Böyük Zəfərin təməli

 

 

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan, Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 4 günə qədər davam edən döyüşlər tariximizə Aprel zəfəri kimi yazılıb.

Bu döyüşlərdən 4 il sonra Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarını azad etdi. Aprel zəfəri Azərbaycanın uzun illər ərzində işğalçılar tərəfindən zəbt olunmuş torpaqlarını azad etmək üçün hər an hazır olduğunu düşmənə göstərdi. Dördgünlük döyüşlər Azərbaycan Ordusunun gücünü və qüdrətini düşmənə bəyan etdi.

 

 

 

Bu döyüşlər düşmənə xəbərdarlıq idi

 

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev qəzetimizə açıqlamasında bildirib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusu və dövləti  üçün kəşfiyyat və sınaq, düşmən və havadarları üçün  isə xəbərdarlıq xarakterli idi. Ona görə xəbərdarlıq idi ki, Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə barışmayacağını hər dəfə bəyan edirdi. Ordu üçün bu döyüşlər kəşfiyyat xarakterli sayıla bilərdi, çünki o günlərdə düşmənin tərifi göyə qaldırılan istehkamlarının nə dərəcə möhkəm olub, olmadığı, eyni zamanda Azərbaycan Ordusunun nəyi edib, edə bilməyəcəyi ortaya çıxdı. Həmin döyüşlər Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyəcəyini göstərdi.

Deputat Sahib Alıyev qeyd edir ki, Aprel döyüşləri Azərbaycan Ordusunda da bəzi çatışmazlıqların olduğunu üzə çıxarıb: “Çatışmazlıqların üzə çıxması 44 günlük savaş zamanı olduqca işə yaradı. Çatışmazlıqlar artıq aradan qaldırılmışdı. Bu döyüşlər sadəcə cəbhədə deyil, eyni zamanda diplomatik, informasiya müstəvisində də Azərbaycan üçün kəşfiyyat xarakterli idi. Ermənistanın havadarlarının nə edə biləcəklərini, hansı addımlar atacaqlarını o zaman gördük, güclü və zəif tərəfləri müəyyənləşdirə bildik”.

Həmin döyüşlərdən dərhal sonra işğalçı Ermənistana havadarlıq edənlər, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri tərəfləri əvvəlki mövqelərə  çəkilməyə çağırdı, amma Azərbaycan bütün çağırışları rədd etdi.

Əksinə, məhz diplomatik müstəvidə, Rusiya Prezidenti Vladimir Putinin yanında Azərbaycan Ermənistanın ozamankı rəhbəri Serjik Sarkisyana işğal altındakı torpaqlarımızı qaytaracağını diktə etdirdi. Serjik Sarkisyan isə yenə öz xislətinə uyğun davranaraq, Rusiya kimi böyük bir dövlətin başçısının yanında verdiyi vəddən boyun qaçırdı.

Aprel döyüşlərindən danışarkən həmin döyüşlər nəticəsində azad edilmiş Cocuq Mərcanlıda və Tərtərin Şıxax qəsəbəsində müasir standartlara cavab verən yeni qəsəbənin tikilməsini xatırlamamaq mümkün deyil.

Sahib Alıyev deyib ki, bu gün işğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq prosesinin ilk addımları Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıda və Tərtərin Şıxarx qəsəbəsində atılmışdı. O zaman da Azərbaycan qurucu dövlət olduğunu  göstərdi: “Azərbaycan heç nəyə baxmadan azad edilmiş torpaqlarından didərgin düşənləri geri qaytarmaq əzmini ortaya qoydu. Cənab Prezident Cocuq Mərcanlıda Şuşadakına bənzər məscidin açılışında bildirdi ki, Şuşaya da qayıdacağıq və oradakı məscidlərimizdə də bərpa-quruculuq işləri həyata keçirəcəyik. Dedidediyinietdi. İndi Heydər Əliyev Fondunun  xətti ilə Şuşadakı məscidlərdə bərpa-quruculuq işləri aparılır. Bir məsciddə işlər başa çatıb, digərlərində isə davam etdirilir”.

Beləliklə, 2016-cı ilin Aprel döyüşlərində qazanılmış qələbə İkinci Qarabağ müharibəsində düşmənin Azərbaycan qarşısında tamamilə iflasına gətirib çıxartdı.

 

 

 

Dörd günə dağıdılan mif

 

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qəzetimizə bildirib ki, 2016-cı ilin aprel hadisələrinə qədər Azərbaycan və Ermənistan cəbhə xəttində hərbi qarşıdurma olsa da, Aprel zəfəri Azərbaycanın gücünü, siyasi qətiyyətini nümayiş etdirdi. Onun sözlərinə görə, 4 gündə Ermənistan ordusunun məğlubedilməzlik mifi dağıdıldı. Ermənistan Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsindən sonra çox gücləndiyini və qarşıya qoyulan vəzifələri yerinə yetirmək gücündə olduğunu gördü. Eyni zamanda Azərbaycan cəmiyyətində Aprel döyüşlərinə hazırlıqla bağlı çox güclü ruh yüksəkliyi var idi. Vətəndaşlar vaxtaşırı hakimiyyətdən məsələnin diplomatik yolla olmazsa, hərbi yolla həll edilməsini tələb edirdilər. Həmin günlərdə minlərlə azərbaycanlı gənci cəbhəyə göndərilməsini və hərbi əməliyyatların davam etdirilməsini istəyirdi.

