“Xilas reseptimiz İlham Əliyevdədir”

 

 

Ermənilər Azərbaycanla sülh müqaviləsinin imzalanmasını özlərinin qurtuluş yolu olaraq görürlər

 

 

 

Son 18 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatik fəaliyyət, tam müstəqil və prinsipial siyasətin nəticəsində Azərbaycan dünyada etibarlı və strateji tərəfdaş ölkə statusuna sahiblənib.

Məhz İlham Əliyevin hücum diplomatiyası Ermənistanın dünyada işğalçı dövlət kimi tanınmasını şərtləndirib. Azərbaycan Prezidentinin iştirak etdiyi bütün beynəlxalq toplantılarda vaxtilə Ermənistanda hakimiyyətdə olmuş Koçaryan-Sarkisyan hərbi xuntası, sonra hakimiyyətə gələn Nikol Paşinyan daim çıxılmaz vəziyyətə salınıblar.

Bütün beynəlxalq tədbirlər, sammitlər Azərbaycanın maraqlarına uyğun nəticə ilə yekunlaşıb: İlham Əliyev yüksək siyasi-diplomatik peşəkarlıqla Ermənistan rəhbərliyini daim ifşa edib, onu rəzil hala salıb və dünya erməniliyinin əsl məkrli mahiyyətini tutarlı arqumentlərlə dünya ictimaiyyətinə çatdırıb.

 

 

 

“30 il kor olmuşuq, indi gözümüz açılır, reallıqları görürük”

 

 

 

İndi Ermənistanda anlamağa başlayıblar ki, ölkənin acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbləri 30 ilə yaxın davam edən işğalçılıq siyasəti və Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü tədbirlər olub.

 

Ermənistan ictimaiyyətinin, sosial şəbəkə istifadəçilərinin statuslarından, şərhləri və mövqelərindən görünür ki, onlar ölkələrinin qurtuluşunu yalnız İlham Əliyevin xilas reseptində, Azərbaycanla münasibətləri normallaşdırmaqda, sülh müqaviləsinin imzalanmasında görürlər. Artıq anlayırlar ki, onların rifahı, ümumiyyətlə, xalq olaraq varlıqları Azərbaycanla normal münasibətlərin yaradılmasından keçir.

 

İrina Babayan adlı biri “İnstaqram”da Paşinyan tərəfdarlarının daha çox rəy bildirdiyi xəbərə maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: “Acı reallıq olsa da, qəbul edək ki, Paşinyanın pafoslu çıxışlarına, onun aktyorluğuna yalnız Ermənistanda inanırlar. İlham Əliyev isə xilas formulunu açıq şəkildə deyir. Sülh müqaviləsinin imzalanması gələcəyimizi xilas edə bilər. 30 ildə itirdiklərimizin hesabatını kim verəcək? Sarkisyan, Koçaryan, çıxın xalqa hesabat verin

 

Armen Minosyan adlı istifadəçinin “VKontakte” sosial şəbəkəsində Prezident İlham Əliyevin şəklini paylaşaraq “Acı gerçəklik: Bizi baş nazirimizdən daha çox düşünən, Ermənistanı işıqlı günə çıxarmağın yollarını göstərən şəxsiyyət” yazması maraqlı rəylərlə qarşılanıb. Vazgen Papinyan adlı istifadəçinin bu fotoya şərhi çoxlu bəyənmə toplayıb: “İndi başa düşürük ki, illərimizi boşa vermişik. Armenin yazdığında həqiqət çoxdur. Yalançı vədlər, Qarabağ müharibəsinin yaratdığı problemlər  bizi çox geri salıb. 30 il kor olmuşuq, indi gözümüz açılır, reallıqları görürük. Sülh müqaviləsinin imzalanması gələcəyimizi xilas edəcək, xoş gün görəcəyik”.

 

 

 

“Üzümüz güləcək, iqtisadiyyatımız dirçələcək”

 

 

 

“Feysbuk” sosial şəbəkəsində çoxlu sayda izləyicisi olan səhifələr “Brüsseldəki sonuncu üçtərəfli görüş” xəbərini paylaşaraq “Müharibədən sonra Azərbaycanın getdikcə daha da güclənməsi, sülh müqaviləsinin imzalanması Ermənistan üçün nələr vəd edir” sualını ünvanlayıblar. Çox izləyici bu paylaşmanın altında rəylər yazaraq müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, idmançı rəylərinə də rast gəlmək mümkündür. Məsələn, ixtisasca iqtisadçı olan Stepan Balosyan adlı biri yazır: “Acı həqiqət olsa da, demək lazımdır. Azərbaycan iqtisadi cəhətdən Ermənistandan çox öndədir. İnvestorlar Ermənistandan qaçdığı halda Azərbaycana pul qoymaq üçün axın edirlər. Bu da Azərbaycanı daha da gücləndirir və belə vəziyyətdə Zəngəzur dəhlizinin açılması Ermənistan iqtisadiyyatına mütləq şəkildə öz müsbət təsirini göstərə bilər”.

