Avropanın birincisi

 

Hər iki komandamız - yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız qitə çempionu oldular

 

 Macarıstanın paytaxtında keçirilən Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdıb. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştdə 1 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və heyət üzvlərinin yaxınları qarşılayıblar.

 

Hava limanındakı brifinqdə çıxış edən baş məşqçi Namiq Abdullayev bu uğuru tarixi rekord adlandırıb. Onun fikrincə, Azərbaycan güləşçiləri ümidləri doğruldublar: “Bir neçə gün bundan əvvəl U-23 Avropa çempionatında da komanda hesabında çempion olmuşduq. Həmin yarışdan sonra Prezident İlham Əliyev bütün heyəti qəbul etdi, təbriklərini çatdırdı, tövsiyələrini verdi. Bu, idmançılar üçün böyük stimul oldu. Dövlət başçısının diqqət və qayğısını daim hiss edirik”.

 

Bu yarışda da heyətdə gənc güləşçilərin yer aldığını söyləyən baş məşqçi Bolqarıstanda medal qazanan idmançılardan Zirəddin Bayramov, Əşrəf Aşırov və Aydın Əhmədovun böyüklərin qitə birinciliyində də iştirak etdiyini söyləyib. Maqomedxan Maqomedov isə ölkəmizi ilk dəfə Avropa çempionatında təmsil edib və bütün görüşləri inamla keçirib. O, təcrübəli güləşçilərə qalib gələrək gələcək üçün ümid verib.

 

Namiq Abdullayev həmçinin böyük məşqçi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin zəhmətlərini dəyərləndirərək qeyd edib ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyi yüksəkdir: “Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışları keçirməyi planlaşdırırıq”.

 

Avropa çempionu Maqomedxan Maqomedov (97 kq) yarışlarla bağlı təəssüratlarını bölüşüb: “Sözsüz ki, çempion olduğum üçün çox sevinirəm. Bu nəticəni qazanmağımda əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.

 

Avropa çempionatını gümüş medalla başa vuran Hacı Əliyev (65 kq) isə deyib ki,  güləşçilərimiz bu turnirdə inamla mübarizə aparıblar. Bunun da nəticəsi göz önündədir: “Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti Olimpiya oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm. Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionu olmaqdır. İnşallah, Parisdə qızıl medal qazanaram”.

 

Yunan-Roma güləşi üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 10 güləşçiylə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayevlə (97 kq) Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin ehtiyatına əlavə ediblər.

 

Qeyd edək ki, bu, Rafiq Hüseynovun üçüncü, Eldəniz Əzizlinin isə ikinci çempionluğudur.

 

Finalda Eldənizin rəqibi gürcüstanlı dünya çempionu Nuqzari Tsurtsumia olub. Görüş pəhləvanımızın qələbəsi ilə yekunlaşıb - 8:2.

 

Beləliklə, 30 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub. O, ilk belə çempionluğu 2018-ci ildə qazanıb. Həmin il o, dünya çempionu da olub. Eldəniz həm də yunan-Roma güləşi növündə böyüklər arasında ən çox Avropa çempionatı medalı olan idmançımızdır. Onun hesabında 6 qitə birinciliyinin medalı var. Güləşçi 2018-ci ildə Kaspiyskdə və 2022-ci ildə Budapeştdə qitənin ən güclüsü adını qazanıb, 2011-ci ildə Dortmundda, 2019-cu ildə Buxarestdə, 2020-ci ildə Romada və 2021-ci ildə Varşavada fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

 

R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. O, dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Təmsilçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0.

 

Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçqat Avropa çempionu olub. Güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada keçirilən Avropa çempionatlarında da birinci olub, 2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə millisi 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekorda imza atıb.

 

 

  Rizvan CƏFƏROV,

 

 Azərbaycan.- 2022.- 5 aprel. S. 7.