Kütləvi məzarlıqların sayı artsa da, beynəlxalq təşkilatlar hələ də susurlar

 

 

Qarabağda aşkarlanan insan qalıqları Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır

 

 

 

Qarabağda erməni terrorçuları tərəfindən həm dinc əhalinin, həm də hərbi əsirlərin kütləvi şəkildə qətlə yetirilməsi danılmaz faktdır.

İşğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri zamanı aşkarlanan kütləvi məzarlıqların sayının artması onu deməyə əsas verir ki, ermənilər azərbaycanlılara qarşı yüzlərlə soyqırımı həyata keçiriblər.

Aşkarlanan məzarlıqların Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş, öldürülmüş hərbçilərə, mülki şəxslərə aid olduğu qeyd edilir. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşların ehtimal edilən məzar yerlərinin müəyyən edilməsi istiqamətində axtarış tədbirləri həyata keçirilir. Minaların basdırılmasına görə hər yerdə qazıntı işləri aparmaq hələlik mümkün deyil. Laklin minalardan təmizlənmiş ərazilərdə qazıntılar nəticəsində belə məzarlıqlar aşkarlanır.

Kütləvi məzarlıqlar bir daha Azərbaycanın necə azğın düşmənlə üz-üzə qaldığını,  Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının necə kobud şəkildə pozulduğunu aydın göstərir. İnsanlıq əleyhinə törədilmiş bu cinayətlər erməni xislətini bir daha ortaya qoyur.

 

 

 

Ərazilər minalardan təmizləndikcə kütləvi məzarlıqlar da aşkarlanır

 

 

 

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumasiyası işlərinə başlayıb.

Ötən ilin aprelin 24-də Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqləri tərəfindən məhkəmənin meyitlərin ekshumasiyası haqqında qərarına əsasən, Kəlbəcər rayonunun Başlıbel kəndində müvafiq istintaq hərəkətləri keçirərək torpağa basdırılmış kəskin çürüməyə məruz qalaraq skletləşmiş 12 nəfərin meyitlərinin qalıqları aşkar edilib. Məlum olub ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndinə hücumu zamanı  kəndi tərk edə bilməyən 62 nəfər kəndin ən hündür hissəsində yerləşən mağaralara sığınıb. Ermənilər 18 aprel tarixində bəzi şəxslərin qayalara sığındığı yerləri axtararaq aşkar edib və mağaraları atəşə tutmağa başlayıblar. Nəticədə silahsız, müqavimət göstərə bilməyən 12 nəfər sığındıqları yerdə  öldürülüb, 14 nəfər isə girov götürülübdür. Ermənilərin əlindən  digər mağaralarda gizlənən 36 şəxsdən 7 nəfəri də mühasirə şəraitində aldıqları xəsarətlərdən Kəlbəcər rayonunun müxtəlif kəndlərində dünyasını dəyişib. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, 12 may 1993-cü ildə gecə saatlarında  həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.

 

Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən aparılan axtarış-araşdırma tədbirləri nəticəsində işğaldan azad edilmiş Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində də kütləvi məzarlıqlar aşkar edilib.

 

Son olaraq isə martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.

 

Komissiyanın məlumatına görə, bu yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib.

 

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.

 

Ümumilikdə araşdırmalara görə, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında belə məzarlıqlar mövcuddur. Ərazilər minalardan təmizləndikcə bu məzarlıqlar da aşkara çıxarılacaq.

 

Prezident İlham Əliyev xarici KİV-ə müsahibəsində, eyni zamanda beynəlxalq səviyyəli görüşlərində qeyd edib ki, Azərbaycan erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etsə də,  hələ ki cavab yoxdur: “Mən bilmirəm niyə? Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə, biz tələb edirikyeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”.

 

 

 

Saxta soyqırımından danışan ermənilər ifşa olunmalıdır

 

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə bildirib ki, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşüb. Həmin şəxslər əsir, girov da ola bilərlər. Onların axtarışı davam edir. Bu şəxslərin istər Ermənistan, istərsə də Qarabağ ərazisində qətlə yetirildiyiyaxud əsir kimi işlədilməsi ilə bağlı müvafiq məlumatlar daxil olmayıb. Bu istiqamətdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məşğul olur, onların bu istiqamətdə işi təqdirəlayiqdir.

