Ermənistanın bütün problemləri yürütdüyü işğal siyasətinin məntiqi yekunudur

 

 

Müharibədəki məğlubiyyətdən sonra sosial-iqtisadi problemləri daha da artan Ermənistanın bu tənəzzüldən xilası mümkün görünmür. Çünki ölkədə elə bir vəziyyət yaranıb ki, hakimiyyətin istənilən islahat planı dərhal iflasa uğrayır. Ermənistanın ən böyük problemlərindən biri isə korrupsiyanın baş alıb getməsidir.

 

Hakimiyyətə gələrkən korrupsiyaya qarşı müharibə elan edən baş nazir Nikol Paşinyan əslində öz fəaliyyəti ilə onun daha da çiçəklənməsinə rəvac verdi. Ona görə Ermənistan mətbuatı yazır ki, korrupsiyanın baş alıb getməsinə və daha da dərinləşməsinə səbəb Nikol Paşinyan hakimiyyətinin siyasətidir.

 

Ermənistanın "İravnuk" qəzeti yazır ki, müharibədən sonra ölkəni üzləşdiyi çoxsaylı problemlər burulğanından xilas etmək əvəzinə hakimiyyət təmsilçiləri əvvəlki kimi yenə də şəxsi mənafelərini güdməklə məşğuldurlar.

 

Nəticə isə ondan ibarətdir ki, korrupsiya və rüşvətxorluğun miqyası durmadan genişlənir və bu da öz növbəsində iqtisadi tənəzzül prosesini daha da sürətləndirir. Bildirilir ki, korrupsiya və rüşvətin gömrükvergi orqanlarında get-gedə daha dərin kök salması Ermənistan üçün ciddi təhlükə yaradır. Çünki bu hal həm dövlət büdcəsinin boş qalmasına, həm də Ermənistan kimi idxaldan asılı olan bir dövlətdə inflyasiyanın davamlı artımına səbəb olur.

 

“4rd.am” saytı yazır ki, Ermənistan hakimiyyəti dövlət vəsaitlərinin talanını davam etdirir. Vurğulanır ki, ölkədəki çoxsaylı sosial-iqtisadi problemlərə baxmayaraq, hakimiyyət büdcə pullarını cəmiyyətdə təəccübə səbəb olan məqsədlər üçün xərcləməyə davam edir. Belə ki, parlamentdə yaradılacaq Korrupsiyaya qarşı mübarizə komitəsinin yeni struktur büdcəsi 16 milyard dram (təxminən 8 milyon dollar) təşkil edəcək.

 

Bu arada Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan özününFacebook” səhifəsindəki son paylaşımında erməni xalqını ittiham və hətta təhqir edib. Minasyan Ermənistanın son dövrlər başına gələnlərdə erməni xalqının heçPaşinyan hökuməti və beynəlxalq birlikdən az günahkar olmadığını yazıb: “Xalq öz ölkəsinə tüpürür. Səbəblər fərqlidir. Bir hissəsi ona görə tüpürür ki, ölkədən getməyə hazırlaşır, digər hissəsi nifrət hissindən kor olub, daha bir hissəsi ağrıdan, qeyri-müəyyənlikdən, aclıqdan və kədərdən tüpürür. Ancaq beyni olmayan xoşbəxtlər də var. Buna baxmayaraq, səbəblər fərqli olsa da, nəticə eynidir. Ölkəni parçalayırlar, hər şey verilir, düşmənlər həzz alır, qarşıdurma isə yoxdur”.

 

Sabiq səfir qeyd edib ki, ermənilər öz ölkələrinə göstərdikləri biganə münasibətə görə, bu gün düşdükləri duruma layiqdirlər: “Xalq ölkəyə, hakimiyyət xalqa, dünya isə Ermənistana tüpürüb”. Minasyan bildirib ki, müxalifət nəsə etməyə çalışsa da, xalq yerindən tərpənmədi və ona görə də müxalif siyasi qüvvələr küçələrdə xalq üçündonmaqdanvaz keçdi.

 

Ermənistanda problemlərin biri də müharibədə ordunun itkilərinin gizlədilməsi, döyüşlərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbçilərlə bağlı doğru məlumatların verilməməsidir. Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Dağlıq Qarabağda erməni tərəfindən həlak olan 3439 hərbçinin meyitinin tapıldığını bildirib. Ümumiyyətlə, Ermənistan hakimiyyəti əmindir ki, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə erməni tərəfinin itkiləri dörd min nəfərdir.

 

Hərbi analitik Ayk Xaçikyan isə mətbuata açıqlamasında deyib ki, baş nazir müavininin müharibə zamanı həlak olanların təxminən dörd min nəfər olmasına dair bəyanatı o vaxt doğru olardı ki, hərbi itkilərin hesablanması metodologiyası təqdim olunardı. Qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən həlak olanların dörd min nəfər olmasına dair məlumatlar inandırıcı görünmür, hesablama metodologiyası anlaşılmazdır: “Dağlıq Qarabağdan olan hərbi qulluqçuların, müharibədə həlak olanların və Dağlıq Qarabağda dəfn olunanların nəzərə alınıb - alınmadığı məlum deyil. Mənim müşahidələrimə görə, Ermənistan tərəfinin itkiləri altı mindən az olmamalıdır. Azərbaycan tərəfi əsas itkiləri müharibənin əvvəlində müdafiə xəttini yarmağa çalışarkən verib. Bundan sonra pilotsuz zərbə təyyarələrini daha çox ərazidə, o cümlədən artilleriyanın məhv edilməsi üçün, tətbiq etmək imkanı əldə etdibu da rəqibin itkilərinin sayına ciddi təsir göstərdi”.

 

Hərbi ekspert Robert Nazaryan da vurğulayıb ki, PUA-ların tətbiqi Azərbaycan tərəfinin hərbi itkilərini azaldıb. Bildirib ki, Ermənistan baş nazirinin erməni tərəfindən dörd min nəfərin həlak olması barədə bəyanatını qiymətləndirməkdə çətinlik çəkib. Onun sözlərinə görə də, bu iddialar inandırıcı görünmür. Beləliklə, müharibə günlərində yalan informasiyalar yayan Ermənistanın müvafiq qurumları hazırda məhv edilən erməni əsgərləri ilə bağlı qeyri-dəqiq məlumatlar yaymaqda davam edirlər.

 

Tarixi yalanlar üzərində qurulmuş erməni xalqı indi öz ideoloqlarının təməlini qoyduğu işğal siyasətinin, saxtakarlığın acı nəticəsini yaşayır. Bu gün Ermənistanda baş verənlər, sonu görünməyən siyasi təbəddülatlar və sosial-iqtisadi tənəzzül, cəmiyyətin parçalanması məhz işğal siyasətinin məntiqi yekunudur.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 27 yanvar.- S.1;10.