Azərbaycan-Polşa münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir

 

Azərbaycan Respublikası Polşa Respublikası ilə əməkdaşlığın genişləndirilməsinə hər zaman böyük əhəmiyyət verir. Bizim münasibətlərimiz tarixi əlaqələrə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsində inkişaf etməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Nazir qeyd edib ki, 2022-ci il Azərbaycan-Polşa münasibətləri kontekstində xüsusi bir ildir. “Bu il biz Azərbaycan ilə Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Eyni zamanda, ölkələrimiz arasında strateji tərəfdaşlığa və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyanatın imzalanmasının 5 ili tamam olur. Bu illər ərzində yüksək səviyyəli çoxsaylı səfərlər, siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə çoxsaylı tədbirlər inkişafda olan münasibətlərimizi nikbin formada səciyyələndirir”, - deyə nazir əlavə edib.

 

Azərbaycan.- 2022.- 1 aprel.- S.2.