Gənclərin nüfuzlu xarici universitetlərdə təhsil almalarına imkan yaradılır

 

İnkişaf təhsildən başlayır

 

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən  sonra əksər sahələrdə olduğu kimi, təhsil sahəsində də bir sıra tədbirlər, layihələr və dövlət proqramları həyata keçirildi. Prezidentin 2007-ci il 16 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ölkə vətəndaşlarının dünyanın 32 ölkəsinin 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 təqaüd verildi.

Dövlət başçısının 2018-ci il 11 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nın əsas hədəfi isə qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq respublikada yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Həmin proqram çərçivəsində 4 ikili diplom proqramının icrasına başlanılıb. Bu gün ABŞ-ın Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti və ADA Universiteti, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti, Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin ikili diplom proqramları həyata keçirilir. Yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi üçün bu proqramlar çərçivəsində 127 Azərbaycan gəncinin xaricdə nüfuzlu universitetlərdə və elm mərkəzlərində doktorantura səviyyəsində təhsili maliyyələşdirilir. Həmçinin Azərbaycan gənclərinin xaricdə bakalavriat, magistraturadoktorantura səviyyələrində təhsilinin təşkili istiqamətində hökumətlərarası təqaüd proqramları da həyata keçirilir. Hazırda 700 nəfərə yaxın azərbaycanlı gənc həmin proqramlar çərçivəsində Çin Xalq Respublikası, Latviya, Macarıstan, Qazaxıstan, Rumıniya və digər ölkələrdə təhsil alır.

Bunlardan əlavə, 2016-cı ildən fəaliyyətə başlamış Azərbaycan-Fransız Universitetində geofizika mühəndisliyi, neft-qaz mühəndisliyi, kimya mühəndisliyi və kompüter elmləri olmaqla bakalavriatmagistratura səviyyəsində ikili diplom proqramları reallaşdırılır. Eyni zamanda ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və digər ali təhsil müəssisələrində də ikili diplom proqramları həyata keçirilir.

Dövlət başçısı İlham Əliyevin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafının müasirgüclü təhsilə arxalanmasına, məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Xəbər verildiyi kimi, 2022-ci il fevralın 28-də Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncam dövlət başçısının "Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" 2021-ci il 30 sentyabr tarixli sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Qeyd olunan dövlət proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanıb. Sənəddə qeyd olunub: "Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir".

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriatmagistratura səviyyələrində təhsil almasının təmin edilməsi nəzərdə tutulub. Dövlət proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, onların Azərbaycanın gələcək inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək müasir texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrlar kimi hazırlanmasını təmin etmək dövlət proqramının əsas məqsədidir.

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nda Azərbaycan Respublikası vətəndaşı olan istedadlı, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil almaları nəzərdə tutulub. Bu baxımdan, dövlət proqramına əsasən,  beynəlxalq fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qaliblərinə nüfuzlu xarici ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsi üzrə təhsil almaq istiqamətində, bakalavriat səviyyəsini yüksək nəticələrlə başa vurmuş, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektivli gənclərə isə magistratura səviyyəsində üstünlük veriləcək.

Qeyd edək ki, artıq Təhsil Nazirliyi tərəfindən 2022-2023-cü tədris ili üçün prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"nın müvafiq bəndinə uyğun olaraq müəyyənləşdirilən siyahı hazırlanarkən təhsil müəssisələrinin "Times Higher Education (THE) World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" beynəlxalq reytinqlərindəki sıralamaları, həmçinin "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil təcrübəsi əsas hesab edilib. Bununla da dövlət proqramının 15 prioritet ixtisas sahələrinə (informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər, ictimai səhiyyə, təhsil, ətraf mühit, aviasiyakosmos, dövlət idarəetməsi, nəqliyyat və logistika, energetika, iqtisadiyyat, maliyyə, arxitekturadizayn, kənd təsərrüfatı) uyğun təhsil müəssisələrində bakalavriat və əsas etibarı ilə magistratura səviyyələrində Azərbaycan gənclərinin təhsili üçün imkan yaradılmasına diqqət yetirilib.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 23 aprel.- S.9.