İndi yaxşı filmlərə daha böyük ehtiyac var

 

"Həyat bir kinoya bənzəyir", "Onun həyatı kino lenti kimi gəlib gözlərim önündən keçdi" və yaxud "Hər şey birdən baş verdi. Sanki bir kinonu seyr edirdim" kimi leksikonumuza daxil olub gündəlik həyatımızda işlətdiyimiz cümlələr kino sənətinin təkcə incəsənətimizin, mədəniyyətimizin bir növü olmadığını, eyni zamanda gerçək həyata daha yaxın olduğunun əyani ifadəsidir. Bütün bunları həm də kinonun yüksək inkişaf yolu keçərək qazandığı uğur da hesab edə bilərik.

Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Onun bir üstünlüyü də əyaniliyində, inandırma gücünə və təsirə malik olmasındadır.

Dünyada hər il dekabrın 28-də Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də LuiOqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər.

Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaqdır. Ona maraq tezliklə sönəcəkdir. Amma tamamilə bunun əksi baş verdi. İnsanların kinoya olan marağı həyata olan maraq qədər artdı. Kino həyatımızın bir hissəsinə çevrildi.

Kino həyata vəsiqə aldıqdan sonra - 1898-ci ildə fransız əsilli fotoqrafkinooperator Aleksandr Mişon tərəfindən Azərbaycanda ilk dəfə "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir neçə sənədli kinosüjetlər çəkildi. Bununla da Azərbaycan kinematoqrafiyasının əsası qoyuldu. Həmin il avqustun 2-də bu filmlər xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara nümayiş etdirilmişdir.

XX əsrin əvvəllərində Azərbaycanda "Arvad", "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar", "Ayaqyalın məhəbbət", "Ölümünə bir saat qalmış", "Arşın mal alan", "Neftin çıxarılması, "Bakıda xalq azadlığı bayramı" kimi bədii və sənədli filmlər çəkilmişdir.

İbrahim bəy Musabəyovun eyniadlı əsərinin motivləri əsasında rejissor Boris Svetlovun çəkdiyi və 1916-cı ildə ekranlaşdırılan "Neftmilyonlar səltənətində" filmi ilə Azərbaycanda ilk tammetrajlı bədii filmin əsası qoyulmuşdur. Filmdə Lütfəli bəy roluna aktyor Hüseyn Ərəblinski çəkilmişdir.

Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal olunduqdan sonra ölkəmizdə kinonun yeni inkişaf mərhələsi başlanmış, kinemotoqrafiya yeni ideologiyanın güclü təbliğat vasitəsinə çevrilmişdir. Reportaj səciyyəli "XI Qızıl Ordu hissələrinin Bakıya gəlişi", "Sovet Azərbaycanının birinci ildönümü", "Bakıda Şərq xalqlarının birinci qurultayı", "Pyotr meydanında iməcilik" və digər xronikal lentlər Sovet Azərbaycanı kinosunun ilk nümunələridir.

 

Milli düşüncə   milli ruhlu ilk kino

 

Kino tariximizin əsası 1895-ci ildə qoyulsa da, əslində, ilk milli kinomuzun tarixi 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi ilə başlayır desək, səhv etmərik. Buna qədər çəkilən filmlərdə milli ruh, düşüncə yox idi desək, qəbahət etmiş olmarıq. Xatırladaq ki, "Arşın mal alan" filmi SSRİ dövründə ilk dövlət mükafatına layiq görülən ekran əsəridir. Sonrakı illərdə Üzeyir bəy yaradıcılığının ən gözəl nümunələrindən olan "O olmasın, bu olsun" filmi çəkilib.

