Tarixi abidələrimiz - qorunanı da var, baxımsız qalanı da...

 

Jurnalist araşdırması

 

İnsanı dünəni ilə birləşdirən, əcdadlarının yaşadığı dövrün ab-havası ilə qovuşduran tarixi abidələr həm də ölkələrin xarakterini formalaşdırır.

Bir ölkənin tarixini öyrənmək, mədəni irsini müəyyənləşdirmək və dünyada təbliğ etmək üçün məhz qədim abidələrə üz tutulur. Bu səbəbdəndir ki, hər bir xalq mədəni irsinin qorunmasına, tarixi abidələrinə xüsusi həssaslıqla yanaşır.

Hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd edilir. Azərbaycan da tarixi abidələrlə zəngin ölkələrdən biridir və onların qorunması qanunla tənzimlənir. Bəs görəsən, bu gün onların qorunması, mühafizəsi necə təşkil edilir? Bunu öyrənmək üçün apardığımız jurnalist araşdırması nəticəsində maraqlı faktlarla rastlaşdıq. 

 

6000-dən çox tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir

 

Vətənimizin hər bir bölgəsi qədim mədəniyyət abidələri ilə zəngindir. Elə bir rayonumuzya şəhərimiz yoxdur ki, orada tarixi-memarlıq abidələri olmasın. Onların hər biri özündə bir tarix yaşadır.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli qəzetimizə açıqlamasında bildirdi ki, ötən il ərzində tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, təbliği, onların istifadəsinə nəzarət baxımından bir sıra işlər həyata keçirilib. Bu sahədə həm beynəlxalq platformalarda, həm də ölkə səviyyəsində görülən işlər davam etdirilib. Hazırda ölkəmizdə 82-si dünya, 2059-u ölkə və 4167-si yerli əhəmiyyətli olmaqla, ümumilikdə 6000-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi dövlət mühafizəsindədir. Azad Cəfərlinin sözlərinə görə, tarix və mədəniyyət abidələrinin dövlət qeydiyyatına alınması davamlı prosesdir. Tarix, memarlıq və arxeoloji abidələr müvafiq prosedurlar həyata keçirildikdən sonra dövlət qeydiyyatına alınır. Son illər ölkə ərazisində aparılmış monitorinqlər nəticəsində 1400-dən çox tarixi, memarlıq və arxeoloji abidələr müəyyən edilərək qeydə alınıb.

 

Bərpaya ehtiyacı olan abidələr mərhələli şəkildə təmir edilir

 

İşğaldan azad olunmuş ərazilərdə isə 706 tarix-mədəniyyət abidəsindən 6-sı memarlıq, 5-i arxeoloji olmaqla ümumilikdə 11 abidə dünya əhəmiyyətli mədəni irs nümunəsidir. Bunlar Ağdam rayonundakı Qutlu Musa türbəsi, Üzərliktəpə yaşayış yeri, Cəbrayıl rayonundakı "Xudafərin" körpüləri, Niftalı kurqanları, Xocavənd rayonundakı Azıx və Tağlar mağara düşərgələri, Kəlbəcər rayonundakı Gəncəsər və Xudavəng monastırları, Şuşa şəhərindəki Şuşa Tarix-Memarlıq Qoruğu, Xocalı rayonundakı Xocalı kurqanlarıdır.

İşğaldan azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində 2645 tarix və mədəniyyət abidəsi mövcuddur. Bunlardan 1884-ü memarlıq abidəsi, 749-u arxeoloji abidə, 67-si isə monumental park və heykəltəraşlıq nümunələridir.

