Naftalanda Aprel şəhidinin xatirəsi anılmışdır

 

 

Naftalanda Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kapitan Vaqif Dilqəm oğlu Bayramovun xatirəsi anılmışdır. Tədbir iştirakçıları əvvəlcə ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.

 

Çıxış edənlər  Ali Baş Komandanın rəhbərliyi ilə Aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, rəşadətli ordumuzun gücünün-qüdrətinin təntənəsi Vətən müharibəsində zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd etmiş, ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışlar.

 

Sonra rəssam Elxan Əliyev müəllifi olduğu Xocavəndin Hadrut qəsəbəsində ucaldılmışDəmir yumruqheykəlinin kiçik formasını şəhidin həyat yoldaşı Nuranə Bayramovaya  təqdim etmişdir.

 

Tədbir Vaqif Bayramovun təhsil aldığı İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə davam etdirilmişdir. Burada torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin  xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra  şəhidlərin adını daşıyan siniflərə baxış keçirilmişdir.

 

Şəhid ailələrinin nümayəndələri, qazilər çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət qayğıkeşlikdən söz açaraq minnətdarlıqlarını bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.

 

 

Azərbaycan.- 2020.- 8 aprel. S. 7.