"Reket jurnalistikası" ilə məşğul olanların cinayətkar əməlləri ifşa edilməlidir

 

Azərbaycan mətbuatı yarandığı gündən çox çətin sınaqlardan keçib. Tarixin mürəkkəb, qarışıq dönəmlərində də bu peşəyə könül verənlər onun adını uca tutublar.

Maddi sıxıntılarla üzləşdiyi, savadlı kadrların, oxucuların azlığından gileyli olduğu, hürufat, mətbəə problemləri ilə qarşılaşdığı vaxtlarda da Azərbaycan mətbuatı öz sanbalını qoruyub saxlayıb. Jurnalist peşəsini seçənlər vətənin inkişafı, onun parlaq gələcəyi naminə daim yazıb-yaradıblar. Cəmiyyətin, ölkənin uğurlarını da, nöqsan və problemlərini də peşəkarlıqla qələmə alıb işıqlandırıblar.

Jurnalistika tarixən cinayətə və cinayətkarlığa qarşı da mübarizənin ön sıralarında dayanıb. Təəssüf ki, bu gün cinayət əməli olan "reket"lə jurnalistikanın da adının yanaşı işləndiyini eşidib görürük.

Azərbaycanın baş prokuroru Kamran Əliyev "reket jurnalistikası"nın cinayətkar fəaliyyət olduğunu vurğulayıb. Baş prokuror "reket jurnalistikası"nın yalnız jurnalistikaya aid olmadığını da diqqətə çatdırıb: "Reket jurnalistikası da şərti termindir. Əslində, burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələbetmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bu, jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, jurnalistika da deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik. Bu kimi faktları aşkarlayıb, şəxsləri məsuliyyətə cəlb edirik".

Bu gün ölkəmizdə çoxsaylı çap, internet mediası fəaliyyət göstərir. Azərbaycanda media qurumunun, eləcə də xəbər portallarının yaradılmasında  məhdudiyyət yoxdur. Eyni zamanda respublikamızda internetdən, sosial şəbəkələrdən geniş istifadə imkanları mövcuddur. Hər kəs sosial şəbəkələrdə fikirlərini, rəylərini sərbəst ifadə etmək imkanına malikdir.

Amma təəssüf hissi ilə qeyd etməliyik ki, yaranmış bu imkanlardan sui-istifadə edənlər də mövcuddur. Söz azadlığı məsuliyyətsizlik demək deyil. Unutmaq olmaz ki, kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılan məlumatları yalnız dostlarımız oxumur. Müstəqil Azərbaycan dövlətinin inkişafı, dünyada tanınması üçün hər kəs bacardığını etməlidir. Bu mənada həmkarlarımızın üzərinə daha böyük düşür. Jurnalist öz məsuliyyətini dərk etməlidir. Peşə etikasını gözləmək və qanunlara riayət etmək onun həm də peşə, vəzifə borcudur. Unutmaq olmaz ki, hər bir jurnalist yalnız çalışdığı, əmək haqqı aldığı redaksiyanın tapşırıqlarını yerinə yetirən əməkdaş deyil. O, media nümayəndəsi kimi, yazdığı, səsləndirdiyi hər bir sözə, fikrə, eləcə də davranışlarına diqqətlə, məsuliyyətlə yanaşmağı bacarmalıdır.

Digər tərəfdən, jurnalistikanın gücündən öz şəxsi mənafeyi, məqsədləri üçün istifadə edənlər, şər-böhtandan çəkinməyənlər bu peşənin adına xələl gətirirlər. Bəziləri adını jurnalist qoyub bu sahəyə yalnız soyğunçuluq, şantaj edərək pul qazanmaq məqsədilə gəlir. Belələrinin cinayətkar əməlləri ifşa olunmalıdır. Peşəkar jurnalistlərin özləri də bu cür "həmkarlar"a qarşı barışmaz mövqedə dayanmalıdırlar. Bu, üzdəniraq "jurnalistlər"in müqəddəs jurnalistika peşəsinin üzərinə kölgə salmalarına, mənfi rəylər formalaşdırmalarına imkan vermək olmaz. "Reket jurnalistikası" ilə məşğul olanların şantajı ilə üzləşənlər də öz hüquqlarını bilməlidirlər. Belə hallarla qarşılaşanlar dərhal hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

"Reket jurnalistikası" ilə məşğul olanlar çox zaman yalnız ayrı-ayrı vətəndaşları, vəzifəli şəxsləri "ifşa" etməklə, şantaja əl atmaqla kifayətlənmirlər. Onlar bəzən uydurma, yalan xəbərlər yaymaqla, necə deyərlər, düşmənin dəyirmanına su tökürlər. Əsasən bu proseslər sosial mediada baş verir.

Əgər reketlik, şantaj yolu ilə qazanc əldə etmək niyyətində olanlar məqsədlərinə çatmasalar, əksinə bəd əməllərinə görə hüquq-mühafizə orqanları qarşısında cavab vermək məcburiyyətində qalsalar, çəkinəcəklər. Hər kəs bilməlidir ki, reketçilik fəaliyyəti hədə-qorxu ilə tələbetmə faktını təsdiqləyən hərəkətlər, ümumiyyətlə, jurnalistika ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar əməlidir. Və şərəfli jurnalistika peşəsinə xələl gətirən, ləkə vuran bu cür əməllərə qarşı yalnız hüquq-mühafizə orqanları, peşəkar jurnalistlərin özləri, həmçinin şantaja uğrayanlar deyil, bütövlükdə cəmiyyət barışmaz olmalıdır.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.1; 7.