Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

 

Tarix yazan oğullar

 

Vətən müharibəsi şəhidi Sehriman Əliyevin doğum günündə xatirəsi yad edilib. Şəhidin Füzuli rayonu Aşağı Yağlıvənd kəndində məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Anım mərasimində şəhidin ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, məktəb kollektivi, döyüş yoldaşları, qazilər, veteranlar, kənd sakinləri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Sehrimanın vətənpərvərliyindən və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açıblar. Bildirilib ki, Sehriman 1990-cı il aprelin 17-də anadan olub. Hələ yeniyetmə çağlarından hərbə maraq göstərən Sehriman 2008-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Xidmətini başa vuraraq ordu sıralarından tərxis olan Sehriman bir müddət mülki işdə çalışsa da, 2016-cı ilin Aprel döyüşlərindən sonra öz işindən imtina edərək könüllü ordu sıralarına qayıdıb, tankçı kimi Vətənin keşiyində dayanıb.

Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edən Sehriman düşmən cəbhəsinin yarılmasında xüsusi igidlik göstərib. Sentyabrın 29-da Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.

Sehriman Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Azərbaycan.- 2022.- 22 aprel.- S.10.