İşğaldan azad edilmiş su mənbələrindən istifadə etməklə məhsuldarlığı artırmaq mümkün olacaq

 

Azərbaycan dünyanın su ehtiyatları az olan ölkələrindəndir. Bolsulu çaylarımız  Kür və Arazın mənbəyi xarici ölkələrdə formalaşır. Bu o deməkdir ki, onların suyundan ilk növbədə başqaları faydalanır. Azərbaycan Cənubi Qafqazın həm əhalisinə, həm də ərazisinə görə ən böyük ölkəsi olsa da, sudan istifadə vəziyyəti buna müvafiq deyil.

Su qıtlığını aradan qaldırmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə  nəhəng hidroqurğuların tikintisi həyata keçirilib. Bu məqsədlə milyardlarla manat vəsait xərclənib. Şəmkirçay, TaxtakörpüTovuzçay su anbarları belə iri layihələrdəndir.  Dövlət başçısı tərəfindən vaxtında görülən tədbirlər sayəsində ölkəmizdə bu sahədə vəziyyət xeyli yaxşılaşıb. Belə ki, həmin hidroqurğular əhalinin və 100 minlərlə hektar əkin sahəsinin suya olan tələbatının ödənilməsini yaxşılaşdırıb.

Azərbaycanda su çatışmazlığını yaradan bir səbəb də torpaqlarımızın 30 il düşmən işğalında qalması idi. Çünki bir çox çaylarımızın mənbəyi Qarabağ bölgəsində formalaşır. Üstəlik, həmin çaylardan səmərəli istifadə etmək üçün bu ərazilərdə vaxtilə bir neçə su anbarları da tikilmişdi.

Ermənilər işğal etdikləri ərazilərdə ölkəmizə qarşı iqtisadiekoloji təxribatlar törətmişlər. Odur ki, Azərbaycan dövlətinin müraciəti əsasında Avropa Şurası Parlament Assambleyası məsələni araşdırıb məruzə hazırlamışdır. Həmin məruzədə Ermənistanın ölkəmizə qarşı ekoloji terror törətməsi öz əksini tapmışdır. Prezident İlham Əliyev cari ilin birinci rübünün nəticələrinə həsr olunan müşavirədə bu barədə demişdir: "İşğal dövründə çaylarımız da ekoloji terrora məruz qalmışdır, çaylarımız da işğal altında idi və düşmən bizi çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən böyük çaylarından biridir. Suqovuşan ermənilərin əlində olduğu üçün yayda suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi. Qışda isə buraxırdılar ki, o da daşqınlara səbəb olurdu".

İndi işğaldan azad edilmiş ərazilərdəki sulardan səmərəli istifadə etməliyik. Bu ərazilərdəki su mənbələri ümumi suvarma təsərrüfatına inteqrasiya olunmalıdır. Həmin yerlərin coğrafi relyefi elədir ki, su öz axarı ilə Ağdam və Bərdə kimi iri rayonların ərazisinə qədər gəlib çata bilir. Bu o deməkdir ki, suyun həmin ərazilərə gətirilməsi üçün əlavə xərc çəkib su qurğularının tikilməsinə ehtiyac yaranmır.

Ermənilər Həkəri, Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay çaylarını, həmçinin Bazarçay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay kimi əsas su mənbələrimizi də 30 il işğal altında saxlamışlar. 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan Xudafərin anbarının, həmçinin Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd su anbarlarının ehtiyatlarından istifadə edə bilməmişdik. Yəni Azərbaycan böyük miqdarda su mənbələrindən məhrum edilmiş, minlərlə hektar əkin sahəsi susuz qalmış, bu da məhsuldarlığa mənfi təsir göstərmişdir. İndi bu çayların suyundan istifadə etmək imkanı yaranıb. Sözsüz ki, həmin ərazilərdəki əkin sahələrindən daha yüksək məhsul götürmək mümkün olacaq.

Dövlət başçısı işğaldan azad edilən ərazilərdəki su mənbələrinin ümumi su təsərrüfatı sisteminə inteqrasiya edilməsinin vacibliyini qeyd edərək demişdir: "Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur".

Bununla yanaşı, Bərgüşad su anbarının yaradılması, həmçinin Zəngilan və ya Qubadlı rayonlarından birinin ərazisində yeni su anbarlarının və kanalların tikilməsi nəzərdə tutulub. Bu da 10 min hektar ərazinin suvarma su ilə təmin edilməsinə imkan yaradacaq. Suqovuşan su anbarının və kanalın təmiri də böyük əkin sahələrinin suvarılmasını təmin edəcək.

Məlumdur ki, suyun bol olması məhsuldarlığa, nəticə etibarı ilə ərzaq təhlükəsizliyinə birbaşa təsir edən amildir. Rusiya-Ukrayna müharibəsi dünyada ərzaq təhlükəsizliyinin nə qədər önəmli olduğunu üzə çıxardı. Digər tərəfdən, dünya bazarında ərzaq məhsullarının qiymətlərinin bahalaşması yerli istehsalın artırılmasını zəruri edir. İşğaldan azad edilən su mənbələrindən səmərəli istifadə etməklə yerli istehsalı artırmaq mümkündür. Bununla biz ərzaq təhlükəsizliyini daha etibarlı şəkildə təmin edə bilərik.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2022.-19 aprel.- S.4.