İrəvanda növbəti bahalaşma başlayıb

 

Əhali  Paşinyanı Ermənistanı dilənçilər ölkəsinə çevirməkdə günahlandırır

 

Hazırda Ermənistanda sosial-iqtisadi sahədə vəziyyətin daha da ağırlaşdığı, insanların maddi rifah halının getdikcə pisləşdiyi müşahidə edilir.

Çünki ötən illər ərzində iqtisadi inkişaf üçün hansısa real bazis yaradılmayıb, əksinə, olub-qalan da hakimiyyətin səriştəsiz siyasəti nəticəsində tam dağıdılıb. Elə bu səbəbdən ölkədə vəziyyət daha da pisləşir.

Müharibədəki məğlubiyyət fonunda Ermənistanda iqtisadi göstəricilər daha da gərginləşib. Nəticədə yoxsulluq səviyyəsi bir qədər də artıb. İqtisadi tənəzzülün davam etməsi nəticəsində hakimiyyətin reytinqi də sıfra yaxınlaşır. Bildirilir ki, hazırda Ermənistanda adambaşına düşən gəlir bəzi ölkələrlə müqayisədə təxminən 16 dəfə, məhsuldarlıq isə 9 dəfə aşağıdır.

Ərzaq təhlükəsizliyi ilə bağlı isə heç bir tədbir görülmür. Uzun illərdir ki, aqrar sektorda böhran hökm sürür. Bu sahədə islahatlara başlamaq üçün heç bir təşəbbüs göstərilmir.

Ölkədə qazın qiyməti ilə bağlı yeni tariflər artıq qüvvədədir. Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının qərarına əsasən, aprelin 1-dən əhali üçün qazın qiyməti 4,7 dram artıb. 1 kubun qiyməti 139 dramdan 143,7 drama qalxıb. Digər istehlakçılar üçün min kubmetrə görə qiymət artımı təxminən 10 dollar təşkil edir. Böyük istehlakçılar əvvəlki 255,91 əvəzinə 265,81 dollar ödəyəcəklər. İstixana emalı şirkətləri üçün bu rəqəm 233,9 dollar olub ki, bu da əvvəlki qiymətdən təxminən 10 dollar bahadır.

Əhalinin istehlak etdiyi qazın qiyməti də artacaq. Bu ölkədə qaz istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin 60-70 faizini təşkil edir. Hazırda tariflərin artımı inflyasiyadan yayınmağı, demək olar ki, qaçılmaz edir. Bu xüsusilə rəqabət imkanları zəif olan kiçik istixana təsərrüfatları üçün problem yaradır.

Lragir” qəzeti yazır ki, qazın qiymətinin artması kənd təsərrüfatı məhsullarının da bahalaşmasına səbəb olacaq. Bildirilir ki, bunların fonunda xərclər artacaq ki, bu da əmtəə qiymətlərinin bahalaşmasına səbəb olacaq. Bu həm də istehsalçılar üçün daxilixarici bazarlarda əlavə rəqabət çətinlikləri yaradacaq: “Ermənistanın emal sənayesinin məhsullarının tədarükü üçün əsas bazar Rusiyadır. Rusiya bazarında rublun son devalvasiyası, iqtisadi gerilik, istehlakçıların ödəmə qabiliyyəti tələbinin azalması səbəbindən ermənilər artıq satış problemi ilə üzləşiblər. Qazın bahalaşmasının diktə etdiyi qiymət artımı həmin problemləri daha da artıracaq”.

Yeni tariflər qüvvəyə mindikdən dərhal sonra sıxılmış təbii qazın qiyməti qalxıb. Yanacaqdoldurma məntəqələrində mühərrik qazının qiyməti 7-8 faiz artıb. Buna görə də sərnişindaşıma sahəsində qiymət artımı müşahidə olunub. Ekspertlər hesab edirlər ki, bu hələ başlanğıcdır. Növbəti zərbə ictimai həyatın bir çox sahələrinə dəyəcək və bu, zəncirvari şəkildə yayılacaq.

Bütün bunların fonunda Ermənistanda istehlak mallarının bahalaşmasını bir neçə həftədir ki, qızğın şəkildə müzakirə edirlər. “4rd.am” saytı İrəvanda yaşamaq, yaxşı və çox yaxşı yaşayış üçün nə qədər pul lazım olduğunu öyrənmək məqsədilə beş mindən yuxarı sakin arasında sorğu aparıb. Sorğunun nəticələrinə əsasən, yaxşı yaşayış üçün bir nəfərə ayda ortalama 347 234 dramya 723 dollar, çox yaxşı yaşayış üçün 655 060 dramyaxud 1363 dollar, birtəhər keçinmək üçün 120 523 dramya 251 dollar lazımdır. Halbuki son rəsmi statistik məlumatlara görə, ölkədə minimum əməkhaqqı 68 min dram təşkil edir. Deməli, indiki şərtlər daxilində Ermənistanda birtəhər dolanmaq da mümkün deyil. Gündəlik istehlak mallarının bahalaşması isə vəziyyəti daha da çətinləşdirir.

Bütün bunlar Ermənistanda vəziyyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə nümayiş etdirir. Bu ölkəni qarşıdakı dövr ərzində daha böyük xaos gözləyir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 7 aprel.- S.1; 4.