Regiona sülh gətirən qətiyyətli Lider

 

 

Hər bir tarixi qələbənin qazanılması və möhkəmləndirilməsi uzunmüddətli proseslərin nəticəsidir. Dövlətimiz torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi ilə bunu bir daha dünyaya nümayiş etdirdi.

Təxminən 30 ilə yaxın çəkən münaqişənin cəmi ayyarım ərzində və mümkün qədər az insan itkisi ilə yoluna qoyulması Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin bu müharibəyə illərlə apardığı hazırlıq prosesinin məntiqi yekunu idi.

 

 

Qələbəyə gətirən yollar

 

 

 

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. O tarixi günlərdə Azərbaycan xalqı bir nəfər kimi Ali Baş Komandanla həmrəylik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirdi. Bütün gücü, imkanları, güvəni ilə dövlət başçısının yanından çəkilmədi. Əli silah tutan hər bir insan ordu sıralarına yazılmaq üçün növbəyə durdu. Bu, yeni şanlı tarixin başlanğıcı, Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi və böyük liderin qələbəsiydi.

Həmin günlərdə Ali Baş Komandan mahir sərkərdə kimi təkcə döyüşləri idarə etmirdi, durmadan irəliləyən ordumuzun apardığı hərbi əməliyyatları yönləndirmirdi, eyni zamanda özüdiplomatiya səngərində vuruşurdu, informasiya savaşı aparırdı. Ermənistanın və onun saysız-hesabsız havadarlarının informasiya təxribatlarını uğurla dəf edirdi, xarici KİV-ə verdiyi müsahibələrlə təxribatçıları susdururdu. Düşmənin uydurma miflərini ifşa edirdi. Azərbaycanın bu savaşda haqlı olduğunu, ədalət uğrunda çarpışdığını bütün dünyaya  faktlar, aydın dəlillərlə çatdırırdı.

Prosesin döyüş əməliyyatları hissəsi cəmi 44 gün çəkdi və şanlı ordumuzun tarixi Zəfəri ilə tamamlandı. Başqa cəbhələrdə isə Azərbaycan elə 30 ilə yaxın müddət idi ki, mübarizə aparırdı. Vəziyyəti addım-addım xeyrimizə dəyişirdi.

İlk növbədə, Azərbaycan bu qələbəyə Ulu Öndər Heydər Əliyevin ötən əsrin ortalarından başlayaraq ölkəmizə qazandırdığı iqtisadi güc hesabına nail oldu. O dövrdə mənasız insan itkilərinin qarşısını almaq üçün Ermənistanla bağlanmış atəşkəs sazişi Azərbaycana əsas diqqəti yeni neft strategiyasını həyata keçirməyə, irimiqyaslı sosial-iqtisadi layihələri reallaşdırmağa, cəmiyyətimizdə müəyyən narahatlıqlar yaradan problemləri aradan qaldırmağa, demokratik hüquqi dövlət quruculuğu proseslərinə yönəltməyə, milli birliyə nail olmağa imkan verdi. Azərbaycan dövləti getdikcə artan iqtisadi potensialından istifadə edərək güclü nizami ordu yaratdı. Münaqişənin ilk vaxtlarında erməni lobbisinin ölkəmiz ətrafında qurduğu informasiya blokadasını yarmaqdan ötrü cəhdlərini intensivləşdirdi. Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa başladı.

Bütün bu proseslər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə daha da genişləndi və gücləndi. Dövlət rəhbərimiz Azərbaycan torpaqlarının işğalçılardan təmizlənməsinə daim əsas prioritet, mühüm məsələ kimi yanaşdı. Ölkəmizin iqtisadi gücünü, potensialını bu məqsədə yönəltdi. Azərbaycanda ölkəmizə qarşı yol verilmiş haqsızlıqları, tarixi ədalətsizlikləri bir an da olsun unutmayan, torpaqlarımızın azadlığı üçün döyüşlərə atılmağa hər zaman hazır olan güclü, vətənpərvər gənc nəsil yetişdirdi. 44 günlük müharibədə Azərbaycan erməni işğalçılarını öz torpaqlarından bu nəslin döyüş ruhu, mübarizə əzmi ilə qovub çıxartdı. Prezident İlham Əliyev Azərbaycanda dünyanın ən qüdrətli ordularından birini qurdu. Hərbi qüvvələrimizin malik olduğu innovativ silahtexnologiyalarla ölkəmiz 44 günlük Vətən müharibəsində XXI əsrin müharibəsini apardı. Mülki əhaliyə heç bir xətər toxundurmadan, qarşı tərəfin yalnız hərbi obyektlərini hədəf seçməklə Ermənistan ordusunu, demək olar ki, sıradan çıxardı. Bütün dünya gördü ki, haqqı sübuta yetirməkdən ötrü təkcə beynəlxalq hüquq normaları kifayət etmir. Doğrunun, ədalətin sənin tərəfində olması ilə hələ bitmir. Qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə vuran “dəmir yumruğun zərbəsini də göstərməlisən.

