Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı işini panel iclasları ilə davam etdirib

 

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər qurultayı aprelin 22-də işini "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" və "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzularında panel iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi" mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, "Sara Xatun" Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin "Star" qəzetinin xarici siyasət yazarı, tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər.

Qeyd edilib ki, Qurultayın məqsədi postmünaqişə reallıqlarında Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin, şəhərlərimizin işğal dövründə yerləyeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasını beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan diasporunun qarşısında böyük vəzifələr dayanır. Diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməlidir, sosial şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycanın taleyinə yönəltməlidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün regionda sülh gündəliyini təqdim edib. Bundan sonrakı çağırışlar yeni üslubda təqdim edilməlidir. Əsas məsələlər Vətən, onun taleyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ana dilinin, tarixin, mədəniyyətin yaşadılması və inkişaf etdirilməsi ilə bağlı olmalıdır.

Qurultay çərçivəsində keçirilən ikinci panel iclası isə "Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri" mövzusunda olub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, "Yaşat" Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü Məsud Aşina, Dünya Bankı və Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimov, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazov və Amerikanın orta qərb ştatları üzrə Azərbaycan mərkəzi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova çıxış ediblər.

Tədbirdə ilk olaraq bildirilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzində olan bu fəaliyyət çox sayda dövlət qurumu, yerlixarici şirkətlərin koordinasiyalı və sistemli işini tələb edir və bərpa işləri ilə bağlı tematik mövzularda işçi qrupları fəaliyyət göstərir. Məsul qurumların əlaqələndirilmiş fəaliyyəti əsasında Böyük qayıdış proqramı Azərbaycanın müqəddəs torpaqlarında bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, onun əsl sahibləri üçün layiqli həyatın təmin olunmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərin bərpasında genişmiqyaslı quruculuq konsepsiyasına start verib. Buraya bir tərəfdən, maddi-mədəni irsin qeydiyyatı və bərpası, infrastruktur layihələrinin gerçəkləşdirilməsi, digər tərəfdən isə, minaların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsidir. Mina problemi quruculuq işləri qarşısında ciddi maneə yaradır. Erməni işğalı nəticəsində ərazilərin minalarla çirkləndirilməsi münaqişə başa çatdıqdan sonra iki yüzdən çox soydaşımızın həyatına son qoyub.

Panel iclasında Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən bəhs edilib, layihələrin dəstəklənməsi üçün dövlət özəl sektorun yatırımları, eləcə ianələrin qəbulu barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan diasporunun üzvləri xaricdən sərmayələrin cəlb olunması, bərpa işlərinin dəstəklənməsi missiyasına yardım göstərilməsi işlərində fəal olmalıdırlar.

Bildirilib ki, hazırda Azərbaycan Qarabağda məskunlaşma üzrə mühüm layihələr həyata keçirir, dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri gerçəkləşdirilir.

Panel iştirakçıları ötən dövrə nəzər salaraq indiyədək keçirilmiş dörd qurultayda məğlub xalqın təmsilçiləri kimi iştirak etdiklərini, Şuşa qurultayında isə ilk dəfə müzəffər xalqın təmsilçiləri olaraq bir araya gəldiklərini, Şuşadakı yüksək əhvali-ruhiyyənin diaspor təşkilatlarına da sirayət etməli olduğunu diqqətə çatdırıblar. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, törədilmiş cinayətlər və vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmalı, eyni zamanda postmüharibə dövründə quruculuq işlərinə investisiyaların cəlb olunması üçün aparılmalıdır.

Panel iclasları bədii hissə ilə davam edib.

 

Azərbaycan.- 2022.- 23 aprel.- S.4.