Şuşada ilk dəfə

 

Parlament komitələrinin birgə iclası keçirilib

 

 

Aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ali qanunverici orqanın bu tədbirinin Şuşada baş tutması Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən biridir.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində bir çox tədbirlər keçirilir. Əli Hüseynli bu il ərzində parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı verdiyi qərara görə iştirakçılar adından Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Qeyd olunub ki, artıq Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kimi mühüm siyasi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, birgə komitə iclasının müstəqil Azərbaycanın dövlət quruculuğunda xüsusi əhəmiyyət kəsb edən 2018-ci ilin prezident seçkilərinin 4-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. Dörd il bundan əvvəl Azərbaycan xalqı yenidən öz tarixi seçimini etdi, İlham Əliyev Azərbaycan Prezidenti seçildibu seçim həm də Qarabağın işğaldan azad olunmasına gətirib çıxardı. Bildirilib ki, Şuşanın və işğal altında olmuş digər ərazilərimizin azad edilməsi ulu öndər Heydər Əliyevin ən böyük arzusu idibu gün onun ruhu şaddır.

 

Sonra komitələrin ilk dəfə olaraq azad Şuşada keçirilən iclasının gündəliyindəki məsələlər müzakirə olunub. Qeyd edilib ki, gündəlikdə iki məsələ var.

 

İclasda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qalib xalqın parlamentariləri kimi burada iclas keçirmək böyük şərəfdir. O, Prezident İlham Əliyevin xeyir-duası ilə keçirilən bu iclasaonun təşkilinə görə parlamentin rəhbərliyinə təşəkkürünü bildirib.

 

Sonra gündəliyin birinci məsələsi - “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dairAnlaşma Memorandumunun təsdiqlənməsi məsələsi haqqında məlumat verən Ziyafət Əsgərov bildirib ki, ölkəmiz NATO-nun “Şərq tərəfdaşlığı” Proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında bu çərçivədə dəfələrlə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

 

İclasda çıxış edən Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov da azad Şuşada olmaqdan şərəf duyduğunu bildirib. O, bu tədbirin böyük siyasi əhəmiyyətini qeyd edib, Şuşadaişğaldan azad olunmuş digər ərazilərimizdə aparılan sürətli bərpa və quruculuq işlərindən danışıb. Komissiya sədri tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib.

 

Milli Məclisin deputatları Hikmət Məmmədov, Bəxtiyar Sadıqov, Elman Məmmədov, Aqil Abbas, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elşən Musayev, Azay Quliyev, Fəzail Ağamalı, Erkin Qədirli, Bəhruz Məhərrəmov, Vüqar İsgəndərov, Nizami Səfərov, Tahir Kərimli, Əminə Ağazadə və Cəbi Quliyev iclasda çıxış edərək komitələrin birgə iclasının azad Şuşada keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. Qeyd olunub ki, Azərbaycan parlamentinin tarixində ilk dəfədir komitə iclasları “Qafqazın incisi” adlandırılan Şuşa şəhərində keçirilirbu, çox qürurvericidir. Bildirilib ki, ərazilərimizin işğaldan azad olunması Prezident İlham Əliyevin hərbi-siyasi iradəsinin uğurla həyata keçirilməsinin nəticəsidir və bununla Azərbaycan həm beynəlxalq hüququn müddəalarını yerinə yetirib, həm də öz ərazi bütövlüyünü bərpa edib.

 

Layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 

Sonra iclasın gündəliyindəki ikinci məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

 

Layihə barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, təklif olunan dəyişiklik ölkəmizdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaüç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

 

Deputatlardan Erkin Qədirlinin və Ziyafət Əsgərovun fikirləri dinlənildikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

 

Bununla da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada keçirilən birgə iclası başa çatıb.

 

 

Cəfərli, Rəşad.

Azərbaycan.-2022.- 9 aprel.- S.1;4.