Erməni faşizminin 104 illik dəhşəti

 

 

Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifikBöyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı məqsədyönlü şəkildə etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu siyasətin ən dəhşətli təzahürlərindən biri 1918-ci ilin mart-aprel aylarında Bakıda və Azərbaycanın digər bölgələrində daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi soyqırımı hadisələridir.

Erməni millətçi quldur dəstələri bolşevik bayrağı altında, əlverişli mövqelərdən istifadə edərək, əvvəldən hazırladıqları plana uyğun olaraq, Bakı şəhərində 1918-ci ilin martında on minlərlə insanın qətli ilə nəticələnən kütləvi qırğınlar törətdilər. Ən çox azğınlığı daşnaklar edirdilər. Çünki bunun üçün onlara hər cür fürsət verilmişdi. Daha konkret desək, onlara bu imkanı və güclü dəstəyi erməni bolşeviki Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti vermişdi.

1918-ci ildə Bakı sakinləri daşnak-bolşevik silahlı dəstələrinin  azğınlığının qarşısını almaq üçün, bacardıqları qədər özünümüdafiə tədbirləri həyata keçirməyə məcbur idilər. Amma onların hərbi təşkilatı və sursatı, demək olar ki, yox dərəcəsində idi. Bunu yaxşı bilən Şaumyan  və digər cəlladları Bakı şəhərində öncədən planlaşdırdıqları və xüsusi hazırlıq gördükləri dəhşətli əməllərə, qırğınlara, qarətlərə başladılar. Beləliklə, Erməni Milli Komitəsinin hərbi drujinası adlananYeqişa Paxluvinin başçılıq etdiyi dəstə 1918-ci il martın 19-da azərbaycanlıların yaşadığı ərazilərə atəş açdı. İlk hücum şəhərin “Kərpiçxana”, “Məmmədli” və “Zibilli dərə” adlandırılan ərazilərə istiqamətləndi. Şəhər dənizdən “Ərdəhan” və “Janr” paraxodlarının toplarından da atəşə tutulurdu. Bu total hücum nəticəsində “Təzə pir” məscidinin minarələri də daxil olmaqla, şəhərin bir çox tikilisi dağıdıldı. İsmailiyyə Xeyriyyə Cəmiyyətinin binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları, Şirvanşahlar Sarayı kompleksindəki XIV əsrə aid Keyqubad məscidi  də yanıb külə döndü.

Seyid Cəfər Pişəvəri “Bakıdakı ilk sovet hökumətinin müqəddəratı” adlı məqaləsində yazırdı: “Mən daşnakların vəhşiliklərini, saysız-hesabsız günahsız insanların öldürülüb karvansaralarda meyitlərinin yandırılmasını öz gözümlə görmüşdüm. Heç bir əsas və ünvan olmadan yalnız kin və ədavət üzündən daşnakların törətdikləri cinayət hər bir insanın ruhunu sıxıb kədərləndirirdi”.

Azərbaycanlıların soyqırımı Bakı ilə yanaşı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda xüsusi amansızlıqla həyata keçirilmişdir. Dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, şəhərlər, kəndlər yandırılmış, tarixi memarlıq abidələri dağıdılıb yerləyeksan edilmişdir. Martın 18-də bolşeviklər tərəfindən 2000 yaxşı silahlanmış əsgər dəstəsi Bakıdan Şamaxı qəzası istiqamətinə yola salınmışdı. Dəstə yolboyu bütün kəndləri darmadağın etmişdi. Minlərlə qadın və uşaq qılıncdan keçirilmişdi.

1919-cu il martın 30-da “Azərbaycan” qəzetində “Şamaxının son günləri” sərlövhəli yazı çap olunmuşdu. Həmin yazıda soyqırımının səbəbləri və faciəli nəticələri əks olunmuşdu. Qəzet bildirirdi ki, cəbhədən qayıdan erməni əsgərləri özləri ilə silahlar gətirir və bu silahları sonradan öz qohum-əqrəbalarına paylayırdılar. Qəzetin məlumatına görə, 1918-ci ilin yanvarından Şamaxıya Bakıdan emissarlar gələrək molokan və yəhudilər arasında da təbliğat aparmışdılar.

