ABŞ Dövlət Departamenti Ermənistanı azərbaycanlılara qarşı etnik təmizləmədə ittiham etdi

 

 

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın durumuna dünya şahidlik etdi. 30 il ərzində daşı-daş üzərində qoymayan erməni vandalları şəhərlərimizi, kəndlərimizi, xüsusən də tarixi abidələrimizi yerləyeksan edib, izini itirməyə çalışıblar. Xarici ölkələrdən gəlmiş yüzlərlə ekspert, jurnalist, siyasətçilər də bu prosesin canlı şahidi olublar.

Bu azmış kimi, azad edilən torpaqlarımızda quruculuq işləri başlayandan sonra  aşkarlanan kütləvi məzarlıqlar isə əsl erməni vandalizmini bir daha dünyaya nümayiş etdirdi. Bu məzarlıqların sayının get-gedə artması isə onu göstərdi ki, ermənilər tarix boyu azərbaycanlılara qarşı yüzlərlə etnik təmizləmə əməliyyatı həyata keçiriblər.  Ermənistan soyqırım və mədəni irsi məhv etmək siyasətini həyata keçirməklə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların bütün yaddaşının, tarixinin və mədəniyyətinin izlərini qəsdən silmək siyasəti aparıb, mədəni irsi talan və məhv ediblər.

 

 

 

Dünya əsl erməni vəhşiliyinə şahidlik edir

 

 

 

Artıq dünya əsl erməni xislətinə, erməni barbarlığına şahidlik edir və bəşəriyyət kimin haqlı, kimin günahkar olduğunu yaxşı anlayır. Bu gün Ermənistanın nəinki beynəlxalq hüquq normalarına, hətta elementar insani davranışa sığmayan hərəkətlərinə qarşı çıxan dövlətlərin sayı artmaqdadır.

ABŞ Dövlət Departamentinin yaydığı məlumat isə bunu bir daha təsdiqlədi. Belə ki, Dövlət Departamenti Ermənistanı azərbaycanlılara qarşı etnik təmizləmədə ittiham edir.

Departamentin rəsmi saytında 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatın Ermənistan hissəsində bildirilib ki, 2020-ci ildə etnik erməni qüvvələrinin bəzi azərbaycanlı əsirləri qanunsuz şəkildə qətlə yetirdiklərinə və işgəncəyə, ləyaqəti alçaldan rəftara məruz qoyduqlarına dair məlumatlar yayılıb. Heç kimə sirr deyil ki, rəsmi İrəvan imkanlı diaspora, güclü lobbiyə və xristian təəssübkeşliyinə arxalanaraq Qərb ölkələrində at oynadıb. Vəziyyət elə bir həddə gəlib çatmışdı ki, erməni diasporu özünü ərköyün uşaq kimi aparır, istəklərini yazılmamış qanun hesab edir və əksər hallarda buna nail olurdu.

Azərbaycanın 44 günlük müharibədəki möhtəşəm zəfərindən sonra işğal altında qalan torpaqlarda ermənilərin törətdikləri vəhşiliklər də ortaya çıxmağa başladı. Çünki  Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlamasına mane törətməkdən, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını yubatmaqdan ötəri Ermənistan minaların basdırıldığı xəritələri Azərbaycana təhvil vermək istəmir, bunun üçün müxtəlif bəhanələr gətirir. Azərbaycan tərəfinin müharibənin bitməsindən sonra atdığı bütün addımlara baxmayaraq,  Ermənistan öz terrorçu siyasətinin mahiyyətini dəyişmək istəmir, bəşəri və hərbi cinayətlərini davam etdirir. Beynəlxalq hüququn norma və prinsiplərinə açıq-aşkar hörmətsizlik nümayiş etdirən Ermənistanın bu addımı ağır cinayət hesab edilir.

Ermənistanın bu məkrli siyasəti nəticəsində minaların qurbanına çevrilən hərbçi və mülki şəxslərin sayı getdikcə artmaqdadır. Bütün bunların fonunda Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə erməni silahlı qüvvələri tərəfindən öldürüldüyü iddia edilən azərbaycanlılara aid məzarların axtarışına başlayıb. Həmçinin, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda azərbaycanlılara məxsus onlarla qəbiristanlığın dağıdılması ilə bağlı sübutlar üzə çıxıb. 2020-ci ildə atəşkəsin əldə olunmasından sonra Ermənistanın daha əvvəl nəzarət etdiyi Azərbaycan ərazilərində 7 azərbaycanlı hərbçi və 29 mülki şəxsin minaya düşərək həlak olduqları, xeyli sayda insanın yaralandığı qeyd edilib.

 

 

 

Beynəlxalq təşkilatlar insanlığa sığmayan cinayət faktlarına niyə reaksiya vermirlər?

 

 

İşğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən aparılan axtarış-araşdırma tədbirləri nəticəsində Xocavənd rayonunun Edilli kəndində və Füzuli şəhəri ərazisində də kütləvi məzarlıqlar aşkar edilib.

Son olaraq isə martın 28-də Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Komissiyanın məlumatına görə, bu yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil verilib.

Birinci Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən Xocalı rayonunun Pirlər kəndində 46 nəfər, Ağdam rayonunun Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb. Ümumilikdə araşdırmalara görə, işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında belə məzarlıqlar mövcuddur. Ərazilər minalardan təmizləndikcə bu məzarlıqlar da aşkara çıxarılacaq.

Bu gün Azərbaycan humanist, Ermənistan isə terror siyasətini dünyaya nümayiş etdirir. Amma hələ də ikili standartlardan çıxış edən bir sıra dövlətlər Ermənistanın bu siyasətinə qapalı gözlə baxır. Halbuki azərbaycanlılara qarşı qəsdən törədilmiş sülh və insanlıq əleyinə cinayətlərə beynəlxalq hüquq normaları əsasında yanaşmalı və qətiyyətli mövqe nümayiş etdirməlidirlər.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 15 aprel.- S.1-2.