Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlər Şuşa şəhəri ilə tanış olublar

 

Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Cəbrayıl və Füzuli rayonlarından sonra aprelin 16-da Şuşa şəhərinə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları qarşılayaraq onlara Şuşa şəhəri, burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Şuşa şəhər qala divarları ilə tanış olan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb. Gürcüstanlı opera müğənnisi İamze Jakeli qala divarları qarşısında “Ey Vətən” mahnısını ifa edib.

Gürcüstanlı qonaqlar sonra Xurşidbanu Natəvanın evi Xan qızı bulağı olan ərazi ilə tanış olub, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri olan Şuşa şəhər mərkəzi meydanına gəliblər. Onlara şəhər və güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, işğal zamanı ermənilər heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.

Qonaqlar daha sonra Bülbülün ev-muzeyinə gəliblər. Onlara məlumat verilib ki, görkəmli musiqiçi 1982-ci ildən ev-muzeyi kimi fəaliyyət göstərən bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilir. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa şəhəri işğaldan azad edildikdən sonra burada təmir-bərpa və yenidənqurma işləri aparılıb.

Gürcüstanlı opera müğənnisi İamze Jakeli Bülbülün ev muzeyində “Gəl, ey səhər” mahnısını ifa edib.

Gürcüstanlı nümayəndə heyəti Molla Pənah Vaqifin muzey-məqbərəsi ilə də tanış olub, Cıdır düzündən açılan əsrarəngiz mənzərəni seyr ediblər.

 

Azərbaycan.- 2022.- 17 aprel.- S.3.