Musiqidə yaşayan əbədiyyət

 

Fikrət Əmirov – 100

 

XX əsrin Azərbaycan mədəniyyəti tarixinə qazandırdığı ən böyük nailiyyətlərdən biri bəlkə elə birincisi bu dövrdə yetişmiş görkəmli bəstəkarlarımız, musiqi xadimlərimizdir.  Birincisi ona görə yazırıq ki, milli qürur yerimizə çevrilmiş tarixi faktları, üzərində Azərbaycanın imzası olan ilkləri sadalamağa başlayanda mütləq Şərqin ilk operasını yaratmış xalq olduğumuzu xüsusi vurğulayırıq. Bu qüruru, fəxarəti isə bizim üçün məhz Azərbaycan bəstəkarı ərsəyə gətirib.

Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasından qaynaqlanan mədəni sərvətimiz ondan sonra neçə-neçə parlaq sənət nailiyyətlərinə yol açıb,

XX əsrdə yetişmiş böyük sənətkarlarımızın uğur hekayəsinə çevrilib. Onlardan biri də Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi xidmətləri olan görkəmli bəstəkar Fikrət Əmirovdur.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Gücünü doğma torpaqdan alan, milli zəminə bağlı bəstəkar ecazkar xalq musiqisimuğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romanskamera-instrumental əsər meydana gətirmişdir. Fikrət Əmirovun sənət nümunələrində milli ruh, fəlsəfi-psixoloji dərinlik və melodik gözəllik geniş şəkildə öz əksini tapmışdır. Həmin əsərlər dünyanın bir sıra ölkələrindəki mötəbər konsert salonlarında məşhur orkestrlərin ifasında müvəffəqiyyətlə səslənmiş və müəllifinə geniş şöhrət qazandırmışdır. Yüz illiyinin UNESCO-nun 2022-2023-cü illər üzrə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri proqramına daxil edilməsi Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda yüksək qiymət verilməsinin təzahürüdür.

 

Azərbaycan mədəniyyətinin qazandığı dəyər

 

Fikrət Əmirov sənət yollarındakı ilk addımlarından öz mühitini tapa bilmiş görkəmli şəxsiyyətlərimizdən idi. Onun layiq görüldüyü adlar, titullar, müxtəlif illərdə daşıdığı vəzifələr bu insanın Azərbaycan mədəniyyəti tarixi üçün kim olması barədə müəyyən qənaətlər yaradır.

Görkəmli bəstəkar 1947-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət OperaBalet Teatrının direktoru, 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının katibi, 1980-ci ildən Azərbaycan Ali Sovetinin IV-IX çağırış deputatı və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olub. Fəaliyyətindəki uğurlara görə 1949-cu ildə dövrün ən yüksək dövlət təltiflərindən olan II dərəcəli "Stalin" mükafatına, 1955-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, iki dəfə "Lenin" ordeninə (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeninə (1967, 1971), 1958-ci ildə Azərbaycanın Xalq artisti, 1965-ci ildə SSRİ-nin Xalq artisti titullarına, 1967-ci ildə Lenin komsomolu, 1974-cü ildə Azərbaycanın Dövlət mükafatına, 1980-ci ildə SSRİ Dövlət mükafatına, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

Bütün bunlar əslində təkcə Fikrət Əmirova verilmiş mükafatlar deyil, ümumən Azərbaycan mədəniyyətinin qazandığı dəyərdir. Bu insanların yaradıcı irsi artıq mədəniyyət tariximiz üçün böyük bir dəyərə çevrilib.

 

Musiqi taleyi

 

Onlar əslən Qafqazın musiqi beşiyi olan Şuşadan idilər. Amma ailə Gəncədə yaşayırdı. Atası Məşədi Cəmil Əmirov dövrünün görkəmli tarzəni, mahir xanəndəsi,  bəstəkarı sayılırdı. Bu evdən musiqi səsi, tar avazı əskik olmazdı. Görkəmli musiqiçilər tez-tez bir yerə yığışar, ifalar edər, musiqi ilə bağlı müzakirələr aparardılar. Ailənin ikinci övladı olan Fikrət Əmirov 1922-ci ilin 22 noyabrında belə bir mühitdə dünyaya göz açmışdı. O, körpəlikdən tarın simlərindən qopan ecazkar səsin sehrinə düşmüşdü. Fikrət Əmirov öz xatirələrində tarı Azərbaycan musiqi alətlərinin gözü adlandırırdı. Bu alətin öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə sanki bir orkestri əvəz etdiyini bildirirxüsusi vurğulayırdı ki, onu da bəstəkar edən məhz Azərbaycan tarı olub.

