Aprel şəhidi Mirsalam Cəfərovun doğum günü qeyd edilmişdir

 

 

Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 4-də Tovuz rayonunun Bayramlı  kəndində anadan olub. 2013-cü ildə Hərbi Tibb Məktəbini bitirən M.Cəfərov Beyləqan rayon “N” saylı hərbi hissədə xidmətə başlamışdır.

2014-cü ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçmiş Mirsalam  2015-ci ildə Ankara Xüsusi Təyinatlı Qüvvələr məktəbində məzun olmuş və Azərbaycanda kəşfiyyatçı kimi xidmətə başlamışdır.

Gizir Mirsalam Cəfərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən döyüş zamanı şəhid olmuş və aprelin 11-də doğulduğu Tovuz rayonunun Bayramlı kəndində son mənzilə yola salınmışdır.

Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Qədirbilən tovuzlular rayonun digər şəhidləri kimi, onu da böyük hörmətlə yad edir, xatirəsinə ehtiram göstərirlər. Şəhidin doğum günündə də  həmyerliləri onun ailəsini tək qoymamış, uyuduğu məzarın önündə ad gününü qeyd etmişlər. Sonra anım mərasimi şəhidin ailəsinin evində davam etmişdir. Tədbir iştirakçıları burada onun keçdiyi həyat yolundan bəhs edən guşəyə baxmış, valideynlərinin xatirələrini dinləmişlər.

 

 Sabir ƏLİYEV,

Azərbaycan.-2022.- 9 aprel.- S.7.