Azərbaycan filminin əsas inkişaf tarixinin 1969-cu ildən sonrakı dövrlə bağlı olması heç təsadüfi deyil. 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında təkamül dövrü başlandı. 1976-cı ildə Ulu Öndər Heydər Əliyev "Kino sənətinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam imzaladı. Bu sərəncama əsasən, o zaman valyuta hesabına kino avadanlıqları alındı. 1970-ci ildən başlayaraq ölkəmizdə bir-birinin ardınca sürətlə yeni  ekran əsərləri yaranmağa başladı. Azərbaycan kinosu özünün yeni inkişaf dövrünə qədəm qoydu. Respublikamızda yeni kinoteatrlar tikildi, kino sahəsində kadrların hazırlanmasına diqqət artdı.

 

 Milli kinomuzun qızıl dövrü

 

Ötən əsrin 70-80-ci illərini milli kinomuzun qızıl dövrü adlandırmaq olar. Bu illərdə bir-birinin ardınca maraqlı, yüksəkkeyfiyyətli kinolar ərsəyə gəldi. Azərbaycan filmləri təkcə respublikamızda yox, SSRİ-nin müxtəlif yerlərində nümayiş etdirilir, geniş tamaşaçı auditoriyası qazanırdı. Hətta filmlər o qədər cəlbedici olurdu ki, tamaşaçılar özlərini film qəhrəmanlarına bənzətməyə çalışırdılar. Tarixi, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər gənc nəslin təlim-tərbiyəsində, onların kamil insan kimi formalaşmasında önəmli rol oynayırdı. Bu gün tamaşaçıların yaddaşına möhrünü vurmuş "Babək", "Nəsimi", "İstintaq", "Dəli kür", "Yenilməz batalyon", "Arxadan vurulan zərbə", "Dədə Qorqud", "Mehman", "Bir cənub şəhərində", "Uzaq sahillərdə", "Böyük dayaq", "Atları yəhərləyin", "Yeddi oğul istərəm", "Ulduz", "Ad günü", "Babamızın babasının babası", "Papaq", "Onu bağışlamaq olarmı?", "Tütək səsi", "Telefonçu qız" adını çəkmədiyimiz onlarca film mədəniyyət tariximizdə əbədiyaşarlıq hüququ almış filmlərdir. O dövrdə çəkilən filmlərdən danışarkən bir faktı da qeyd etmyi vacib sayırıq. Sovet dövründə çəkilən filmləri tamaşaçı yaddaşına həkk olunan filmlər adlandırmaq olar. Tamaşaçılar indi o dövrdə çəkilən filmlərdən sitat gətirir, oradakı sözlərdən, fikirlərdən aforizm kimi istifadə edirlər.

 

 Müstəqillik dövrünün filmləri                     

 

Təəssüf ki müstəqillik dövründə çəkilən filmlər haqqında bunları söyləməkdə çətinlik çəkirik. "Fəryad", Dolu" filmləri istisna olmaqla bu illərdə çəkilən filmlərdən birinin adını hər hansı bir tamaşaçının xatırladığına rast gəlmirik. Bu illərdə çəkilən əksər filmlərdə bir natamamlıq olduğunu ən sadə tamaşaçı belə hiss edir.

Tanınmış serial rejissoru Rövşən İsax bugünkü filmlərdən danışarkən dedi:

- Filmlər o zaman yadda qalan olur ki, tamaşaçı ekranda ona nəql olunan hekayənin təbiiliyinə heyran qalır, izlədiyi filmin qəhrəmanlarını ruhən özünə yaxın hiss edir. Yəni həyat həqiqətləri ilə ekran həqiqətləri vəhdət təşkil edir bu zaman tamaşaçı sözün yaxşı mənasında baxdığı filmə təslim olur, yaddaşına yazılır. Əks təqdirdə tamaşaçıda belə sual yaranır: Mən nəyə baxdım? Hətta tamaşaçı bəzən seyr etdiyi zəmanəyə baxdığını unudur...

