Taxıl idxalını azaltmaq üçün, ilk növbədə ərzaqlıq buğdanın istehsalı artırılmalıdır

 

 

Prezident son müşavirədə bu məsələnin vacibliyini bir daha qeyd etdi

 

 

 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına  görə, son üç ildir ki, dünyada ərzaq məhsullarının qiyməti bahalaşır.

Təşkilat bunu dünyada əhalinin sürətlə çoxalması sayəsində ərzağa olan tələbatın, iqlim dəyişikliyinin əkinçiliyə vurduğu ziyanın artması ilə əlaqələndirir.  Ancaq indiki qlobal ərzaq böhranı və bahalaşma təkcə təbii səbəblərlə deyil, həm də siyasi məsələlərlə bağlıdır. Təsadüfi deyil ki, bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də məhz ərzaq təhlükəsizliyi məsələsinə xüsusi olaraq toxunulub. Qeyd edilib ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları ilə kifayət qədər ehtiyatımız var.

Prezident İlham Əliyev bu istiqamətdə, ilk növbədə ərzaqlıq buğdanın artırılmasının vacibliyini qeyd edib: "Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad olunmuş torpaqlarda, həm də ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə 100 faiz təmin edək".

Rusiya-Ukrayna münaqişəsinin iki ölkə arasında hərbi toqquşmadan daha çox ikiyə bölünən dünya arasında gedən savaş olduğunun şahidiyik. Hazırda siyasi meydanda cərəyan edən hadisələr hərb meydanındakından daha gərgindir. Qarşılıqlı şəkildə tətbiq edilən sanksiyalar ənənəvi neft-qaz sahəsindən əlavə, ərzaq məhsullarına da sirayət etməyə başlayıb. Ərzaq məhsullarının bahalaşmasında və qıtlıq yaranmasında əsas səbəb sözügedən ölkələrin hər ikisinin iri ərzaq ixracatçısı olmasıdır. Belə ki, dünya bazarına buğda ixracının 30, arpa ixracının 31, günəbaxan yağının ixracının 32 faizi, həmçinin şəkər ixracının əhəmiyyətli hissəsi Rusiya ilə Ukraynanın payına düşür. Bu gün Ukrayna müharibə üzündən ərzaq məhsullarının ixracını tam həyata keçirə bilmir. Belə ki, cari ilin mart ayında bu ölkə 1,1 milyon ton qarğıdalı, 309 min ton buğda, 118 min ton günəbaxan yağı, 40 min ton soya məhsulları ixrac edə bilib. Bu isə cari ilin fevral ayı ilə müqayisədə həmin məhsulların 4 dəfə az ixrac edilməsi deməkdir.

 

Azərbaycan da Rusiyadan taxıl idxal edən ölkələrdəndir. Amma Rusiya cari ilin avqust ayına kimi buğda ixracını qadağan edib. Düzdür, Hindistan fürsətdən istifadə edib Rusiyanın ixrac bazarlarını ələ keçirmək istəyir ki, bu da bizim üçün bir variantdır. Ancaq ən yaxşısı bu sahədə başqasından asılı olmamaqdır.

 

Odur ki, indi ölkəmizdə taxıl istehsalçılarına daha diqqətlə yanaşılır. Onlara daha çox məhsul istehsalı üçün dövlət dəstəyi artırılıb. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri indi daha tez-tez taxılçı fermerlərlə görüşür, onlara məsləhət verməklə yanaşı, qarşılaşdıqları problemlərin həllində yardımçı olurlar.

 

Payızlıq əkinlərin bəyanı prosesinin vaxtında həyata keçirilməsi arpabuğda əkinlərinə görə subsidiyaların ilin əvvəlində verilməsinə imkan yaradır. Ötən ilin sonlarında nazirliyin yerli qurumlarla birlikdə bu istiqamətdə apardığı maarifləndirmə işləri öz müsbət nəticəsini verib. Belə ki, taxılçı fermerlərin mütləq əksəriyyəti öz əkinlərini vaxtında bəyan edərək subsidiya almaq üçün elektron müraciət ediblər. Aqrar Kreditİnkişaf Agentliyi fevral ayından başlayaraq taxıla görə əkin subsidiyalarını fermerlərin kart hesablarına köçürməyə başlayıb. İndiki tarixə torpaq sənədlərində problem olmayan, öz sahələrindən aqrokimyəvi analiz vermiş və əkinlərini aqrar sığorta etdirmiş fermerlərin hamısı subsidiyalarını alıblar.