Diqqətdən kənar qalan abidələrlə bağlı sualımızı isə Azad Cəfərli belə cavablandırdı: "Bərpaya ehtiyacı olan abidələr əvvəlcə Dövlət Xidməti tərəfindən dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına bərpası nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilməsi üçün təqdim edilir. Bundan sonra bərpası nəzərdə tutulan abidələrlə bağlı müvafiq işlərin icrası mərhələli şəkildə təmin edilir". Onun fikrincə, belə tarixi-mədəniyyət abidələrinin qanunvericilik çərçivəsində hüquqiya fiziki şəxslərin maliyyə yardımları və ianələri hesabına həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirmədən bərpa olunub istifadə edilməsi üçün Dövlət Xidmətinə müraciətlərlə bağlı təcrübə də mövcuddur.

 

Abidələrin qorunması işində müəyyən sahələrdəki boşluqlar aradan qaldırılmalıdır

 

Lakin aparılan apaşdırmalara görə son illərdə bəzi tarixiarxeoloji abidələrimiz diqqətdən kənarda qalaraq baxımsız vəziyyətə düşür və nəticədə müəyyən vaxtdan sonra bəzilərinin itirilməsi təhlükəsi yaranır.

Məsələ ilə bağlı müraciət etdiyimiz AMEA ArxeologiyaEtnoqrafiya İnstitutunun Elmi fondekspozisiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev bizimlə söhbətində bildirdi ki, Azərbaycanda tarixi abidələrin qorunması məsələsi müəyyən proseslərlə bağlıdır. Belə ki, bir ölkənin iqtisadiyyatı inkişaf mərhələsində olduqda, transmilli layihələr həyata keçirildikdə tarixi abidələrin mühafizəsi çətinləşir. Buna görə mədəni irslə məşğul olan, bu sahədə çalışan qurumlar, ictimai təşkilatlar fəal olmalıdırlar. Azərbaycan qanunvericiliyində də bu sahəyə aid müddəaları düzgün yerinə yetirməli və həmin abidələrin qorunması və tədqiqi məsələləri daim gündəmdə olmalıdır.

Arxeoloq bildirir ki, mədəni abidələrdən əlavə, arxeoloji abidələrin qorunması prosesidünyada olduğu kimi, Azərbaycanda da çətin sahə sayılır. "Belə abidələr əsasən çöllük ərazilərdə yerləşdiyindən bu istiqamətdə aparılacaq işləri mürəkkəbləşdirir. Ümumilikdə bu sahədə son illər müəyyən yeniliklər, irəliləyişlər hiss olunur. İndi həm dünya təcrübəsindən istifadə olunur, həm də mədəni irs sahəsində çalışan şəxslər fəallıq göstərirlər. Amma yenə də hesab edirəm ki, abidələrin qorunması ilə bağlı məsələlərin tam həllinin tapılması üçün müəyyən sahələrdəki boşluqlar aradan qaldırılmalıdır. Bundan sonra uğurlu nəticələr əldə edilə bilər".

 

Bəzi abidələr baxımsızlıq ucbatından tarix səhnəsindən silinir

 

AMEA Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qəzetimizə açıqlamasında bildirir ki, abidələr baxımsızlıq ucbatından zaman-zaman ortadan çıxır.

İndiki vəziyyətə nəzər salsaq, dağılmış abidələrimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görərik. Mütəxəssis bu yöndə bir neçə abidəni diqqətə çatdırır: "Qazax rayonunun mərkəzində yerləşən, Gəncədən Tbilisiyə qədər repressiya tariximizlə bağlı olan Şəkərin qalası diqqətdən kənar qalaraq uçulmaq təhlükəsi ilə üz-üzədir. Həmçinin Qız qalasının yaxınlığında Mədrəsə-məscid deyilən bir tikili var. Bu tikilinin yaşının XIV-XVI əsrlərə aid olduğu yazılır. Bu abidə İçərişəhərdə mövcud olmuş Came məscidinin bu günə qədər qalmış hücrələrindən biridir. XIX əsrin ortalarında Came məscidinin hücrələri dağıdılmış, salamat qalmış hücrələrdən biri məscid-mədrəsə kimi istifadə edilmişdir. Abidənin üstündə "Məktəb məscidi" olduğu və dövlət tərəfindən qorunduğu yazılıb. Hazırda bu tarixi abidə "Carpet Shop" olaraq fəaliyyətdədir və orada xalça və digər əşyalar satılır".