Hücumun başında Stepan Lalayan dururdu. Bu həmin Lalayandır ki, Bakıda 1918-ci il mart qırğınında minlərlə azərbaycanlının amansızca qətlə yetirilməsinə rəhbərlik etmişdi. Onun başçılığı ilə Şamaxıda on dörd məscid yandırılmışdı. Bütün qəzada böyük hörmət sahibi olan Axund Cəfərquluya amansız işgəncələr verilmiş, Cümə məscidinə pənah gətirmiş qadın uşaqlar qılıncdan keçirilmişdi. Beləliklə, bu hücum nəticəsində təkcə Şamaxı qəzasında 110 kənd yandırılmış, dinc əhaliyə divan tutulmuşdu. Onlardan 1653-ü qadın, 963-ü uşaq idi.

Bakı quberniyası bolşevik diktaturasının əlinə keçdikdən sonra Şaumyanın tapşırığı ilə Qubaya David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə göndərilmişdi. Lakin bir neçə gündən sonra əhali onu qovmuşdu. 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya cəllad Hamazasponun köməkçisi Nikolayın komandanlığı altında ermənilərdən ibarət iki min nəfərlik daha bir dəstə göndərmişdi. David Gelovaninin ifadəsinə görə, Hamazaspın quldur dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə, azərbaycanlılardan qisas almaq məqsədilə “Daşnaksütyun” partiyası tərəfindən göndərilmişdi. Soyqırımı cinayəti nəticəsində Quba qəzasında minlərlə insan qətlə yetirilmiş, evlər və mülklər qarət edilmiş, tikililər və abidələr xarabazara çevrilmişdi.

Ermənilərin 1918-ci ilin martında törətdikləri soyqırımın qurbanları arasında Lənkəran və ətraf bölgələrin sakinləri də var idi. “Daşnaksütyunun üzvləri burada 40-a yaxın kəndi yandırmış, yüzlərlə günahsız insanı qətlə yetirmişdilər. Bolşevik əsgərləri qarşılarına çıxan azərbaycanlıların yaşadığı kəndləri dağıdır, talayır, od vurub yandırırdılar. Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə və digər kəndlərin sakinləri canlarını götürüb meşələrə çəkilirdilər.  Həmin ərəfədə Astara şəhəri də  düşmən tərəfindən topa tutularaq dağıdılmışdı. Xəzər sahilindəki bütün kəndlər isə “Aleksandr Candar” gəmisi tərəfindən top atəşinə tutulmuşdu.

1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 azərbaycanlı kəndi dağıdılmışdı. “Yapon” ləqəbli quldurun başçılığı ilə Naxçıvan şəhərindən təxminən 40 kilometr şimalda yerləşən Almalının 300-ə yaxın əhalisini öldürülmüş, sağ qalanlar isə dağlardakı mağaralarda və meşələrdə gizlənmişdilər. Yalnız Osmanlı ordu hissələrinin Kazım Qarabəkir paşanın komandanlığı ilə Naxçıvan bölgəsinə gəlişi əhalini daha irimiqyaslı qırğınlardan xilas etmişdi.

Ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində Naxçıvan mahalı 1918-1920-ci illərdə böyük qaçqınlar ordusu problemi ilə də üzləşmişdi. İrəvan və Zəngəzurdan qovulan azərbaycanlılar bura pənah gətirmişdi. Erməni hərbi hissələrinin Ordubad mahalına 1920-ci ilin martındakı hücumları da çoxsaylı dinc əhalinin qırılması ilə nəticələnmişdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.

Xalqımız və dövlətimiz bu soyqırımı aktının səbəbini də yaxşı bilir, onun məqsədlərini də. Zaman-zaman bu vəhşiliyin, bu cür bəşəri cinayətlərin cavabı da verilir. Həm də mərd-mərdanə, döyüş meydanlarında. Tarix isə sübut edib ki, soyqırımı törədənin özünün soy-kökü qurumağa məhkumdur.

 

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2022.- 2 aprel.- S.10.