 

Deputat qeyd edib ki, son vaxtlar Prezident İlham Əliyevin beynəlxalq səviyyədə keçirdiyi görüşlərdə bu məsələyə çox diqqət yetirilir. Prezident İlham Əliyevin, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri  Paşinyanın birgə görüşündə də məhz Paşinyana bu məsələdə birmənalı şəkildə daha dəqiq olması tövsiyə edilib.

 

Arzu Nağıyev qeyd edib ki, Ermənistan bu məsələ ilə ciddi məşğul olmalıdır: “Aidiyyəti beynəlxalq qurumlar Azərbaycana məhz bu işində kömək edəcəklərinə dəfələrlə söz veriblər. Düşünürəm ki, Azərbaycan bu proseslərdən sonra Ermənistan tərəfini məhkəməyə verəcək”.

 

İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqlar tapılmaqda davam edir. Deputat ərazilərin minalardan təmizlənmə prosesindən sonra kütləvi məzarlıqlarla bağlı daha çox məlumatlar olacağını düşündüyünü deyib. Əsas məsələ hər tapılan meyitin, sümük qalıqlarının DNT testi aparılaraq həmin ərazidə itkin düşmüş hərbçi və ya mülki vətəndaşlarımıza aid olmasını öyrənməkdir. Ərazilərimizin işğaldan azad edilməsindən sonra Kəlbəcər, Xocavənd istiqamətində, Fərrux yüksəkliyində tapılmış sümük qalıqları DNT analiz təyinatlı laborator müayinələrə təqdim edilib. Əsas odur ki, ermənilərin  azərbaycanlılara qarşı törətdiyi bu cinayətlər bütün dünyaya göstərilsin. Saxta soyqırımından danışan ermənilər bir daha ifşa olunmalıdır.

 

Ermənilərin dinc insanlara qarşı törətmiş olduqları müharibə cinayətləri

 

 

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva kütləvi məzarlıqlarla bağlı dəfələrlə beynəlxalq qurumlara müraciət ünvanlayıb. Ombudsmanın Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı müraciətində qeyd olunub ki,  Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz qoyulmaqla qətlə yetirilib, daha sonra onların nəşləri kütləvi şəkildə basdırılıb: “Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib. Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olub. Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal edilir”.

 

Müraciətdə vurğulanıb ki, bu, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarının, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyasının, xüsusilə də “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

 

Ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır.

 

Ombudsman Xocalı rayonunun Fərrux kəndində tapılmış kütləvi məzarlıqla bağlı bildirir ki, Ermənistanın xalqımıza qarşı əsrlər boyu davam etdirdiyi nifrət siyasəti nəticəsində zaman-zaman on minlərlə dinc insan etnikdini mənsubiyyətinə görə kütləvi şəkildə, xüsusi amansızlıqla qətlə yetirilib. İşğaldan azad edilmiş ərazilərimizdə aşkar olunan kütləvi məzarlıqlar bu cür halları bir daha sübuta yetirir və müharibə cinayətlərinin törədildiyini təsdiq edir. Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslər haqqında qarşı tərəfin bu günədək hər hansı məlumat verməməsi və azad edilmiş ərazilərdə aşkar olunan insan qalıqları onlardan bəzilərinin amansızcasına qətlə yetirilərək kütləvi məzarlıqlarda basdırıldığını deməyə əsas verir. Aşkar olunmuş kütləvi məzarlıqlar Ermənistanın azərbaycanlılara qarşı soyqırımı siyasətini bir daha sübut edir.

 

Müraciətdə beynəlxalq ictimaiyyəti azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə, müharibə cinayətlərinə beynəlxalq hüquq normaları əsasında yanaşmağa və qətiyyətli mövqe nümayiş etdirməyə çağırış edilir.

 

Bu qədər faktlar, müraciətlər qarşılığında isə beynəlxalq təşkilatlar hələ də susurlar. İnsanlıq faciəsi törədən, beynəlxalq humanitar hüquq normalarını pozan ermənilər cəzalandırılmır. Lakin gün gələcək erməni vandalları bu cinayətlərə görə mütləq cavab verməli olacaqlar.

 

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 9 aprel.- S.1;5.