Tarix yaradan şəxsiyyət

 

 

2018-ci il aprelin 11-də Azərbaycanda 8 namizədin iştirakı ilə keçirilən növbədənkənar prezident seckilərində Yeni Azərbaycan Partiyasının namizədi olaraq cənab İlham Əliyev seçicilərin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq Azərbaycan Prezidenti seçildi.

Xalq növbəti dəfə öz seçimini etdi. Azərbaycanın tərəqqisi, aydın inkişaf yolu, rifahı və əbədi müstəqilliyi məhz bu seçimdən keçirdi. Xalq səhv etmir və edə də bilməz. Məsud gələcək, nəsildən-nəslə ötürülən dəyərlər və babalarımızın bizə əmanət qoyduğu Vətən torpaqlarının təhlükəsizliyi bu qərardan asılı idi.

İlk dəfə 2003-cü ildə xalqın etimadını qazanaraq prezident seçilən İlham Əliyevin prezidentlik dövrü quruculuq, yenidənqurma illəri kimi yadda qaldı. Ulu Öndər, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Prezidentin siyasi hakimiyyəti dövründə Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmləndi, ölkənin siyasi gücü-qüdrəti və iqtisadiyyatı daha da artdı, beynəlxalq müstəvidə mövqeyi, nüfuzu xeyli gücləndi. 2018-ci il seçkilərində qazandığı parlaq qələbə isə xalqın öz liderinə olan sonsuz məhəbbəti, inamı və gələcəyinə etibarı idi. 2003-2018-ci illərdə Prezident İlham Əliyev ölkəmizin hərtərəfli inkişafına nail olmuş, onun siyası və iqtisadi nüfuzunun artması və regionda gücə çevrilməsini təmin etmişdi. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər”  fikrini səsləndirən Prezident İlham Əliyev bu illər ərzində davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış etmişdi.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3.2 dəfə, büdcə gəlirləri 13.5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə, xarici ticarət dövriyyəsi 4.6 dəfə, ixracın həcmi 6 dəfə artmışdır. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmişdir. Bütün bunların nəticəsi olaraq 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmiş, ölkəmiz elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir. Həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində aparılan planlı işlər öz səmərəsini vermiş, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm nailiyyətlər qazanılmışdır. Bu istiqamətdə böyük meliorasiya tədbirləri görülmüş, dörd böyük su anbarı tikilərək istifadəyə verilmişdir. Bir sıra beynəlxalq təşkilatlar kənd təsərrüfatı sahəsində Azərbaycanın son illərdə apardığı səmərəli islahatları təqdir edib. Dünya Bankı hesab edir ki, Azərbaycanın ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə atdığı addımlar və kənd təsərrüfatı istehsalçılarına göstərilən dövlət dəstəyi məhsuldarlığın artırılmasını hədəfləyir ki, bu da həm istehlakçı, həm də istehsalçı üçün faydalıdır.

İqtisadiyyatı güclənməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeləri də möhkəmləndi. 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və uğurlu diplomatik gedişlər, Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və digər bu kimi nüfuzlu qurumların tribunasından səsləndirdiyi qətiyyətli bəyanatlar və bir çox məsələdə onun rəyinə göstərilən hörmət ölkəmizin siyasi mövqeyini möhkəmləndirib. Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən, etibarlı tərəfdaş, sözü və əməli bir-biri ilə eyni olan olkə kimi tanınır. Təbii ki, qazandığımız bu status məhz İlham Əliyevin müfəssəl liderlik istedadı, yüksək diplomatik qabiliyyəti və siyasi nüfuzunun vəhdəti nəticəsində əldə edilibdir.

Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə strateji hədəflərə nail olundu, peşəkar ordu quruculuğu müvəffəqiyyətlə həyata keçirildi, Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində mükəmməl standartların tətbiqi, genişmiqyaslı və planlı addımlar, köklü islahatlar və yenidənqurma işləri nəticəsində Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları sırasına daxil oldu. Azərbaycan Ordusu Cənubi Qafqaz regionunda ən güclü ordu olmaqla bərabər, dünyanın 50 ən güclü ordusundan da biridir. Məhz bu ordu 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tarixinə qızıl hərflərlə zəfər səhifəsini yazdı. 44 günlük Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi şücaət, döyüş taktikası və hərbi innovativlik bütün dünyanı özünə cəlb etdi. Hazırda məhz bu döyüşlərin taktika və texnikası dünyanın bir sıra hərbi mərkəzlərində dərindən öyrənilir.

Əminliklə söyləmək olar ki, Azərbaycan tarixinin 2003-2018-ci illəri əhatə edən dövrü milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev xalqı milli ideya ətrafında birləşdirib azərbaycançılıq məfkurəsini daha da dərinləşdirdi. Bugünkü Azərbaycan dünyanın bütün ölkələrində yaşayan hər bir azərbaycanlının fəxr etdiyi, qürur duyduğu, arzuladığı doğma Vətənidir.

Milli-mənəvi dəyərlərimizə sıx bağlı olan, vətənpərvər gənclərimiz isə Azərbaycanın ən böyük varidatıdır, bugünü və gələcəyidır. Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri milli ruhda tərbiyə alan parlaq gəncliyimizin yetişdirilməsidir. Onların təlim-tərbiyəsinə, təhsilinə, müasir inkişafına göstərilən diqqət və qayğının nəticəsində yetişən sağlam düşüncəli gənclər etibarlı gələcəyimizi təmin etməyə qadirdilər. Çiçəklənən, məsud, güclü Azərbaycan Prezident İlham Əliyevin amalıdır. Tarix yazanyaradan ŞƏXSİYYƏT tarixin qızıl səhifəsidir!

 

 

Sevil MIKAYILOVA

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 10 aprel.- S.9.