Alimin böyük uğuru

 

Professor Habil Qurbanovun “Müqayisəli hüquqşünaslıq” adlı dərsliyi ABŞ-da ingilis dilində nəşr olunub

 

Bu tanınmış Azərbaycan aliminin əsərinə verilən yüksək dəyər nümunəsi olmaqla yanaşı, bütövlükdə Azərbaycanın hüquq ictimaiyyəti üçün də əlamətdar hadisədir. Belə ki, böyük elmi nailiyyətləri və demokratik ənənələri ilə seçilən Amerika Birləşmiş Ştatları kimi nəhəng bir dövlətdə başqa hüquq sisteminə aid ölkədən olan müəllifin əsərinə diqqət yetirilməsi və  onun nəşr olunması, öz-özlüyündə, nadir hadisədir.

Qeyd edək ki, müqayisəli hüquqşünaslığın ayrıca elmi-hüquqi fənnə çevrilməsi müstəqillik dövrünə təsadüf edir. Bundan əvvəl mövcud olmuş ideoloji münasibətlər müxtəlif  hüquq sistemlərinin  obyektiv müqayisəsinə və hüquqi təcrübənin konstruktiv mübadiləsinə mane olurdu ki, bu da keçmiş SSRİ-də aparılan müqayisəli hüquq tədqiqatlarını xeyli dərəcədə məhdudlaşdırırdı.

SSRİ-nin süqutundan sonra ölkənin dövlət-hüquq strukturunun əsaslarının tamamilə dəyişdirilməsi, yeni hüquq sisteminin qurulması və bununla əlaqədar olaraq, xarici qanunvericilik təcrübəsinə müraciət edilməsi ölkəmizdə də müqayisəli hüquqşünaslıq elminin inkişafını zəruri edib.

Professor Habil Qurbanovun aktuallığı ilə seçilən və böyük zəhmət tələb edən belə bir mövzuya müraciət etməsi, olduqca faydalı dərs vəsaitini tamamlamağa nail olması və onun əsərinin ölkəmizin hüdudlarından kənarda dəyərləndirilərək nəşr edilməsi fərəhli haldır.

Mövzunun aktuallığı, hər şeydən əvvəl, onunla müəyyən olunur ki, müstəqil hüquq sisteminin transformasiyası və onun daim yenilənən ictimai-siyasiiqtisadi şəraitə uyğunlaşdırılması kimi mürəkkəb prosesdən keçən hər bir dövlət üçün müqayisəli hüquqşünaslıq mühüm rol oynayır. Belə ki, bu sahədə oxşar problemlərin həlli nəticəsində digər ölkələrin əldə etdiyi təcrübə prinsipial əhəmiyyət kəsb edir.

Müqayisəli hüquqşünaslıq (müqayisəli hüquqi tədqiqatlar) kifayət qədər gənc, lakin intensiv inkişaf edən akademik fəndir. Son onilliklərdə beynəlxalq hüquq sahəsində mütəxəssislərə tələbat əhəmiyyətli dərəcədə artıb. Qeyd edək ki, ənənəvi “Xarici ölkələrin hüquq sistemləri” adlanan, əslində isə müasir hüquq sistemlərinin ümumi nəzəriyyəsi kimi mövcud olan fənni tədris etmədən belə mütəxəssislər hazırlamaq mümkün deyil.

Bütün bunlar belə deməyə əsas verir ki, müqayisəli hüquqşünaslıq hüquq sistemlərini, o cümlədən onların tərkib elementləri və fərqli cəhətlərinin bir sistemdə necə birləşdiyini öyrənən akademik fəndir.

Dərslik “Müqayisəli hüquqşünaslıq” fənninin əsas müddəalarını əks etdirirpostklassik elm çərçivəsində aktual olan müqayisəli hüququn idrak nəzəriyyəsinə  dair müəllifin mövqeyini təqdim edir.

Dərslikdə müqayisəli hüquqşünaslığın təşəkkülü və inkişafı tarixi, onun cəmiyyət həyatındakı rolu və əhəmiyyəti, funksiyaları ilə bağlı məsələlərə toxunulub. Milli hüquq sistemlərinin təsnifatı problemlərinə və  əsas hüquq sahələrinin xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Eləcə də beynəlxalq və milli (daxili) hüquq arasında nisbət məsələlərinə baxılıb. Dərslik xariciyerli materialın, eləcə də müxtəlif ölkələrin müqayisəli hüquqşünaslıqdan istifadə təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi əsasında yazılıb.

Müqayisəli hüquq kursu gələcək mütəxəssislərdə hüquq münasibətlərinin tənzimlənməsi sahəsində geniş dünyagörüşünün formalaşması üçün zəruri əsasdır. Belə ki, digər ölkələrin qanunvericilik təcrübəsi və onların əldə etdiyi nailiyyətlər milli hüquqşünasları daim maraqlandırır. Müqayisəli hüquqşünaslıq, alimlərin və təcrübi işçilərin həmişə istifadə etdiyi xarici hüququ öyrənmək üsuludur.

Hazırda dünyada ictimai həyatın bir çox sahələrində inteqrasiya prosesləri intensivləşir. Bu, hüquqi reallığı da əhatə edir. Dünya birliyi və ayrı-ayrı dövlətlər ümumi hüquq prinsiplərinin vacibliyini qəbul edir və müxtəlif hüquq sistemlərinin yaxınlaşmasını dəstəkləyir. Milli qanunvericiliyin inkişafı sahəsində təcrübənin öyrənilməsinə və qarşılıqlı istifadəsinə, hüquqi məlumatların və elmi ideyaların mübadiləsinə maraq artır.

Təqdim olunan dərs vəsaitində müqayisəli təhlillər əsasında dünyanın müxtəlif dövlətlərinin hüquq sistemlərinin ümumispesifik cəhətlərindən, onların oxşar və fərqli xüsusiyyətlərindən danışılmaqla yanaşı, ayrı-ayrı ölkələrin, dövlətdaxili qurumların və dövlətlərarası birləşmələrinin hüquq sistemlərinin səciyyəvi xüsusiyyətləri və müsbət cəhətləri nəzərdən keçirilir. Eyni zamanda bu əsər dövrümüzün əsas hüquq sistemlərinin mənşəyi və təkamülü məsələlərini ortaya qoyur və tələbə auditoriyasını hüququn qavranılmasına müxtəlif yanaşmalarla tanış etmək məqsədi daşıyır.

Hazırda müəllif  həmin dərsliyin Azərbaycan dilində olan variantını çapa hazırlayır. Dərs vəsaiti hüquq  fakültələrinin tələbələri, doktorantlar, müəllimlər və müqayisəli hüquqşünaslıqla maraqlanan digər oxucular üçün nəzərdə tutulur.

 

Nazim CƏFƏRLİ

AMEA-nın Hüquqİnsan Haqları İnstitutunun

Dövlət Konstitusiya hüququşöbəsinin müdiri,

hüquq üzrə elmlər doktoru, professor

 

Azərbaycan.- 2022.- 7 aprel- S.6.