"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi daha diqqətçəkəndir

 

İstirahət məkanlarımız

 

İki ilə yaxın həyatın bütün sahələrində müəyyən gərginliklər yaradan COVID-19 pandemiyasının qarşısı alındıqca, ictimai həyat öz əvvəllki axarına qayıdır. Bu canlanma respublikamızın turizm sahəsində də özünü büruzə verir. Yazın gəlişi ilə ölkəmizdə istirahətdə, gəzintidə və müalicədə olmaq istəyənlərə əlverişli məqam yaranıb. Görünən odur ki, mövsümlə əlaqədar ölkəmizdəki istirahət mərkəzlərinə gəlmək istəyən  yerli və əcnəbi vətəndaşların sayı gündən-günə çoxalır. İnsanların getmək və istirahət etmək istədikləri ünvanlardan biri də Qəbələdəki "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksidir.

Xatırladaq ki, bu gözəl məkan respublikamızın dilbər guşələrindən olan Qəbələ rayonu ərazisində, Baş Qafqaz silsiləsindədir. Tufandağ 4191 metr hündürlükdədir. Yerli əhalinin söyləməsinə görə, ilin bütün fəsillərində ətraf dağlara nisbətən burada daha çox tufançovğun müşahidə edildiyindən əhali arasında  ona Tufan adı verilmişdir. Coğrafiyaşünaslar tərəfindən də dağ Tufan adı ilə qeydə alınmışdır. Yayılmış dini rəvayətə görə, guya Nuhun gəmisindən qopmuş parçalar bu dağdakı göllərə düşmüşdür. Yağış və çovğun vaxtı həmin parçalar göl sularının səthinə çıxır, hava sakitləşəndə qeyb olur. Təbii ki, bu, sadəcə bir əfsanədir. Ancaq ərazi ilə bağlı  elmiictimai məlumatlar burada istirahətdə olan turistlərin həmişə böyük marağına səbəb olur.

Mənalı istirahət üçün hər cür əlverişli şəraitə malik bu turizm kompleksi Qəbələ şəhərindən təxminən 4 kilometr məsafədə yerləşir. Dağ-xizək idmanı bazasının bilavasitə yaxınlığında yerləşən "Qafqaz Resort" otel kompleksi üç otel binasından, SPA-mərkəzdən, əyləncə parkından ibarət olmaqla, yaz-yay istirahəti üçün bütün imkanlara malikdir. Belə şəraitdə adıçəkilən otel kompleksində qış istirahət məkanının yaradılması, yəni otelin yaxınlığında dağ-xizək idman növləri üçün kompleksin fəaliyyəti, bütün fəsillərdə ekskursiya və digər istirahət imkanlarının mövcudluğu ilə yanaşı turistlərdə xüsusi əhvali-ruhiyyəyə səbəb olur. Digər tərəfdən otel yaxınlığında mövsümi idman növləri ilə məşğul olmaq üçün günün tələblərinə cavab verən şərait yaradılıb.

"Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksinin məqsədi ölkəmizdə il boyu dağ turizmini inkişaf etdirmək, yerlixarici turistlərin yüksək səviyyəli istirahətini təmin etməkdir.

"Riverside", "Qəbələ", "Duruca" və "Yatmış gözəl" kanat yolları ilboyu turistlərin xidmətindədir. Bundan başqa turistlər  enişli-yoxuşlu yollarda xizəklə sürüşməkdən gen-bol istifadə edirlər. Bu yerlərdə ilk dəfə olan, təcrübəsiz turistlər üçün xizəklə sürüşmə təlimi təşkil edilir. İl boyu fəaliyyətdə olan xizəkçilik məktəbində təcrübəli təlimçilər çalışırlar. Dünya standartlarına uyğun yaradılan bu kompleksdə mütəmadi fəaliyyətdə olan uşaq istirahət mərkəzində azyaşlıların vaxtlarının səmərəli təşkili valideynlərdə məmnunluq doğurur.

Xizək yoluna çıxan hər bir qonaq onun üçün məqbul olan enmə zolağını, mailliyini və çətinlik dərəcəsini (yüksək, ortaya aşağı çətinlik dərəcəsi) özü müəyyənləşdirir. Dağ yamaclarının kənarı və ya düzənlik sahələrdə enmə marşrutunun yaradılmasında texnikadan istifadə edilməsi səmərəli üsul olmaqla, xizək sürənlərdə müsbət təcrübənin formalaşmasına səbəb olur.  Dağ-xizək idmanı bazasında enmə marşrutlarının seçimində bu cür sistemin tətbiqi qəza hallarının sayını azaltmaqla, xizək sürənlərin bacarıqlarının kompleks qiymətləndirilməsinə xidmət edir.

Enmə-qalxma yollarında gəzintidə olanlar üçün hava şəraiti (küləyin sürəti və istiqaməti), yamacdan enmə imkanları diqqətdə saxlanılır. Xizək sürənlərin digər yollardan aralı hərəkət etmə imkanları nəzərə alınmaqla, qonaqların seçilən ərazinin əlçatan yerlərinə çatdırılması peşəkarlıqla təmin edilir. Yamaclarda şaquli hündürlük fərqləri və dağ-xizək liftlərinin uzunluğu dağ-xizək zonasının rəqabət qabiliyyətinin əsas meyarlarından hesab olunur.

Xizək yolu sistemi hər bir qonağın ümumi uzunluğu 17 km-dən artıq olan enmə zolağında onun üçün məqbul hesab edilən enmə mailliyini və çətinlik dərəcəsini (ortaya aşağı çətinlik dərəcəsi) seçmək üçün nəzərdə tutulmuşdur. Yamaclar "Everest" markalı xüsusi təyinatlı kipləşdirici qurğuların köməyilə möhkəmləndirilir.

Qeyd olunan ərazidə süni qarın yaradılması, xüsusən də qış fəslinin əvvəlində və qışın orta temperaturunun donma nöqtəsinə çatması  ehtimalı yaranarkən, habelə havanın nisbi rütubəti 80 faizə çatarkən  bütün dağ-xizək yollarının enmə zolaqları süni qarla  təchiz edilir. Havanın temperaturu hətta 20 dərəcə olduğu halda belə ərazidə lazımi miqdarda qar kütləsinin yaradılmasına nail olunur.

 "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi bu günlər daha diqqətçəkəndir. Yaradılan şərait, turistlərə göstərilən nümunəvi xidmət və  mənalı istirahət buraya gələnlərin sayının ildən-ilə artmasına səbəb olur.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2022.- 19 aprel.- S.10.