Prezidentimizin daxili və xarici siyasətinin uğurları hesabına regionun lider dövlətinə, nüfuzlu söz sahibinə çevrilmiş ölkəmizin qlobal dünya üçün daşıdığı əhəmiyyət, dövlətimizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji-kommunikasiya layihələrinin  beynəlxalq səviyyədəki önəmi bu məsələlərdə Azərbaycanın əlini daha da gücləndirdi.

 

 

Qətiyyətin gücü

 

 

 

2003-cü ildən bəri ölkəmizə rəhbərlik etdiyi dövrdə Prezident İlham Əliyev öz qətiyyətindən, Azərbaycanın haqlı mövqeyindən bir an da olsun geri addım atmadı. Bütün təzyiq və təhdidlərə rəğmən, hamıya göstərdi ki, Azərbaycanı heç bir güzəştə məcbur etmək mümkün deyil. Doğru olanı dilə gətirdi, düzgün qərarlar verdi və başqalarına da bu yolun ən doğrusunu göstərdi. Bəyan etdi ki, ölkəmiz nə yolla olur-olsun, torpaqlarını işğalçılardan azad edəcək. Dövlət rəhbərimiz bunun üçün illər boyu bütün istiqamətlərdə hazırlıqlar apardı. Sülh danışıqlarına sadiq qaldı. Məsələnin qansız-qadasız yoluna qoyulmasından ötrü ən kiçik imkanları belə dəyərləndirməyə çalışdı. Ermənistana düşünmək, öz işğalçı mövqeyindən geri çəkilmək, əsassız yerə insan ölümlərinə bais olmamaq üçün dəfələrlə şans verdi. Əgər aparılan danışıqlar səmərə verməzsə torpaqlarımızın hərbi yolla azad olunması üçün eyni zamanda ordu quruculuğuna diqqəti artırdı. Cəmiyyətimizdə əsas amilə çevrilən milli birliyə nail oldu. İnsanları ümumi ideya, prinsip, məqsəd ətrafında birləşdirməyi bacardı. Dəyişən qlobalreqional reallıqlar şəraitində ölkənin milli maraqlarını qoruya bildi.

Liderin nüfuzu həm də onun təsir imkanlarının əhatə dairəsi ilə ölçülür. Güclü dövlət adamının fəaliyyətinin təsir dairəsi isə bir ölkə ilə məhdudlaşmır, bütövlükdə regional, hətta qlobal əhəmiyyət daşıya bilir. Bu baxımdan Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət regionda gedən siyasi, iqtisadi proseslərin axarına həlledici təsirini göstərir. Azərbaycan Prezidentinin irəli sürdüyü təkliflərin nə qədər yerində, məqsədyönlü olduğunu, real nəticələrə hesablandığını tarix dəfələrlə sübuta yetirib. Ona görə də dünya liderləri dövlət başçımızın baxışlarına, təklif və təşəbbüslərinə böyük önəm verirlər.  Prezident İlham Əliyev bu illər ərzində ölkəni lider dövlətlər sırasına yüksəltdi. Azərbaycan indi Avropa ilə Asiya qitələrini siyasi, iqtisadi, mədəni nöqteyi-nəzərdən birləşdirən regional güc mərkəzidir.

 

 

Düzgün siyasət

 

 

 

Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasiiqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasiiqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər".

 

Bu gün xalq-iqtidar birliyi daxilixarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. İlk növbədə, rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Eyni zamanda güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi Azərbaycanın milli tərəqqisini sürətləndirən, gücünü artıran başlıca strateji komponent qismində özünü büruzə verir. Makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatın diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyası uğurla həyata keçirilməkdədir.

Digər mühüm məsələ ölkədə hökm sürən ictimai-siyasi sabitliklə bağlıdır. Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında ilk yerlərdən birini tutur. Dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Prezident İlham Əliyevin xarici siyasət kursu bütün dünyada bizə xoş münasibət bəsləyən, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dostlarımızın sayını artırdı. “Bir millət-iki dövlət” olan, hər zaman yanımızda qərar tutub haqq işimizə dəstək verən, bu gün qlobal proseslərə təsir imkanları ilə qürur duyduğumuz Türkiyə ilə qardaşlığımızı ən yüksək mərhələyə qədər inkişaf etdirdi. Dövlət rəhbərimizin Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla şəxsi münasibətləri, bir-birinə olan sonsuz sayğısı, hörməti, inam və güvəni bu münasibətlərə yeni dəyərlər qatdı.

