Tarixi yaddaşın qanlı izləri

 

Burulğan

 

Azərbaycanda sovet totalitarizminin spesifik xüsusiyyətləri mövcud idi. Bu, ilk növbədə dünyagörüşü, psixologiya, siyasi yönüm, milli mentalitet, xalqın mədəni səviyyəsi ilə bağlı idi. Burada totalitar sistemin mənbəyi sayılan bolşevizmin tarixi XX əsrin əvvəllərindən başlayır. XIX əsrin son illərində Bakı sosialyönümlü demokratik hərəkatın yaranması və yayılması mərkəzlərindən biri olmuşdur.

Marksın nəzəriyyəsinə əsaslanan bolşevizmin məqsədi sosializmi qurmaq, sonradan bir sinfin diktaturası və şəxsi mülkiyyətin ləğvi yolu ilə kommunist cəmiyyəti yaratmaq idi.

Lakin yerli əhalidə bolşevizmə mənfi münasibət var idi. Bu məsələdə milli amilmühüm rol oynayırdı. Azərbaycanda bolşevikyönümlü təşkilat və komitələrin yaranması ölkəmizə əhalinin erməni hissəsinin kütləvi axını ilə müşayiət olunurdu ki, bu da azərbaycanlılarda güclü narahatlıq doğururdu. Ermənilərin müsəlmanlara qarşı törətdikləri vəhşilik və dəhşətlər yerli əhalinin hafizəsində böyük iz qoymuşdu. 1918-ci ilin mart hadisələri də bu məsələdə həlledici rol oynamışdı. Bakı Kommunası Azərbaycan xalqının tarixində qanlı izlərlə yaddaşlaşmışdı. Məhz bolşeviklərin əli ilə daşnakların hərbi birləşmələri bütün türklərdən və Azərbaycanın bölgələrində yaşayan müsəlmanlardan qanlı qisas alırdılar. Azərbaycanlılar bu mənfur millətdən olan əhalinin fəal iştirak etdiyi siyasi təşkilatlara və partiyalara əvvəldən şübhə ilə yanaşırdılar.

Sosializmin təşəkkülü, fəhlə-kəndli hökumətinin qərarlaşması bizim respublika üçün daha ağrılı keçmişdir. XI ordunun Hərbi İnqilabi Şurası və yeni qurulmuş sovet hökuməti öz fəaliyyətinin hələ ikinci günüMüsavat” və “İttihad” partiyalarının rəhbərləri ilə əməkdaşlıq etmək barədə müqavilə imzalamışdı. Lakin bu müqavilə tezliklə Pankratovun rəhbərlik etdiyi XI ordunun Xüsusi şöbəsi tərəfindən pozulmuşdu. Həmin şöbə, sonra isə Fövqəladə Komissiya (ÇK) kütləvi həbslər aparmağa başlamış, həbs düşərgələri az vaxtda Azərbaycanın qabaqcıl ziyalı nümayəndələrinin hesabına doldurulmuşdu.

Sonradan 1920-30-cu illərdə bədnam “kollektivləşmə” dövrü start götürdü. Ortabab kəndlilər qolçomaq adı ilə bir sinif kimi ləğv edilməyə başladı.

Tədqiqatçıların fikrincə, o zaman respublikada güclü siyasi lideryox idi. 1920-ci illərin əvvəllərində Azərbaycanda bolşevik partiyasının bir neçə görkəmli xadimi işləyirdi, lakin Nəriman Nərimanovdan başqa onların hamısı özgə millətlərin nümayəndələri idi. N.Nərimanov isə partiya hakimiyyətinin bütün şaxələrini birləşdirə bilməmişdi. Tezliklə o, opponentləri tərəfindən respublikanın siyasi səhnəsindən sıxışdırılıb çıxarıldı. Demək olar ki, hər il respublikada rəhbərlik dəyişirdi. Fitnə-fəsadlar, qruplaşmalar, çəkişmələr, şəxsi münasibət zəminində intriqalar hakim partiyanın yuxarı təbəqəsini sarsıdırdı.

Mərkəzi partiya orqanları Azərbaycan üzrə bir neçə qərar və qətnamə qəbul etmişdi. Mircəfər Bağırov AK(b)P MK-nın birinci katibi seçiləndən sonra ayrı-ayrı qrupların mübarizəsi və çəkişmələr də tədricən səngimişdi, sonra isə bütünlüklə dayandırılmışdı.

Stalinin həyata keçirdiyi repressiyalar sovet dövrü tarixinin ən gərgin, məsuliyyətli bir mərhələsini təşkil edirdi. Məhz bu dövrdə kollektivləşmə geniş vüsət almaqda idi, Sovet İttifaqı beynəlxalq aləmdə öz mövqelərini gücləndirmək üçün yeni müttəfiqlər tapmışdı, pis-yaxşı, dövlət idarəetmə sistemi oturaqlaşırdı, cəmiyyətdə zahiri sabitlik bərqərar olunmuşdus. Bütün bunlara baxmayaraq, xalqı qorxu hissi hələ tərk etməmişdi. Ən maraqlısı isə o idi ki, Stalin idarəçiliyinə xas olan bir keyfiyyət - bütün insanların timsalında xəyanətkar axtarışı, hamıdan şübhələnmək bu sistemin əksər məmurlarının psixoloji portretinin əsas cəhətini təşkil edirdi.

