Dünya Azərbaycanlılarının V Qurultayı iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

 

Dünya Azərbaycanlılarının V Qurultayı iştirakçıları və Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları Fəxri xiyabanı, Birinci və İkinci Şəhidlər xiyabanlarını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə qurultay iştirakçıları və DİDK əməkdaşları Fəxri xiyabanda görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirib, Ulu Öndərin abidəsi önünə əklil qoyulub, gül dəstələri düzüblər.

Sonra qurultay iştirakçıları və DİDK əməkdaşları Birinci və İkinci Şəhidlər xiyabanına gələrək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçiriləcək. Bu mötəbər tədbirdə 65 ölkədən gələn 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edəcək.

 

Azərbaycan.- 2022.- 21 aprel.- S.11.