Kino günü ilə bağlı görüşüb söhbət etdiyimiz digər mütəxəssislər maraqlı fikirlər səsləndirdilər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev sualımızı cavablandırarkən kinomuzun bu gününü "reanimasiyada yatan ağır xəstə"yə bənzətdi. Xalq artisti onu da dedi ki, "Vəziyyəti ağır olsa da, kinomuz hələ ölməyib. Onu müalicə edib həyata qaytarmaq mümkündür. Cənab Prezidentin son günlər yeni kino agentliyinin yaranması haqqında verdiyi fərman deməyə ümid verir ki, yaxın günlərdə bütün sahələrdə olduğu kimi, kinoda da uğurlu yeniliklərin şahidi olacağıq. Çox ciddi hadisələrin baş verdiyi bir zamanda  yaşayırıq. Xalqımız, dövlətimiz şərəfli tarixi günlərin şahidinə çevrilir. İnanıram ki, ordumuzun qazandığı bu böyük qələbə, torpaqlarımızı azad edərkən qəhrəmanlıq göstərən oğullarımızın həyatı, şücaəti bədii əsərlərə, ekranlara gətiriləcək. Bu qələbə təkcə ordumuzun qələbəsi kimi həyatımızda qalmamalıdır. Həm bu, ədəbiyyatımızın, sənətimizin, musiqimizin qələbəsi olmalıdır".

Kinorejissor Ramiz Həsənoğlu isə bir qədər fərqli düşünür. O, söhbət zamanı bildirdi: "Kinomuz SSRİ dönəmindəki kimi olmasa da, çox uğurlu layihələrə imza atılıb. Xüsusilə Rövşən İsaxın, Rövşən Ağayevin, Namiq Ağayevin gördüyü işlər kinomuzun uğurlu gələcəyindən xəbər verir".

Hər dövrün öz qanunları var. Bu gün insanlar yaradıcılıq biznesi ilə məşğul olurlar. Öz beyinlərinin məhsullarını "bazara" çıxarırlar. Bu bir reallıqdır ki, bütün sahələrdə olduğu kimi, "kino bazarı" da öz şərtlərini bu fəaliyyət növü ilə məşğul olanlara diktə edir. Kino ilə məşğul olan insanlar da o şərtləri qəbul etmək məcburiyyətində qalırlar.

Bu məqamda haqlı olaraq ənənəvi sual yaranır: Sənət sənət üçün olmalıdır, ya bazar qanunlarına tabe edilməlidir? Rejissor Rövşən İsax sualımızı belə cavablandırdı:

- Bizim bir atalar sözümüz var. Deyir, "malın mal olunca, bazarın bazar olsun". Yəni bazar tələbkar bazar olsa, sənət bazara işləyəndə, əslində, həm də sənət üçün işləyəcək. Bu gün Azərbaycanda neçə kinoteatr var? Barmaqla saymaq olar. Onun da böyük əksəriyyəti Bakıda yerləşir. Gəncədə və digər böyük şəhərlərdə, ümumiyyətlə, birya iki kinoteatr ola, ya olmaya. Yəni artıq biz sənətin bazara işləməyindən danışa bilmərik. Qaldı sənətin sənət üçün işləməyi... Sənət üçün çəkiləcək filmə maliyyə qaynağı tapmaq günün günorta çağı çıraqla nəsə axtarmağa bənzəyir. Ona görə də ilk sualınıza cavabımda dedim ki, kinomuzun yaxşı gələcəyinə ümid edək. Həm bazar olsun, həm sənət.

Bu gün Azərbaycanda kino günüdür. Ömrünü bu sənətə həsr etmiş, adını milli mədəniyyətimizin tarixinə, xalqımızın yaddaşına yaza bilmiş sənətkarlar var. Peşələri ilə qürur duyan, onu yaşadan və yaşaması üçün çalışan kino işçilərini peşə bayramları münasibətilə təbrik edirik.

 

 Elşən QƏNİYEV

 

Azərbaycan.- 2022.- 2 avqust.- S.7.