Zaur Əliyev dağılmış, acınacaqlı vəziyyətdə qalan Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən IV-V əsrlərə aid olan qədim alban kilsəsinə də diqqəti çəkir. Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Qazıntı zamanı binadan üzərində xaç təsviri həkk olunmuş daş lövhənin tapılması, eləcə də məbədin altında və ətrafında xristian qəbirlərinin aşkar edilməsi abidənin çox qədimlərə aid olduğunu sübut edir. Lakin diqqətsizlikdən onun ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə qəzalı vəziyyətə düşüb. Bir hissəsi isə uçub.

Zaur Əliyev Göygöl rayonunun Yeni Zod kəndində, Cavadxan yüksəkliyində yerləşən alban kilsəsinin də məhv olduğunu bildirir. Deyir ki, ciddi tədbirlər görülməsə, abidə həqiqətən də tarixə qovuşacaqdaha bir tariximiz əldən gedəcək. Bunların sırasında İlisu dağlarının üstündə yerləşən "Şeyx Şamil" qalası, "Qala kompleksi" və "Ulu Məscid" də var, onlar tam dağılmaq üzrədir.

Z.Əliyev "Minəcik" karvansaranın vəziyyətinin də acınacaqlı olduğunu dedi. "Karvansara qədim Şamaxı-Cəngi yolunun üstündə, Qızıldaş qəsəbəsindən 30 kilometr aralıda yerləşir. XV əsrdə inşa olunub. Binanın tikilmə tarixini girişin üstündə olan daş kitabədən təxmin etmək olar. Bir neçə il əvvələ qədər onun qırılmış hissəsində Şirvanşah Xəlilullah adını oxumaq mümkün olub. Amma təəssüf ki, bu gün həmin kitabə dağılaraq məhv olub".

Zaur Əliyev son olaraq bildirdi ki, dövlət bu sahəyə hər il müəyyən miqdarda vəsait ayırır, ancaq təəssüf ki, bu vəsait bəzən abidələrə çatmamış "xərclənir". Digər bir məsələ də var. Bəzi hallarda abidələrin bərpa işləri qeyri-peşəkarlara tapşırılır. Onlar tarixi abidələrin tikilməsi istiqamətində arxivlərdə çalışmırlar, rayonlarda və şəhərlərdə abidələri bilən yaşlı insanları dinləyib, onların fikirlərini dəyərləndirmirlər. Bu sahənin həqiqi mütəxəssisləri də azdır.

Onlarca belə faktı qeyd etmək olar. Azərbaycan tarixinin yaddaşı olan abidələr, kilsələr, məscidlərlə əhatələnib. Amma ürək dağlayan vəziyyətdə olan nümunələr bu harmoniyanı pozur. Bunlar restavrasiya olunarsa, təmir edilərsə, əcnəbi turistlərdə də böyük maraq oyadar. Xalqımızın mədəniyyəti, tarixi irsimizlə hər kəsi təəccübləndirmək mümkündür və nəzərə almaq lazımdır ki, ölkəmiz yalnız şəhər mərkəzindən ibarət deyil. Təəssüf ki, şəhərimizdə də bəzi tarixi abidələrimiz baxımsızlıq üzündən dağılıb tarixdən silinir.

Azərbaycan Konstitusiyasında yazılır ki, tarix və mədəniyyət abidələrini qorumaq müvafiq qurumların və hər bir şəxsin borcudur. Gəlin abidələrimizi, tarixi irsimizi, keçmişimizi qoruyaq, gələcək nəsillərə qədimiliyimizi sübut edəcək layiqli miras qoyaq.  

 

Aydan XƏLİLOVA

 

Azərbaycan.- 2022.- 17 aprel.- S.6.