Prezident İlham Əliyev beynəlxalq təşkilatların işğal faktına münasibətdə Azərbaycanın xeyrinə müvafiq qərar və qətnamələr qəbul etməsinə nail oldu. İştirak etdiyi bütün tədbirlərdə bu məsələni gündəmə gətirdi. Ölkəmizin ədalətli mövqeyini çatdırdı. Ermənistanın illərdən bəri yaratdığı saxta mifləri ifşa etməyi, dünya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyinə inandırmağı bacardı. Eyni zamanda gələcəyə aydın baxışı ilə regionun inkişaf mənzərəsini müəyyən edə bildi. Bu regionda strateji maraqları olan bütün ölkələrə aydın dəlillərlə göstərdi ki, əgər münaqişə ədalətli qaydada öz həllini taparsa, bölgəmizdə bütün qonşular və ümumən, dünyanın əhəmiyyətli bir hissəsi üçün son dərəcə faydalı olan yeni tarixi reallıqlar yaranar. Prezident İlham Əliyev sarsılmaz qətiyyəti, səbri, təmkini, diplomatik məharəti ilə bu yeni reallıqları yaratmağı bacardı. Əslində, 30 ilin deyil, təxminən 200 ildən də artıq zamanın problemini həll etdi. Azərbaycan ilk dəfə öz itirilmiş torpaqlarını geri almağa müvəffəq oldu.

 

 

Yeni tarixi reallıqlar

 

 

 

Prezidentimizin yaratdığı tarixi reallıqların aynasında bu gün hər kəs görür ki, Azərbaycan torpaqlarının illərdir işğal altında saxlanması, münaqişənin həllini tapmadan qalması kimsənin marağında deyilmiş. Ermənistan bu illərdə Azərbaycan torpaqlarında dağıdıcılıqdan, vandalizmdən başqa heç bir fəaliyyətlə məşğul olmayıb. Bu torpaqların zəngin resurslarından istifadə üçün heç bir görülməyib. Burada daş-daş üstünə qoyulmayıb, əksinə, şəhər, qəsəbə və kəndlərimiz yerləyeksan edilib. Ərazilərin qurulu infrastrukturu vəhşicəsinə talan olunub. Ermənistanın işğalçı mövqeyi ucbatından dünya iqtisadiyyatı üçün çox əlverişli, səmərəli bir kommunikasiya kanalı hamının üzünə qapanıb, özünü bütün imkanlardan təcrid edib, regional layihələrdən kənar düşüb. Sosial-iqtisadi cəhətdən tamamilə asılı, əhalisi sürətlə xarici ölkələrə qaçıb gedən və heç bir gələcəyi olmayan, eyni zamanda aqressiv mövqeyi ilə regionda sülh, təhlükəsizlik, davamlı inkişaf üçün böyük təhdidlər doğuran ölkəyə çevrilib.

 

Azərbaycan əgər iki ölkə arasında daimi sülh əldə olunarsa, Ermənistan aqressiv mövqeyindən əl çəkib haqq yoluna gələrsə, regionun bir parçasına çevrilməyi istəyərsə, bölgədə yarana biləcək inkişaf mənzərəsini, qarşılıqlı faydaları da hər kəsə göstərməyi bacarır. Ermənistandakı bir qrup revanşistin saxta hüy-küyü fonunda dünyaya da, Ermənistan cəmiyyətinə də böyük perspektivlər təqdim edər. Bu gün tarixi qələbəmiz bütün dünyada qəbul olunur, prosesin yeni mərhələyə daxil olması, Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə edilməsi, kommunikasiyaların açılması, yeni regional əməkdaşlıqların qurulması üçün ölkəmizin mövqeyi beynəlxalq aləmdə dəstəklənir. Hərbi qələbəmizin ardınca ölkəmizin diplomatik uğurlarının da sırası genişlənir. Tezliklə daimi sülhün əldə olunmasına doğru aydın yol görünür.

 

 

 

Əbədi sülhün təməli

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adını tarixə torpaqlarımızı işğaldan azad edən dövlət rəhbəri kimi yazdı. Yeni strateji mərhələdə isə bu ad Qafqazın tarixinə torpaqlarında əbədi sülhün təməlini qoymuş Lider kimi yazılacaq. Prezidentimizin bu günlərdə Brüsselə səfəri, burada Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlər, həmin görüşlərin pozitiv nəticələri bunun daha bir təzahürü oldu.

Brüssel görüşləri ilk növbədə Prezident İlham Əliyevin dünyadakı böyük nüfuzunun göstəricisi, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirdiyi ardıcıl və  məqsədyönlü siyasətin növbəti böyük uğurudur. Bu uğurun miqyasını və böyük perspektivlərini tam görmək üçün tarixi xronologiyaya qısaca nəzər salaq. Belə ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format - Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci ilin14 dekabrında keçirildi. Beləliklə də Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar başlandı, müntəzəm olaraq telefon danışıqları aparıldı.