Fikrət Əmirovun 6 yaşı olanda o, atasını itirir. Onda ailədə 6 uşaq böyüyürdü. Anası Dürdanə xanımın üzərinə bir çətən külfətin qayğıları düşür. Həyat bu ailə ilə çox amansız davranır.

 

Üzeyir bəyin tələbəsi

 

Bütün çətinliklərə baxmayaraq, uşaqlar təhsildən uzaq qalmırlar. Fikrət paralel olaraq musiqi məktəbində də təhsil alırdı. Artıq tarda ifanı öyrənmişdi. Məktəbdə orkestr yaratmışdı. Bir çox dram dərnəklərində iştirak edir, tədbirlərdə, daha sonra isə uşaq yaradıcılığı olimpiadalarında çıxışları olurdu.

Dürdanə xanım Bakıda olanda mərhum həyat yoldaşının yaxın dostu, məşhur müğənni Bülbülün yanına gedir. Fikrətin təhsili ilə bağlı ondan məsləhət istəyir. Bülbül ona Fikrəti konservatoriyaya göndərməsini tövsiyə edir. Sonralar bəstəkar öz xatirələrində yaradıcı həyatının daha çox Bülbüllə bağlı olduğunu yazırdı: "İndiki kimi yadımdadır - 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə düzəldim". Fikrət Bakıya gələndə Bülbül onu Üzeyir bəyin yanına aparır. İmtahandan uğurla keçən gənc konservatoriyanın tələbəsi olur. Burada Boris Zeydmanın sinfində bəstəkarlıq sənətinin sirlərinə yiyələnməyə başlayır.

Konservatoriyada təhsil aldığı illərdə Fikrət Əmirov ilk bəstələrini yazmağa başlayır. Bunlar əsasən mahnı və romanslar idi. Onun ilk yaradıcılıq nümunələri sırasında S.Rüstəmin sözlərinə yazılmış "Koreyalının andı", Lermontovun sözlərinə yazılmış "Ulduz" əsərləri olur.

Fikrət Əmirov tez-tez Üzeyir bəyin də sinfində olur, ondan ustad dərsləri alırdı. Təsadüfi deyil ki, sonralar özünü Üzeyir bəyin yetirməsi adlandırmaqdan qürur duyardı. Müəlliminin sənət irsini yüksək dəyərləndirən bəstəkar onun vəfatından təsirlənərək  "Üzeyir Hacıbəyova ithaf poema" əsərini bəstələyir.

Gələcəyin böyük bəstəkarı Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəydən öyrənmiş, ilk əsərlərini də bu üslubda yazmağa başlamışdı. Xalq musiqisinin toplanması və nota alınmasına marağı isə onun yaradıcılıq üslubuna ciddi təsir göstərmişdi. Əsərlərində bu ruh xüsusilə duyulurdu.

Əslində sənət taleyi onun üzünə həmişə gülmüşdü. Ötən əsrin 30-cu illərinin sonu, 40-cı illərin əvvəllərində Bakıda musiqiyə, o cümlədən akademik musiqiyə böyük maraq vardı. Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr, konsertlər təşkil olunardı. Bu konsertlərdə iştirak etmək Fikrət Əmirov üçün Qərb və rus bəstəkarlarının əsərləri ilə əyani tanışlıq, onların musiqi dilinə mükəmməl şəkildə yiyələnmək fürsəti demək idi. O, öyrənmək, sənətin sirlərini mənimsəmək üçün heç bir fürsəti əldən qaçırmırdı. Vaxtı olduqca simfonik orkestrin məşqlərində də iştirak edirdi.

Belə məşqlər ona dövrünün adlı-sanlı dirijoru Nikolay Pavloviç Anasov ilə tanışlıq imkanı yaratmışdı. Gənc bəstəkarın N.P.Anasovla dostluq və yaradıcılıq əlaqələri gəncin sənət fəaliyyətində mühüm rol oynayır. Sonralar bu əlaqələr görkəmli dirijorun oğlu Gennadi Rojdestvenski ilə də davam edir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur.

 

Musiqi tariximizdəki ilklər

 

1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması gənc bəstəkarın da həyatını dəyişir. Həmin ilin noyabrında 19 yaşlı Fikrət Əmirovu orduya çağırırlar. Hərbi əməliyyatların birində şaxtalı havadan ayaqları donur. Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərilir. Ağır mədə yarasından da əziyyət çəkdiyindən burada onu əməliyyat edirlər. Xəstəliyi səbəbindən 1942-ci ildə ordudan tərxis olunur. Əvvəlcə Gəncəyə gəlib bir müddət burada musiqi yaradıcılığı ilə məşğul olur. Gəncə Dövlət Filarmoniyasında çalışır. Musiqi məktəbinə də rəhbərlik edirdram teatrında baş rejissor olan Mehdi Məmmədovun bir neçə tamaşasına musiqi bəstələyir. 1943-cü ildə  yenidən Bakıya qayıdır. Konservatoriyada təhsilini davam etdirməyə başlayır. Eyni zamanda yeni əsərlər bəstələyir. 1943-cü ildə yaratdığı, müharibədə həlak olmuş döyüş dostu Məmməd İsrafilzadəyə həsr olunmuş "Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poemasında cəbhə təəssüratlarını musiqinin dili ilə təqdim edir.