Deputat qeyd edib ki, Azərbaycan 4 günlük hərbi əməliyyatlarda torpağını işğaldan azad etmək əzmində olduğunu göstərdi və Ermənistanın işğalı uzun müddət saxlaya bilməyəcəyi mesajını verdi: “Həmin dövrdə Ermənistan rəhbəri Serj Sarkisyan dünya liderlərinə müraciət edərək Azərbaycanın torpaqlarını işğaldan azad etməyə hazır olduğunu və Azərbaycana təzyiq göstərilərək hərbi əməliyyatların dayandırılmasını xahiş edirdi”.

Aydın Mirzəzadə hesab edir ki, Azərbaycan Ermənistana növbəti şans verdi, ancaq Serj Sarkisyan hakimiyyəti növbəti dəfə öz sözündən qaçdı və danışıqları uzadaraq hər hansı konstruktiv nəticə əldə etməyin qeyri-mümkünlüyünü göstərdi. Azərbaycan isə ərazi bütövlüyünü bərpa etməyin onun üçün bir nömrəli vəzifə olduğunu dəfələrlə müxtəlif tribunalardan bəyan etmişdir. Aprel zəfəri, daha sonra  2020-ci ilin iyul ayındakı Tovuz hadisələri 44 günlük Vətən müharibəsinə ciddi hazırlıq dövrü oldu. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Silahlı Qüvvələri torpaqları işğaldan azad etməyə hazırdır. Azərbaycan xalqı öz prezidenti ətrafında sıx birləşərək problemi həll etmək əzmindədir və Ermənistana hər hansı güzəşt olmayacaq.

Aydın Mirzəzadə qeyd edib ki, 2020-ci il noyabrın 10-da Azərbaycan ərazi bütövlüyünü təmin edərək Ermənistanın “Dağlıq Qarabağ” iddiasına birdəfəlik son qoyub. Aprel hadisələri bundan sonra da tariximizin şərəfli səhifələrindən biri kimi qalacaq.

 

 

 

Aprel döyüşlərində ordumuz öz sözünü dedi

 

 

 

Hərbi ekspert, polkovnik Şair Ramaldanov qəzetimizə bildirib ki, Aprel döyüşləri Azərbaycan hərb tarixində özünəməxsus yer tutub.  İşğal dövründən sonra Azərbaycan ilk dəfə bu şəkildə düşmənin atəşkəsi pozmasına və təxribatına qarşı cavab verib.

Talış istiqamətində olan yüksəkliklərdən, Lələtəpədən Azərbaycanın yaşayış məntəqələri mütəmadi olaraq  iriçaplı silahlardanminaatanlardan atəşə tutulurdu. Mülki əhali üçün təhlükə yaranır, infrastruktura ziyan dəyirdi. Belə olduğu halda Azərbaycan Ordusu tapşırıq və əmr aldı ki, bu istiqamətlərdə yaşayış məntəqələrinin və dinc sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təhlükə yaradan mənbələri ələ keçirib düşməni oradan çıxartmaq lazımdır.

Polkovnik deyib ki, Azərbaycan Ordusu məhdud tapşırığı qısa zamanda yerinə yetirib, düşməni yüksəkliklərdən geri çəkib və yaşayış məskənlərinin təhlükəsizliyi təmin edilib: “Bu, ilk növbədə Azərbaycanın öz torpaqlarını azad edəcəyi ilə bağlı mesaj idi. Həmçinin beynəlxalq geosiyasi arena üçün bir mesaj idi ki, “Dağlıq Qarabağ  məsələsi hər an alovlana bilər. O hadisədən sonra ATƏT-in Minsk qrupu aktivləşdi, müəyyən protestlər yarandı”.

Şair Ramaldanova görə, Azərbaycan xalqı Aprel hadisələri ilə çox böyük sınaqdan keçib. Xalq qısa zamanda Azərbaycan dövlətinin və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında birləşib.  Müxalifət, iqtidar, fərq etmədən bütün xalq, cəmiyyət bir olaraq torpaqlarını işğalçılardan azad etmək üçün hazır olduğunu və dəstək verə biləcəyini göstərdi.

Şair Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusu Aprel döyüşlərində  ermənilərin 20 ildən yuxarı qurduğu müdafiə mövqeyini, hətta keçilməz “Ohanyan” xətti kimi qələmə verilən mifi qısa zamanda dağıtdı. Bu döyüşlərdə yüksək qiymət alan ordu öz sözünü Vətən müharibəsində dedi. Ordumuz 44 gün ərzində Ali Baş Komandanın qoyduğu tapşırığı yerinə yetirərək işğalçı qüvvələri darmadağın edib Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 2 aprel.- S.6.