Sovet Azərbaycanının tarixi həm də kütləvi deportasiyalarla xarakterizə olunur. Bu deportasiyaların, demək olar ki, hamısı məhz Stalinin dövründə həyata keçirilmişdir. Milli-etnik ayrı-seçkiliyin geniş vüsət alması azərbaycanlılara qarşı düşmənçilik mövqeyi tutan ermənilərə yeni imkanlar vermiş və məhz onların ardıcıl səyləri nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salınmışdı. Bu plan İosif Stalinin xeyir-duası ilə reallaşdırılmışdı. Sonralar M.Bağırov öz xalqına qarşı törətdiyi cinayətlər haqqında bunları söyləmişdi: “Mənim əsas səhvim odur ki, Beriyayaonunla bağlı olan, onun düşmən mövqeyini müdafiə edən, orqanlarda birgə üzrə onunla uzun illər boyu əlaqədə olan Sumbatov, Borşev, Qriqoryan, Markaryana və başqalarına göz yummuşam, onların üzünü tanımamışam. Mən onlara inanaraq XDİK orqanlarını, demə, “cəlladlara” etibar etmişəm. Bu işdə xalqın qarşısında günahlarım o qədər böyükdür ki, məni güllələmək belə azdır”.

M.Bağırovun ifadələrindən də açıq görünürdü ki, azərbaycanlılara qarşı törədilən cinayətlərdə ermənilər xüsusi fəallıqla iştirak edirdilər. Əslində, bu mənfur millətin Azərbaycan xalqına qarşı nifrətinin daha dərin kökləri var idi və yalnız Stalin dövrünü əhatə etmirdi, amma məsələ burasındadır ki, ötən əsrin 30-40-cı illərində həmin proses SSRİ rəhbərliyinin açıq himayəsi altında həyata keçirilirdi.

SSRİ Nazirlər Soveti 1947-ci il dekabr ayının 23-də “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 saylı qərar qəbul edir. 1948-ci il martın 10-da SSRİ Nazirlər Soveti İ.Stalinin imzaladığı və bilavasitə qərar hissəsindən başlanan bu sənədə əlavə olaraq ikinci bir qərar qəbul edirbu dəfə İ.Stalinin imzaladığı ikinci qərarda azərbaycanlıların köçürülməsi ilə əlaqədar tədbirlər planı geniş şəkildə öz əksini tapır.

23 dekabr 1947-ci il tarixli qərarın birinci bəndində göstərilirdi ki, 1948-1950-ci illərdə “könüllülük prinsipləri əsasında” Ermənistan SSR-də yaşayan yüz min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 000-dən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından sürgün edilmişdi. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşdu. Bu işdə erməni şovinist dairələrinin və keçmiş SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrdəki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganə, mənafeyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdı.

Ötən əsrin 30-40-cı illərində Ermənistan SSR-də kolxoz hərəkatına müqavimət göstərənlər də, repressiyaya məruz qalanların əksəriyyəti də azərbaycanlılardan ibarət olmuşdur. Kütləvi repressiyaların və sürgünlərin geniş vüsət aldığı bu dövrdə Ermənistanda yaşayan 50 000 nəfərdən artıq azərbaycanlı əhali ailəliklə Qazaxıstan çöllərinə köçürülmüşdü. Sonradan burada onların xeyli hissəsi həlak olmuşdu. Cəza müddəti qurtardıqdan sonra öz evlərinə qayıtmaq istəyən ailələrin isə əksəriyyətini Ermənistana buraxmamışdılar və böyük məhrumiyyətlər bahasına geri qayıdanların bir çoxu yenidən deportasiyaya məruz qalmışdı.

Göründüyü kimi, azərbaycanlılara qarşı törədilən kütləvi terrordeportasiya əməliyyatlarında Stalin rejiminin izləri açıq şəkildə özünü göstərirdi. Stalin rəhbəri olduğu illərdə qanunun diktaturasını yaratdığını iddia edirdi, halbuki sistemin əsl mahiyyəti qanunsuzluq üzərində intişar tapmışdı. Belə bir qanunsuzluğun hökm sürdüyü cəmiyyətdə, təbii ki, ədalət, demokratiya, bərabərlik anlayışlarından danışmağa belə dəyməzdi.

Hər şey bir nəfərin iradəsinə tabe etdirilmişdi, nə bilirdisə, onu da edirdi, çünkio, hər şeyi bilirdi”. Şəxsiyyətə pərəstişin ifrat və ən ikrahdoğurucu forması olan bu düşüncə tərzi bəlkə də ən qatı, mürtəce rejimin hökmranlıq etdiyi cəmiyyətlərdəki ilə eyni idi. Hətta Stalin öldükdən sonra da heç kimböyük rəhbərin vaxtsız vəfatına” inanmırdı. O, özü haqqında cəmiyyətdə elə bir xof yaratmışdı ki, heç kim bu qəddar, amansız insanın dünyasını dəyişdiyinə sadəcə inana bilmirdi.

İndi bir çox tarixi araşdırmada Stalinin ölümünün SSRİ-də böyük bir kədər hissi ilə qarşılandığına dair faktlara rast gəlirik. Nə idi xalqın bu əzazil insana “hədsiz məhəbbət”inin sirri? Əlbəttə, heç bir səmimi sevgidən söhbət gedə bilməzdi. Bu, sadəcə qorxunun doğurduğu birsevgiidi. Amma zaman keçdikcə sübut olundu ki, bu cür təbliğatın geci-tezi var və əgər cəmiyyətdə hər hansı liderə rəğbət onun həqiqi, təqdirəlayiq əməlləri əsasında formalaşmırsa, bunu qorxu mexanizminin köməyi ilə yaratmaq əsla mümkün deyildir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2022.- 6 aprel.- S.7.