Aprelin 6-da keçirilən sonuncu görüşün nəticələri artıq sülh məqsədinə doğru xeyli irəliləyişlərin əldə edildiyini göstərdi. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-inə müvafiq təlimatlar verildi.

 

 

 

Azərbaycanın ərazi bütövlüyü əsas məqamdır

 

 

 

İndiyə qədər də mətbuatda açıqlanan mövqelərdə qeyd edildiyi kimi, sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Azərbaycanın ərazi bütövlüyü bu sənədin əsas məqamıdır.

Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, ilk növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə artıq razılıq əldə olunub. Bunun nəticəsi olaraq sərhəddə gərginlik aradan qaldırılır. Brüssel razılaşmalarında Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də azad yurdlarımızdakı quruculuq işlərində Azərbaycana dəstək göstərməsi öz əksini tapıb. Həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yoluavtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin təşkili qərara alınıb.

Sənədin ən önəmli cəhətlərindən biribudur ki, onun məzmununda "Dağlıq Qarabağ" ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu həmsədrlik institutuna hər hansı istinad yoxdur. Bu da Avropa İttifaqının 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul etdiyini, öz mövqeyində də bunu əsas götürdüyünü göstərir. Həmçinin münaqişə həll olunduğundan ATƏT-in Minsk qrupunun artıq lazımsız bir təsisata çevrildiyinin hər kəs fərqindədir. Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizmformat yaranmışdır ki, hazırkı reallıqlar fonunda bu daha səmərəli, çevikümidvericidir. Sülh sazişinin hazırlanması ikitərəfli formatda həyata keçiriləcək. Bu da bölgədə maraqlı tərəflərin prosesdə birbaşa iştirak etməməsi deməkdir. Avropa İttifaqının qlobal proseslərdəki çəkisi, sanbalı, proseslərə təsir imkanları, eyni zamanda sülhün əldə edilməsi arzusunda qərarlı və ardıcıl görünməsi də bu ümidləri artırır. Belə ki, Avropa İttifaqı müasir dünyamızın ən böyük siyasiiqtisadi mərkəzlərindən biridir. Qərəzsiz və bitərəfliyini qoruduğundan həm Azərbaycanda, həm də Ermənistanda bu təşkilata etimad var. Avropa İttifaqının da əsas məqsədi ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasıdır.

 

 

Azərbaycan Prezidentinə beynəlxalq inam

 

 

 

Burada mühüm bir amiliunutmaq olmaz. Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf səviyyəsinə yüksəlib. Avropa İttifaqına daxil olan ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu genişlənib. Bütün bunlar belə bir nüfuzlu təşkilatın regionda sülh, qarşılıqlı əməkdaşlıq istəyini şərtləndirən amillərdəndur.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə Prezident İlham Əliyev arasında intensiv dialoq və təmaslarda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanması, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və digər məsələlərin həlli istiqamətində əməli addımlar atılması üçün mühüm şərtdir.

Avropa İttifaqının dövlət rəhbərimizə münasibəti bu qurumun cənab İlham Əliyevin regional liderliyini qəbul etdiyini, ona inandığını göstərir. Bu, həm də Cənubi Qafqazda sülhsabitliyin təmin edilməsində, burada davamlı inkişaf və qarşılıqlı əməkdaşlıq mühitinin qurulmasında Prezident İlham Əliyevin şəxsiyyətinin müstəsna önəminə dəlalət edir. Ona görə də Avropa İttifaqı Azərbaycan Prezidenti ilə təmasların davam etdirilməsində maraqlıdır. Son iki ayda dövlət başçımızla dünya liderləri, dövlət və hökumət rəhbərləri arasında gedən sıx dialoqlar, telefon danışıqları, ünvanlanmış məktublar da Azərbaycan Prezidentinin dünyadakı böyük nüfuzunun göstəricisidir.

Hazırda Ermənistanda gedən müzakirələr də Azərbaycan Prezidentinin siyasi-diplomatik səylərinin böyük səmərə verdiyini, qonşu dövlətin müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərinin alınmadığını sübuta yetirir.

Azərbaycan Prezidenti bəşəriyyətin xoşbəxt gələcəyini qarşıdurmalarda, ziddiyyətlərdə deyil, məhz əməkdaşlıqda, problemlərə birgə həllər axtarmaqda görür. Bu reallıq, ümumən, Cənubi Qafqazın xoşbəxt gələcəyi üçün xoş bir başlanğıcdır. Əsas amal, əsas niyyət Cənubi Qafqazı sülh, əməkdaşlıq, davamlı inkişaf məkanına çevirməkdir.

Bütün bunlar yeni bir tarixdir. Bu tarixin müəllifi isə Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyevdir!

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 12 aprel.- S.6.