır. Çünki 30 illik zaman kəsiyini ağuşuna alıb müqəddəs Qələbəyə köklənən möhtəşəm döyüş yolunun xronologiyasını özündə ehtiva edir. Prezident zaman və məkanla uzlaşmayan, adi çərçivələrə sığmayan Şuşa səfərini özü belə qeyd etmişdir: “Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir”.

 

Dövlət başçısı Şuşa səfəri çərçivəsində öncə Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Bununla həm də postmüharibə dövrünün iqtisadi sıçrayışına yeni təkan verildi. Hava limanının bu il istifadəyə verilməsinin nəzərdə tutulmasının Qarabağbütün Azərbaycan üçün böyük əhəmiyyəti var. Təməli qoyulan Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu isə xarici qonaqların, turistlərin təyyarə limanından Şuşaya rahat gəliş-gedişini təmin edəcək.

 

Faşist ideologiyasının köləsinə çevrilən Ermənistan isə getdikcə xaosa uğrayır, postmüharibə dövrünün tələblərini anlamaqda çətinlik çəkərək yenə də iki əllə həmin üzdəniraq ideologiyadan yapışır. Bu baxımdan Füzulidən Şuşaya uzanan yol bizim şanlı zəfər yolumuz olmaqla yanaşı, işğalçı Ermənistanın nəyə “qadir olduğunu” sərgiləyən mənzərələrin tablosu, açıq səma altında erməni vəhşiliklərini, vandallığını ifşa edən tarix muzeyidir.

 

Bu yolun sonunda - Şuşa şəhərində dövlət başçısının, Ali Baş Komandan İlham Əliyevin üçrəngli bayrağımızı ucaltması isə haqqın və ədalətin təntənəsidir. Yada ruhumuza hakim kəsilən misralar düşür:

 

Şuşada sən qonduğun daşa pir deyəcəyəm,

 

Çəkəcəyəm gözümə kölgən düşən torpağı,

 

Azərbaycan bayrağı!

 

Azərbaycan bayrağı!”

 

Bir xalq olaraq Qarabağın bizim üçün necə müqəddəs olduğunu qələbəmizlə sübut etdik. “Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir”. Bu sözləri Prezident İlham Əliyev Şuşada hərbçilərin qarşısında çıxış edərkən dedi və əlavə etdi ki, inkişaf etmiş bir çox ölkələrin mütəxəssisləri 44 günlük Vətən müharibəsinin hər bir gününü təhlil edir, gedən döyüşlərin sirlərini öyrənirlər.

 

Bu müharibədə xalqımıza, əsgərlərimizə arxa duran, güc verən Prezidentin həm də xarici KİV-ə verdiyi 30 müsahibə idi. Savaş gedərkən hamı həmin müsahibələrə baxırdı, onları oxuyurdu. Bakıda xarici müxbirlərin çox vaxt jurnalist etiketinə, qələm sahibinin əxlaqına sığmayan davranışlarına baxmayaraq, dövlət başçısının Azərbaycanın haqlı mövqeyini ciddi faktlargüclü arqumentlərlə müdafiə etməsi xalqa, orduya, o cümlədən səngərdə döyüşən əsgərlərimizə verilən böyük qələbə ruhu idi. Həmin günlər biz hamımız Ali Baş Komandana arxalanır, ona güvənir, hər müsahibəsini informasiya cəbhəsində çalınan zəfər kimi qəbul edirdik.

 

Laçın yaxınlığındakı mövqelərdən birində döyüşən topçular bölümünün komandiri Rəşid Həsənbalayev deyir ki, Ali Baş Komandanın xarici müxbirlərin kürəyini yerə vurmasını hamımız diqqətlə izləyir, ondan yenilməz güc alır və aslana dönürdük: “Prezident əslində səngərdə döyüşən hər bir əsgərin haqqını müdafiə edirdi. Təsəvvür edilməsi mümkün olmayan qürur hissi keçirir, daha cəsarətlə, daha mətinliklə döyüşməyə bitib-tükənməyən güc alırdıq. Nə dərəcədə haqlı və ədalətli olduğumuza bütün varlığımızla inanırdıq. Ölüm belə bizim inamımızın qarşısında aciz idi. Bu gücü biz Ali Baş Komandanın informasiya cəbhəsindəki davamlı qələbələrindən alırdıq. Sərkərdəmizin adı mükəmməl qələbənin müəllifi kimi Azərbaycan tarixinə yazıldı”.

 

Bəs Birinci Qarabağ müharibəsində vəziyyət necə idi? Belə bir səhnəni xatırlamaq yerinə düşərdi. 1992-ci ilin mayında Şuşa işğal ediləndə ovaxtkı hakimiyyət bunu xalqdan gizlətdi. Hətta iki güc naziri - Rəhim Qazıyev və İsgəndər Həmidov birlikdə Müdafiə Nazirliyinin binasında dedilər ki, Şuşa bizdədir. Əslində hamı bunu deyirdi. Biz, bir neçə jurnalist Şuşaya getmək üçün Ağdama yola düşdük. Xramort kəndinin ayağında Ala Yaqubun dəstəsinə gəldik ki, bizə Şuşaya getməyə kömək etsin. O isə soruşdu: “Kim sizə deyir ki, Şuşa bizdədir?”

 

Ovaxtkı ruh düşkünlüyü, məğlubiyyət milli faciə səviyyəsində idi. Bu mizilsiz faciənin və məğlubiyyətin günahkarı ovaxtkı səriştəsiz hakimiyyət idi. Onlar uduzdular və qaçıb gizləndilər. İlham Əliyev isə qalib ordunun Ali Baş Komandanı kimi Şuşaya qədər bayraqları ucalda-ucalda gəldi: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın”.

 

Biz 30 illik atəşkəsdən sonra 44 günlük şanlı döyüşlərimizi XXI əsrin hərb tarixinə dünyanı heyran qoyan səhifə kimi həkk etdik. Ali Baş Komandanın sözləridir: “Müharibələrdə hücumlar olur, geriyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirdik. Nəticədə düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Onları məcbur etdik və cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxardılar, rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq”.

 

İndi Azərbaycan bütün dağıdılmış ərazilərin bərpası üçün nəhəng quruculuq işlərinə start verib. Məğlub olan, ordusu darmadağın edilən işğalçı Ermənistanın siyasi elitası isə yenidən revanş eşqinə düşüb və sıfırdan yeni işğala başlamaq istəyir. Amma nə ilə? Övladları özgə torpağında ölən anaların naləsi, yoxsa, bir-birini ittiham etməkdən zövq alan siyasi partiyaların çığırtıları ilə? Məqsəd anlaşılmır, məramlar qaranlıqdır. Bu qaranlıqda görünən odur ki, Ermənistan bölgədə müharibəni körükləməkdən savayı yol görmür.

 

Baxın, iki dövlət arasında ən böyük fərq də elə budur - onların və bizim tutduğumuz yollar ayrıdır. Bunu isə bütün dünya görməli, nəticə çıxarmalı və qiymət verməlidir.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 23 yanvar.- S.5.