Hacıkənddə Milli Yaylaq Festivalı coşqusu

 

Bu festival Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir

 

 Tarixən əhalisinin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi Azərbaycanın əksər bölgələrində geniş yayılmışdır.

Yay aylarında ölkəmizin düzənlik, aran bölgələrində havaların olduqca isti keçməsini və otlaq sahələrinin, yem mənbələrinin kasadlaşdığını nəzərə alaraq, ənənəvi heyvandarlıqla məşğul olanlar daimi yaşayış yerlərini müvəqqəti tərk edərək, sərin dağlıq ərazilərə, genişbol otlaq sahələrinə köç edərdilər. İnsanlar dağ yaylaqlarının geniş və bərəkətli çəmənliklərində yurdlar qurub ailəlikcə yaşayıb, dincələrdilər. Sənətkarlar, tacirlər, musiqiçilər və demək olar ki, əksər peşə nümayəndələri yaylağı özlərinə yurd seçərdi və yay ayları ərzində yaylaqlar bölgə əhalisinin mədəni və iqtisadi mərkəzinə çevrilərdi. Əminliklə söyləmək olar ki, son yüzilliklərdə bu, artıq birbaşa heyvandarlıqla məşğul olmayan əhalinin də həyat tərzinə çevrilmişdir.

Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği, yaylaqelat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədilə 29-31 iyulda keçirilən İkinci Milli Yaylaq Festivalı başa çatıb. Festival bu il Hacıkənddə yerləşən Xan yaylağında keçirildi. Üç gün davam edən festivalda əski xalq oyunları təşkil edilmiş, yaylaq mətbəx nümunələri hazırlanmış, yerli yorğa atların yarışı keçirilmiş, yaylaqspesifik kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olunmuşdur.

Festival həm yerli, həm də xarici turistlərin izdihamı ilə müşayiət olunub. Əsas məqsəd Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, nadir mədəniyyət nümunələrinin, tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılması idi.

 

 Sənətkarlıq məhsulları diqqət çəkirdi

 

İkinci Milli Yaylaq Festivalı "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun  Fərqli Turizm MMC-nin təşəbbüsü, Mədəniyyət Nazirliyi, KiçikOrta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası və digər dövlət və özəl qurumların tərəfdaşlığı və dəstəyi ilə keçirildi.

Festivalda mikro sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim etmişdilər. Bu məqsədlə festival ərazisində "Sənətkarlıq məhəlləsi" yaradılmışdı. Burada müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və digər məhsullar sərgilənir və satılırdı. Ümumilikdə 100-dən çox mikro sahibkar və sənətkarlar festivalda məhsullarını təqdim edirdilər.

 

22 ölkədən 300-ə yaxın qonaq

 

Etnoqəsəbənin ərazisində yaşayış yurdları, "Cıdır Meydanı", "Yaylaq bazarı", "Sənətkarlıq guşəsi", "Dədə Qorqud ocağı", "Yaylaq yatağı", "Pəhləvan meydanı", "Aşıq Ələsgər ocağı", "Yaylaq süfrəsi" və digər mövzulara həsr olunan guşələr yaradılaraq qonaqların ixtiyarına verilmişdi. Türk dünyasının və Avropa ölkələrinin rəğbətini qazanan festivalda 22 ölkədən 300-ə yaxın qonaq iştirak edirdi. İştirakçılar 3 gün ərzində xarici ölkələrdən dəvət olunmuş etnik musiqi qruplarının ifaları, yerli kollektivlərin çıxışları, aşıq deyişməsi, milli rəqslər, xalq mahnıları, Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyət nümunələri, səhnəciklər və teatral kompozisiyalar, qədim xalq oyunları, milli geyim nümunələri ilə tanış olur və təbiət qoynunda əsl yaylaq həyatı yaşayırdılar. Dədə Qorqudun qonaqları salamlaması, nağaraçılar və qılınc rəqsi, kollektivlərin yürüşü və digər nömrələr qonaqlarda maraq yaradırdı. El şənliyində yaradılan mədəni-etnoqrafik, milli yaylaq oyunları və eko-etnoturizm sahələri qonaqların diqqətini çəkirdi.

Festival iştirakçıları əski xalq oyunlarını izləyib, yaylaq kulinariyasına aid təamlardan da dadıblar. Burada tətbiqi sənət nümunələrinin satış-sərgisi də təşkil olunmuşdu.

 

Bu festival hər il keçiriləcək

 

Festivalda bir tərəfdə yorğaçaparaq at, atüstü milli oyunlar, milli güləş, zorxana, oxatma yarışları keçirilirdi, digər tərəfdə qonaqlar və turistlər arasında kütləvi oyun yarışları - qurşaq, kəndirdartma təşkil olunmuşdu. Azərbaycanda yaşayan müxtəlif etnik qrupların, eləcə də xarici ölkə sənətçilərinin çıxışları festivalın bayram ovqatına əlavə rəng qatmışdı. Həmçinin pəhləvanlar öz məharətlərini nümayiş etdirirdilər. Teatr aktyorları milli adət-ənənələri əks etdirən səhnəciklər göstərirdilər. Tədbir iştirakçılar üçün unudulmaz anlarla yadda qaldı.

Təşkilat komitəsindən bildirildi ki, I və II Milli Yaylaq Festivalı arasında fasilə  3 il olsa da, bundan sonra tədbirin hər il ənənəvi qaydada həyata keçirilməsi nəzərdə tutulur.

 

Unudulmaz anlar yaşandı

 

Sonda festivala qatılan qonaqlardan münasibət öyrəndik. Tədbirə Bakıdan qatılan Rasim Şahbazov deyir ki, tarixi abidələrin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılması müsbət addımdır: "Burada həyatımda unutmayacağım çox önəmli dəyərlər gördüm. II Milli Yaylaq Festivalı deyərdim ki, yüksək səviyyədə təşkil edilib. Buna görə də ölkə rəhbərliyinə təşəkkür edirəm. Ümid edirəm ki, belə festivallar gələcək illərdə daha geniş şəkildə təşkil olunacaq".

Digər iştirakçı Leyla Xasməmmədova isə söyləyir ki, bu tədbir təkcə Hacıkəndin deyil, Azərbaycanın gözəlliklərini, onun təbiətini nümayiş etdirmək üçün bir fürsətdir: "Festivala respublikamızdan, o cümlədən qonşu ölkələrdən çox dəyərli qonaqlar təşrif buyurublar. Hesab edirəm ki, iştirakçılar Hacıkəndin füsunkar təbiətinə heyran qalacaqbu regionun daimi qonaqları olacaqlar. Festival həmçinin Azərbaycanın dostluq və qardaşlıq diyarı olduğunu göstərir".

Milli Yaylaq Festivalına konsert proqramı ilə yekun vuruldu. Beləliklə, II Milli Yaylaq Festivalı minlərlə iştirakçı üçün xoş anlarlaunudulmaz xatirələrlə yaddaşlara həkk olundu və əsl bayram tədbirinə çevrildi.

 

 Elşən YƏHYAYEV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.1; 6.