Erməni anaları etiraza qalxdılar

 

"Övladlarımızın başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsi yolverilməzdir"

 

Düşdüyü ağır sosial-iqtisadi böhrandan hələ də xilas ola bilməyən Ermənistanda siyasi durum getdikcə daha gərgin xarakter almağa başlayır. Mövcud hakimiyyətə qarşı etiraz aksiyalarının çoxalması bunun ən real təsdiqidir.

Etiraza çıxanlar hakimiyyətin siyasətinin yanlış olduğunu və ölkənin sürətlə uçuruma doğru yuvarlandığını bildirir və bu səbəbdən Paşinyan hakimiyyətinin heç də uzun olmayacağını bəyan edirlər. Bütün bunların fonunda Ermənistanda yeni etiraz aksiyalarının başlanılması gözlənilir.

Yaranmış durumdan istifadə etməyə çalışan müxalifət Paşinyan iqtidarına qarşı təzyiqləri artıracaqlarını bildirib. Belə vəziyyətdə hakimiyyət üçün daha bir ciddi problem orduda ölmüş hərbi qulluqçuların valideynlərinin dövlət qurumlarının qarşısında mütəmadi olaraq keçirdikləri aksiyalardır.

Qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri etiraz aksiyasında bildirirlər ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq yüksək templə artır. Orduda problemlər dözülməz həddə çatıb. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir.

Bu yaxınlarda erməni anaları xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporuna müraciət edərək, övladlarının Azərbaycan ərazilərində hərbi xidmətə məcbur edildiyini bildiriblər. Erməni anaların sözlərinə görə, itkin düşən hərbçilər Ermənistan hakimiyyəti tərəfindən fərari kimi təqdim edilir. Müharibə zamanı həlak olan hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna da müraciət ediblər. Erməni anaları övladlarının başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsinin yolverilməz olduğunu bildirir və onların övladlarının boşuna müharibələrdə itirilməsinə qarşı çıxırlar. Onlar, nəhayət ki, bölgəyə sülhün gətirilməsinin vacibliyini vurğulayırlar.

Erməni anaları deyirlər: "Ermənistan cəmiyyəti indi anlayır ki, Azərbaycan öz torpaqlarını geri alıb və həmin əraziləri Ermənistana qaytaran deyil. Övladlarımızın başqa ölkənin torpaqlarında hərbi xidmət keçməsi yolverilməzdir".

Erməni anaları övladlarının Azərbaycan torpaqlarında qanunsuz hərbi xidmətə cəlb edilməməsi üçün Ermənistan hakimiyyətinə güclərinin çatmadığını, buna görə erməni diasporuna ümid bağladıqlarını bildiriblər.

Ölkədə yoxsulluğun dərinləşməsi və ilin əvvəlindən başlamış, dayanmayan inflyasiya fonunda Ermənistan hakimiyyəti müqaviləli hərbçilərin maaşlarının artırılması üçün də gözəçarpan addımlar atmayıb. Hərbçilərin sosial şəraiti yox dərəcəsindədir. Hakimiyyət onların həyatını yaxşılaşdırmaq üçün səylər göstərmir. Hərbi qulluqçu Qagik Surenyan deyib ki, bu gün erməni müqaviləli hərbi qulluqçu ailəsinin minimum yaşayış şəraitini təmin etmək üçün kifayət qədər maaş almır: "Yayda biz ilanların, əqrəblərin içində işləyirik, torpaq və alaq otları ilə mübarizə aparırıq, amma patruldan və ya avtobus sürücüsündən daha az maaş alırıq. Hökumətimiz bütün bunları bilməlidir. Mövqelərdə kreditlər və borclar haqqında düşünürük, maaş çox aşağıdır".

Orduda xəstəlik və səfalətin durmadan genişləndiyi bir vaxtda hərbi qulluqçuları müalicə etmək üçün Ermənistanda nə maddi vəsait, nə də yer çatışır. Bu isə xəstəlikdən ölən erməni əsgərlərinin sayının durmadan artmasına səbəb olur. Qarşıdakı dövr ərzində Ermənistan ordusunda vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Çünki ordunun maddi təminatı üçün Ermənistan hakimiyyətinin bütün resursları tükənmişdir. Belə vəziyyətdə orduda fərarilik hallarının miqyasının daha da genişlənəcəyi gözlənilir.

Bu günlərdə Ermənistan ordusunun hərbi hissələrindən birində komandirin vəzifə səlahiyyətlərini aşması səbəbindən baş verən cinayət nəticəsində tabor komandiri gənc zabiti döyüb. Bildirilir ki, yeni xidmətə başlayan leytenant Armen Manosyan tabor komandirinin qanunazidd hərəkətlərinə və təhqirlərinə etiraz etdiyi üçün döyülüb. Komandanlıq döyülmə faktını ört-basdır etmək istəyir. Fiziki və mənəvi təhqirlərə məruz qalan leytenant A.Manosyan xidmət yerinin dəyişdirilməyəcəyi təqdirdə hərbi prokurorluğa şikayət edəcəyini bildirib.

Yaranan belə acınacaqlı vəziyyətlərdən qorxuya düşən valideynlər indi müxtəlif üsullarla övladlarını hərbi xidmətdən yayındırmağa çalışırlar. Ən geniş yayılmış üsul isə erməni gənclərinin hərbi çağırış yaşına çatmağa az qalmış xarici ölkələrdən birinə, əsasən də Rusiyaya göndərilməsidir. Bu da Ermənistan ordusunun insan resursu baxımından ciddi problemlər yaşamasına təkan verib.

      

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.1; 8.