Sözdə deyil, əməldə əsl dost qayğısı

 

 

Azərbaycan indiyədək Ukraynaya 28 milyon manat dəyərində humanitar yardım göstərib

 

 

 

Müasir Azərbaycan dövləti müxtəlif sahələrdə dünyaya nümunə göstərən ölkələrdən biridir. İqtisadi qüdrəti getdikcə artan dövlətimizin həyata keçirdiyi siyasətin tərkib hissəsindən biri maddihumanitar yardma ehtiyacı olan ölkələrə yardım etmək, əl tutmaqdır.

Ümumiyyətlə isə, humanitar yardımın göndərilməsi müxtəlif fəlakətlərə, məşəqqətlərə düçar olan ölkə ilə həmrəylik nümayiş etdirir ki, bu da bütövlükdə beynəlxalq sabitliyin və əmin-amanlığın güclənməsinə dəstək deməkdir.

Bir vaxtlar özünün humanitar yardımlara ehtiyacı olan Azərbaycan bu gün özü donor ölkəyə çevrilib. Qlobal pandemiya vaxtı Azərbaycanın 80-dən çox ölkəyə maddihumanitar yardımlar etməsi də bunun əyani təzahürüdür. Əlbəttə ki, bu siyasət beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən təqdir edilir.

Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman insan amili dayandığı üçün Azərbaycan dövləti darda olan, köməyə ehtiyacı yaranan başqa ölkələrin vətəndaşlarına da humanitar yardımlarını əsirgəmir. Xüsusən də dost ölkələrdə müəyyən narahatçılıq yarandıqda ilk yardım göstərən dövlətlərdən biri hər zaman Azərbaycan olur. Elə son aylarda Ukraynada yaşanan münaqişə zəminində ölkəni tərk edən əhalinin ehtiyaclarının ödənilməsi istiqamətində də atılan addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin göstərişi ilə dost ölkənin əhalisinə indiyədək 4 dəfə humanitar yardım göndərilib. Sonuncu dəfə humanitar yardım aprelin 21-də reallaşdı. Çəkisi 170 tondan çox olan yardıma 3,37 milyon manat məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1 milyon manat məbləğində qida məhsulları Polşa ərazisində məskunlaşan ukraynalı məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq üçün Varşava Hava Limanına yola salındı.

Azərbaycan Ukraynaya ilk yardımı fevralın 27-də göndərib. O zaman Prezident İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukrayna əhalisinə humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib. Göndərilən dərman vasitələri, tibbi məhsullar cihaz və avadanlıqlardan ibarət yardımın ümumi dəyəri 6 milyon avro məbləğində idi.

Martın 12-də isə qida məhsulları, tibbi ləvazimatlar və dərmanlardan ibarət 380 tonluq, 5,5 milyon avrodan artıq olan yardım təyyarə ilə Ukraynaya çatdırılıb. Yardımın daşınması məqsədilə gün ərzində uçuşlar həyata keçirilib. Növbəti, məbləği 1,7 milyon manatdan çox olan 29 tonluq 3-cü humanitar yardım isə aprelin 15-də Ukraynada yaşanan böhran nəticəsində Moldova Respublikası ərazisinə keçmiş ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən yola salınıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə həyata keçirilən bu addım UkraynaMoldova rəsmiləri tərəfindən yüksək qiymətləndirilib. Onu da qeyd etmək lazımdır ki, hazırda 400 mindən çox ukraynalı qaçqın müvəqqəti olaraq Moldova ərazisində yerləşib.

 

Ümumilikdə, ölkəmizin Ukraynadakı böhranla bağlı göstərdiyi humanitar yardımın ümumi məbləği 27,6 milyon manat (15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

 

Yeri gəlmişkən, Ukraynada münaqişənin başlandığı vaxtdan bu ölkənin Azərbaycandakı səfirliyi azərbaycanlı könüllülərlə birlikdə sadə vətəndaşlar və biznes nümayəndələrinin dəstəyi ilə ölkəni tərk etmiş ukraynalıların ehtiyaclarına uyğun 30 ton humanitar yardım toplamışdı. Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski öz sosial şəbəkə hesabında yığılan yardımın Kiyevə yola salındığını vurğulamışdı. Yardımın yükləndiyi yük maşınlarınn fotosunu paylaşan V.Kanevski həmçinin bildirmişdi ki, qardaş ölkədən edilən humanitar yardım sözlə deyil, əməllə verilən dəstəkdir. Hazırda isə səfirlik humanitar yardımın toplanması üçün Azərbaycan manatı və ABŞ dolları ilə iki xüsusi bank hesabı açıb.

 

Azərbaycan dövlətinin Ukrayna xalqına qarşı göstrdiyi diqqəti dəyərləndirən səfir Vladislav Kanevski mətbuata açıqlamasında bildirib ki, Ukrayna üçün böyük əhəmiyyət daşıyan 7-ci təyyarə yola düşüb. Çox çətin bir məqamda Azərbaycanın göndərdiyi humanitar yardımlar Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın yüksək səviyyəsinin parlaq təsdiqidir: "Bu həqiqətən də ehtiyac duyduğumuz yardımdır. Həmçinin hər iki xalq arasında olan dostluğun növbəti sübutudur". Diplomat bu qayğı və dəstəyə görə Ukrayna xalqı adından Azərbaycan Prezidentinə səmimi minnətdarlığını bildirərək əlaqələrin, münasibətlərin bundan sonra daha da dərinləşəcəyinə əminliyini vurğulayıb.

 

 

Aydan XƏLİLOVA,

Azərbaycan.-2022.- 24 aprel.- S.4.