 

Ancaq bütün fermerlər bu imkandan istifadə edə bilmirlər. Subsidiyalarını ala bilməyən fermerlərin əksəriyyəti torpaq sənədləri natamam olanlardır. Ölkədə xeyli sayda fermerin torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədi yoxdur. Bu fermerlər indiyə kimi subsidiya almaq üçün yalnız plan-ölçü sənədləri ilə müraciət edirdilər. Plan-ölçü sənədləri isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd hesab olunmur. Subsidiyaların verilməsi sisteminin elektronlaşdırılması prosesinin yeni başladığını nəzərə alaraq ötən illər ərzində bu kateqoriyadan olan fermerlərə güzəşt edilib ki, onlar plan-ölçü sənədləri əsasında subsidiya ala bilsinlər. Eyni zamanda fermerlərə növbəti mövsümədək müvafiq dövlət qurumuna müraciət edərək çıxarış almaq tövsiyə olunub.

 

Prezident İlham Əliyevin 7 oktyabr 2021-ci il tarixli fərmanına əsasən, vətəndaşlar plan-ölçü sənədlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim edərək heç bir rüsum və xidmət haqqı ödəmədən mülkiyyət hüququnu təsdiqləyən sənəd (çıxarış) ala bilərlər. Əkinlərin bəyanı üçün ötən il dekabrın 30-dək çıxarış almamış vətəndaşların subsidiya almaq üçün elektron müraciəti formalaşmır. Buna baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyi həmin kateqoriyadan olan fermerlərə öz plan-ölçü sənədlərini çıxarışla dəyişərək subsidiya almaq üçün müraciət etmək tarixini mayın 31-dək uzadıb. Plan-ölçü sənədləri olan fermerlər o sənədləri müvafiq dövlət qurumuna müraciət edərək çıxarışla əvəzlədikdən sonra yeni sənədi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə alt sənəd kimi daxil edə bilərlər. Yeni çıxarışları sistemə daxil edən fermerlərə iyun ayından başlayaraq 2021-2022-ci illər üzrə payızlıq əkinlərə görə subsidiya ödəniləcək.

 

Dövlət başçısı cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə vurğulayıb ki, buğda ilə təminat üçün zəruri tədbirlər görülməlidir və görülür: "Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlanmışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, RusiyaUkrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarına ixrac edirlər. İndi təbii qıtlıq hiss olunurhiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülübehtiyatlar yığılıb".

 

Artıq yeni mövsüm ərəfəsindəyik. Mayın sonlarından başlayaraq Azərbaycanda taxıl biçininə start veriləcək. Hazırda taxıl sahələrinə gübrə verilməsi prosesi davam edir. Sahələrdə aqrotexniki qulluq tədbirlərinin düzgün təşkili məhsuldarlığın artmasına təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən fermerlər sahələrə gübrə verən zaman normativlərə düzgün riayət etməlidirlər. Hazırda taxıl əkini sahələrində karbamid gübrəsindən daha geniş istifadə olunur. Karbamid gübrəsinin əvvəllər daha geniş istifadə olunan ammonium şorasından bir sıra üstün cəhətləri var. Karbamid gübrəsi bitkinin kollanma əmsalını artırır, eyni zamanda bitkinin yaşıl qalma müddətini uzadır. Bu isə nəticədə dənin daha yaxşı dolmasına, sünbülün yaxşı inkişaf etməsinə, keyfiyyət göstəricilərinin yüksəlməsinə səbəb olur.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2022.- 14 aprel.- S.6.