1944-cü ildə Bakıda Musiqili Komediya Teatrının yaradılması gənc bəstəkarın yaradıcılığında yeni üfüqlər açır. Fikrət Əmirov sənət müəllimi Üzeyir bəyin ənənələrini davam etdirərək bu teatr üçün iki əsər yazır. Bunlardan birincisi 1944-cü ildə bəstələdiyi "Ürəkçalanlar", digəri isə 1946-cı ildə yazılmış "Gözün aydın" musiqili komediyalarıdır.

Bəstəkar 1945-1946-cı illərdə musiqi tariximizdəki bir sıra ilklərə imza atır. Belə ki, onun həmin illərdə skripkafortepiano üçün bəstələdiyi "İkili konsert", fortepianoxalq çalğı alətləri orkestri üçün konsert, eləcə də fortepiano üçün yazdığı "Romantik sonata" Azərbaycanda bu janrların ilk nümunələri idi. Beləliklə, respublikada konsert janrının ilk nümunələrini də məhz Fikrət Əmirov yaradır. Onun bir neçə konserti, xüsusən də fortepianoorkestr üçün E.Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının indiyə qədər ən çox ifa etdikləri məşhur əsərlər sırasındadır.

Ötən əsrin 50-ci illərində bəstəkar fortepiano musiqisinə daha çox diqqət yetirirdi. Bu, həmin illərdə yazılmış "12 miniuatür"dən və həmçinin "Ərəb mövzularına konsert"dən də duyulur.

C.Cabbarlının məşhur dram əsəri əsasında yazdığı "Sevil" operası ilə bəstəkar Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyur. "Mən "Sevil"i əzbərləyə-əzbərləyə ona musiqi yazmışam. "Sevil"ə musiqi donu geyindirərkən öz-özümə hesabat vermişəm: görəsən, Cəfərin xoşuna gələrmi..."  - deyirdi Fikrət Əmirov.

Məhz elə bu cür məsuliyyət duyğusundan yaranmasına görədir ki, Fikrət Əmirovun "Sevil"i Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasından sonra yaranmış ən uğurlu əsərlərdən biri kimi bu günədək öz bədii dəyərini qoruyur.

 

"Şərq simfonizmi"nin banisi

 

Fikrət Əmirov musiqi tariximizdə simfonik muğam janrının da yaradıcısı sayılır. Onun 1948-ci ildə "Şur" və "Kürd Ovşarı" simfonik muğamlarını bəstələməsi böyük bir yenilik idi. Müasirləri haqlı olaraq bəstəkarın bu əsərlərlə "Şərq simfonizmi"nin əsasını qoyduğunu bildirirlər. Daha sonra isə o, eyni xəttin davamı kimi "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını yaratmışdır. Bu sonuncu simfonik muğamını Şərqin müdrik klassikləri Sədi və Hafizin şeirlərindən ilhamlanaraq yazmışdır. "Şur" və "Kürd Ovşarı" simfonik muğamlarını dinlədikcə bu əsərlərdə xalqımızın mədəni incisi olan muğamlarımızın dramaturji inkişaf prinsipini görürsən. "Gülüstan-Bayatı-Şiraz" isə muğamın emosional bədii təsiri, fəlsəfi tutumunu əks etdirməsi ilə xarakterikdir. Fikrət Əmirov bu əsərində muğama vokal ifa - messo soprano da daxil etmişdir.

Görkəmli bəstəkarın simfonik muğamlarının yüksək bədii keyfiyyətləri əksər musiqi nəzəriyyəçiləri tərəfindən təhlil edilir və müsbət dəyərləndirilir.

 

Nizami irsinə sevgi

 

Fikrət Əmirovun şedevrlərindən biridahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi "Nizami" simfoniyasıdır. 1947-ci ildə ərsəyə gətirdiyi bu əsər müxtəlif vaxtlarda dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. Bu, bəstəkarın Nizami mövzusunda yazdığı ilk əsər deyildi. O, tələbəlik illərində "Nizaminin xatirəsinə simfonik poema"nı, 1947-ci ildə Nizami ilə bağlı kamera simfoniyasını yazmışdı. Həmçinin Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına böyük töhfə verərək "Gülüm" romans-qəzəlini yaratmışdır.