 

“Odnoklassniki” sosial şəbəkəsində Brüsseldəki görüşlə bağlı paylaşılan xəbərə münasibət bildirən, profil səhifəsində bank sektorunda çalışdığı yazılan Henrix Qriqoryan adlı istifadəçi isə qeyd edir ki, baş nazir Nikol Paşinyan indi çox düzgün addımlar atmalıdır: “Müharibədən sonra yaranan iqtisadi böhran Ermənistanda insanları acınacaqlı vəziyyətlə üz-üzə qoyub. Evlərini satanlar, hətta intihar edənlər də olub. Paşinyan, bir vətənini sevən erməni kimi sizə müraciət edirəm ki, kommunikasiyaların bərpasını uzatmayın. Xalqın taleyini əvvəlki hökumət maraqlandırmadı. İlham Əliyevlə razılaşmaqdan başqa çarəniz yoxdu. Xilas reseptimiz İlham Əliyevdədir”.

 

Henrix Aramyan adlı biri isə çox maraqlı “tvit” yazıb: “Sülh müqaviləsinin imzalanması ilə nəhayət, üzümüz güləcək, iqtisadiyyatımız dirçələcək”.

 

 

 

“Ermənistan son 30 ildə özünə qəsd edib”

 

 

 

Erməni ekspert Qriqori Vahenyan qeyd edir ki, Azərbaycanla münasibətlərin bərpası Ermənistanın sanki dünyaya yenidən gəlməsi olacaq. Onun fikrincə, müharibədəki məğlubiyyət fonunda sülh müqaviləsi imzalanmasa, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsi daha kəskin xarakter alacaq.

 

Q.Vahenyan diqqəti buna yönəldir ki, bütün proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayır ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin dövlət statistika komitəsi böyük iqtisadi geriləmələr yaşandığını etiraf edir: “Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionlar, qlobal layihələrdən kənarda qalmağımız da prosesə birbaşa təsir edir. Ermənistan qlobal kommunikasiya layihələrindən kənarda qalmaqla son 30 ildə özünə qəsd edib. Ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı itirmişdi. Sülh müqaviləsindən sonra Ermənistan da qazanan tərəf olacaq”.

 

 

 

Sülh müqaviləsinin uzadılması çöküşü daha da sürətləndirir

 

 

 

Ermənilər etiraf edirlər ki, ötən dövr Azərbaycanla normal münasibətlər yaratmadan Ermənistanın bir dövlət olaraq mövcudluğunu davam etdirməsinin mümkün olmadığını çox aydın şəkildə göstərdi. Bu gün müasir Azərbaycandan bəhs edərkən onu xarakterizə edən əsas cəhətlər sırasında ilk olaraq dünyanın ən sürətlə inkişaf edən, davamlı nailiyyətlərə imza atan ölkəsi olmasına xüsusi diqqət yetirilir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar ölkəmizin beynəlxalq miqyasda da mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən faktorlardan biri kimi çıxış edir.

 

Bütün bunlara paralel olaraq uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla yanaşı, dünyanın diqqətini ölkəmizə yönəldib. Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu etibarlı dövlətə çevrilməsinin nəticəsidir ki, indi ölkəmizlə qarşılıqlı əməkdaşlığa can atanların sayı durmadan artır.

 

Ölkəmizdə əldə edilən bu uğurlar fonunda Ermənistana nəzər saldıqda tamam əks mənzərə müşahidə olunur. Bunun ümdə səbəblərindən biri isə 30 il davam edən işğal siyasəti, bu gün isə sülh müqaviləsinin uzadılmasının yubadılmasıdır.

 

Aydındır ki, sülh müqaviləsini imzalamayacağı təqdirdə qarşıdakı dövr ərzində Ermənistanı daha böyük problemlər gözləyir. Azərbaycan həm iqtisadi, həm hərbi, həm də demoqrafik cəhətdən Ermənistanı üstələməkdə davam edir. Ölkəni tərk edənlərin sayı sürətlə artır. İndi görülən bütün tədbirlərə baxmayaraq, ölkədə əhalinin sayı sürətlə azalmaqda davam edir, xaricə köçənlər isə durmadan artır. Əhalinin artım səviyyəsinin get-gedə aşağı düşməsi erməni sosioloqlarının hakimiyyətə ünvanlanmış xəbərdarlıqlarının çoxalmasına səbəb olub. Ancaq real vəziyyət Ermənistanın faktiki olaraq demoqrafik böhran yaşadığını, bu problemin həlli perspektivinin olmadığını göstərir.

 

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Bununla yanaşı, Ermənistan iqtisadiyyatında miqyası hər gün genişlənməkdə olan tənəzzül ölkənin xaricdən asılılığını daha da artırır. Eyni zamanda, Ermənistanın xaricdən götürdüyü borcların miqdarı sürətlə artır. Bunun nəticəsində işğalçı ölkənin xaricdən maliyyə, iqtisadi, siyasi asılılığı getdikcə daha da güclənir. Belə şəraitdə Ermənistanın formal müstəqilliyini davam etdirə biləcəyi böyük sual altındadır.

 

Faktiki olaraq məğlub ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsi Ermənistanı sürətlə çökdürür. İstər köhnə, istərsə də yeni hakimiyyətin yürütdüyü məntiqsiz, ədalətsiz və reallıqdan uzaq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur. Yeganə qurtuluş yolu İlham Əliyevin 5 şərtini özündə ehtiva edən sülh müqaviləsini imzalamaq və Azərbaycanla, Türkiyə ilə normal münasibətlərə qayıtmaqdan keçir. Əks təqdirdə, Ermənistanın çöküşü davam edəcək və əhalisinin sosial durumu daha acınacaqlı vəziyyətə düşəcək.

 

 Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 10 aprel.- S.15.