Xalqımızın qürur ünvanı - Hərbi Qənimətlər Parkı

 

 

Müasir tikililəri, yeni prospekt və parkları, habelə muzey və gəzinti yerləri ilə göz oxşayan Bakının,  Xəzərin mirvari boyunbağısı adlandırılan dənizkənarı Sahil bağında bir ildən artıqdır ki, Hərbi Qənimətlər Parkı fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr -

10 noyabr 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi yer alıb. Milli Dənizkənarı Parka yolu düşənlər, Bakıda səfərdə olan əcnəbilər və ya turist kimi ölkəmizə səyahətə gələnlər, COVID-19 pandemiyasının tələb və qaydaları çərşivəsində, nə qədər maraqlı və mənalı yerlərdə olsalar da, bu parkı gəzib-görmədən geri dönmək istəmirlər. Ziyarətçilər arasında bu parkı  muzey adlandıranlar da çox olur.

Tamaşaçıların təəssüratlarından  məlum olur ki, 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixarqürur mənbəyinə çevrilib. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün edib. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla dollar vəsait sərf etdiyi, "keçilməz" dediyi nəhəng istehkamları qısa müddətdə şanlı Azərbaycan əsgəri darmadağın edib. Bir-birinin ardınca şəhər və kəndlərimiz düşmən işğalından azad olunub.  44 gün ərzində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümayiş etdirib.

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısı demişdir: "İkinci Qarabağ müharibəsində  biz Ermənistanın haradasa 4-5 milyard  dollarlıq dəyərində hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir".

Vətən müharibəsi sona çatdıqdan təxminən bir ay sonra - 10 dekabr tarixində Bakıda keçirilən möhtəşəm hərbi paradda Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Bundan iki gün sonra Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin iştirakı ilə Bakıda Hərbi Qənimətlər Parkının açılışı oldu. Demək olar ki, bu park İkinci Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi memarlıq və  qəhrəmanlıq kompleksidir. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan,  məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapıb. "Məğlubedilməz"  Ermənistan Ordusuna aid 522 hərbi yük maşınının nömrələrinin toplandığı xüsusi lövhənin nümayiş etdirildiyi kompleksdə həmçinin, KUB, OSA zenit raket kompleksləri, 150-dək ağır texnika, T-72 tankları, piyadaların döyüş maşınları, 2S1 özüyeriyən artilleriya qurğusu və digər eksponatlar yer alıb. Düşməndən hərbi qənimət kimi götürülən, Ermənistanın anti-Azərbaycan təbliğatının bir hissəsinə çevirdiyi "İskəndər M" tipli raket sisteminin qalıqlarının da nümayiş olunduğu Qənimətlər Parkı "Dəmir yumruq" əməliyyatının tarixi əhəmiyyətini bir daha göstərir. Bir vaxtlar erməni dövlət nümayəndələri bu raketlə öyünür və Azərbaycanı təhdid edirdi. İndi isə onun qalıqları Azərbaycanda, paytaxt Bakıda nümayiş olunur.

Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu mənada parkın ərazisindəki qarşı tərəfin özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi xüsusilə diqqət çəkir. Bu, Azərbaycan əsgərinin dəf etməli olduğu maneələri açıq şəkildə nümayiş etdirir. Məhz bunları gördükdən sonra bir daha əmin olursan ki, döyüşü sadəcə, yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmaq olmaz. Döyüşü əsgərlər, zabitlər aparır. Buna görə də Vətən müharibəsində rəşadət göstərən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız, bu savaşa qoşulan könüllülərimiz döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstəriblər.

Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən, təbii ki, itkilərimiz də oldu. Ancaq qazanılan Qələbə xalqımıza təsəlli oldu. Övladını itirən ata-analar da, həyat yoldaşını son mənzilə dəyanətlə yola salan xanımlar da ağrı-acılarını bir kənara qoyub qazanılan Zəfərdə əzizlərinin, övladlarının, yoldaşlarının payının olması ilə qürurlandılar. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parkın açılışı zamanı dediyi kimi: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı".

Bir məqama da toxunaq: Hərbi Qənimətlər Parkı Azərbaycan xalqı və dost ölkələr üçün qürur yeri olduğu halda, ermənilər üçün göz dağına çevrilib. Müharibə öncəsi "Tezliklə tanklarımız Bakı küçələrində olacaq" deyən erməni tərəfi bu gün hay-küy qaldıraraq Bakıda belə bir parkın yaradılmasını erməni xalqı üçün təhqir adlandırır, beynəlxalq təşkilatlara Azərbaycanın "düşmənçiliyi" haqqında müraciət ünvalamaqdan çəkinmirlər. Əlbəttə, bunlar əbəs cəhdlərdir. Düşmən Qarabağın işğalı faktının ona hansı aqibəti yaşadacağını öncədən düşünməli və görməli idi. Onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bunu zamanında anlamadılar. Azərbaycana qarşı qüvvələr dərk etmədilər ki, onların qarşısında tarixi qəhrəmanlıq ənənələri olan bir xalq, bir dövlət və bu dövlətin qüdrətli sərkərdəsi dayanır.

Heç olmasa bundan sonra Ermənistan və onların siyasi qüvvələri 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəbini təhlil edərək başa düşməlidirlər ki, dünyada haqqı tapdalamağın, başqa xalqın ərazisini, mədəni sərvətini talamağın acı nəticələri olur. Hərbi Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevənlər üçün isə qürur ünvanıdır.

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 24 aprel.- S.9.