Görkəmli bəstəkarın Nizami irsinə müraciət etməsi təsadüfi deyildi. Hər bir azərbaycanlı kimi o da dahi şairlə qürur duyurdu. Onun əsərlərindən ilham alırdı. "Nizami poeziyası məni gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətlərinin əyaniliyi, yüksək mənəvi-etik ideyaları, ehtirasların çarpışması, ən başlıcası isə, dramatikliyi ilə, bəzən faciəvi gərginliyi ilə cəlb edir" - deyirdi Fikrət Əmirov.

O, Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Elə bəstəkarın sonuncu əsəri də 1982-ci ildə təqdim olunanböyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən "Nizami" baletidir.

Fikrət Əmirovun "Nizami" baletindən əvvəl ərsəyə gətirdiyi "Min bir gecə" və "Nəsimi" baletləri də musiqisevərlər tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Azərbaycan musiqisində ilk nağıl baleti olan "Min bir gecə"ni bəstəkar həyat yoldaşı Aida xanıma həsr etmişdi. Balet o qədər uğurlu alınmışdı ki, yaradıcı heyət - bəstəkar özü, baletmeyster N.Nəzirova, rəssam T.Nərimanbəyov, dirijor N.Rzayev və əsas partiyaların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülmüşdülər.

Vətənə sevgi, Azərbaycanın tarixi dəyərlərinə böyük ehtiram onun yaradıcılığından aparıcı xətt kimi keçir. Fikrət Əmirovun digər əsərləri kimi, sırf doğma vətənimizin tərənnümü ruhu ilə yazılmış "Azərbaycan süitası", "Azərbaycan kapriççiosu", "Azərbaycan qravürləri" və başqa əsərləri də bunun parlaq örnəkləridir. O, Səməd Vurğunun sözlərinə yazdığı "Azərbaycan" simfonik süitasını 1950-ci ildə, "Azərbaycan kapriççiosu"nu 1961-ci ildə, "Azərbaycan qravürləri"ni isə 1979-cu ildə musiqi ictimaiyyətinə təqdim etmişdir.

 

Xalq ruhundan yoğrulmuş nəğmələr

 

Vokal-instrumental əsərlər də bəstəkarın yaradıcılığında mühüm yer tutur. "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən", "Mən səni araram" və digər romans və mahnıları bu gün də dinləyiciləri valeh edir. O, həmçinin dram tamaşalarına, "Səhər", "Böyük dayaq", "Mən ki, gözəl deyildim", "Nəğmə dərsi" filmlərinə maraqlı musiqilər bəstələmişdir. Onun dram əsərlərinə bəstələdiyi musiqilər sırasında Hüseyn Cavidin "Şeyx Sənan" dramına yazılmış "Kor ərəbin mahnısı"nın xüsusi yeri var. Musiqi nəzəriyyəçiləri yazırlar ki, bəstəkarın özününbu dram əsəri əsasında opera yazmaq niyyəti vardı. Amma sonradan nədənsə bu niyyəti alınmamış, əvəzində "Kor ərəbin mahnısı" ilə Fikrət Əmirov Cavid irsinə sevginin mükəmməl örnəyini yaratmışdır.

Fikrət Əmirovun vokal-instrumental janrda mahnıları dövrlərdən asılı olmayaraq hər zaman sənət adamlarının repertuarındadır. Daim sevə-sevə ifa edilireyni sevgi ilə də dinlənilir. Çünki bu mahnılar xalq ruhunu əks etdirir. Fikrət Əmirov bəstələdiyi mahnıların sözlərini də böyük diqqətlə seçirdi. O, Nizami, S.Vurgun, H.Cavid, M.S.Ordubadi, N.Xəzri, T.Elçin, T.Əyyubov, M.Dilbazi kimi söz ustalarının şeirlərinə müraciət edirdi.

Bütün bu qeydlər Fikrət Əmirovun yaradıcılıq aləminin nə qədər zəngin, rəngarəng və çoxşaxəli olduğunu göstərir. Janrından, formasından, məzmunundan asılı olmayaraq bu aləmə aid nələr varsa, görkəmli bəstəkar tərəfindən ürəklə yaradılırdı.

Fikrət Əmirov 1984-cü il fevralın 20-də dünyamızı tərk etsə də, onun musiqili qəlbi yenə də bizə əbədiyyət haqqında heç zaman bitməyəcək gözəl bir nəğmə oxuyur.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2022.-17 aprel.- S.6.